NAMAZ VƏ ORUC RİSALƏSİ
- NAMAZ
- Vacib namazlar
- Gündəlik vacib namazlar
- Sübh namazının vaxtı
- Zöhr və əsr namazlarının vaxtı
- Məğrib və işa namazlarının vaxtı
- Namaz vaxtlarının hökmləri
- Namazların ardıcıllığı
- Müstəhəb namazlar
- Qiblə
- Namazda örtünmə
- Namaz qılınan məkanın şərtləri
- Məscidin hökmləri
- Azan və iqamə
- Namazın vacib əməlləri
- 1. Niyyət
- 2. Qiyam
- 3. Təkbirətul-ehram
- 4. Qiraət
4. Qiraət
Məsələ 172. Gündəlik vacib namazların birinci və ikinci rəkətlərində əvvəlcə “Həmd” və ondan sonra ehtiyat-vacibə görə, tam bir “Surə” oxunmalıdır.
Məsələ 173. Qiraət “qeyri-rükn”dür. Yəni əgər bilərəkdən tərk olunarsa, namaz düzgün deyildir. Amma əgər diqqətsizlik üzündən və ya səhvən olarsa, namaz düzgün sayılır.
Məsələ 174. Əgər namaz vaxtı dar olarsa, “Surə” oxunmamalıdır.
Məsələ 175. Əgər bir şəxs səhvən “Surə”ni “Həmd”dən qabaq oxusa və rükuya getməmişdən öncə bu səhvini başa düşsə, “Həmd”i oxuduqdan sonra “Surə”ni yenidən oxumalıdır. Amma əgər “Surə”ni oxuduğu zaman səhvini başa düşsə, “Surə”ni kəsməli və “Həmd”i oxuduqdan sonra “Surə”ni əvvəldən oxumalıdır.
Məsələ 176. Əgər bir şəxs “Həmd” və “Surə”ni və ya onlardan birini oxumağı unutsa və rüku etdikdən sonra bunu başa düşsə, onun namazı düzgündür.
Məsələ 177. Əgər bir şəxs rükuya getməmişdən qabaq “Həmd” və “Surə”ni və ya təkcə “Surə”ni oxumadığını başa düşsə, onu oxumalı və sonra rükuya getməlidir. Əgər təkcə “Həmd”i oxumadığını başa düşsə, “Həmd”i oxumalı, sonra “Surə”ni yenidən oxumalıdır. Həmçinin əgər rüku həddində əyilməmişdən qabaq “Həmd”i və ya “Surə”ni və ya onların hər ikisini oxumadığını başa düşsə, ayağa qalxıb eyni qaydada əməl etməlidir.
Məsələ 178. Vacib namazlarda vacib səcdəsi olan ayələrin yerləşdiyi surələri oxumağa icazə verilmir. Əgər bir şəxs bilərəkdən və ya səhvən bu surələrdən birini oxusa və səcdə ayəsinə çatsa, ehtiyat-vacibə görə, tilavət səcdəsini yerinə yetirməli və ayağa qalxmalıdır. “Surə” başa çatmadığı təqdirdə, onu başa çatdırmalı və namazı qılıb qurtardıqdan sonra onu yenidən qılmalıdır. Amma əgər bir şəxs səcdə ayəsinə çatmamışdan qabaq bunu başa düşsə, ehtiyat-vacibə görə, bu “Surə”ni kəsməli və başqa bir “Surə” oxumalıdır. Namazı qılıb qurtardıqdan sonra onu yenidən qılmalıdır.
Məsələ 179. Əgər bir şəxs namaz qıldığı əsnada səcdə ayəsini eşidərsə, onun namazı düzgündür. O, səcdə ayəsini eşitdikdən sonra səcdə etmək əvəzinə səcdəyə işarə etməli, sonra namazını davam etdirməlidir.
Məsələ 180. Əgər bir şəxs “Həmd”i oxuduqdan sonra “İxlas” və ya “Kafirun” surələrini oxumağa başlasa, onu kəsib başqa bir “Surə” oxuya bilməz. Amma əgər bir şəxs cümə namazında unutqanlıq üzündən “Cümə” və “Munafiqun” surələrinin yerinə bu surələrdən birini oxusa, onu kəsib “Cümə” və “Munafiqun” surələrini oxuya bilər.
Məsələ 181. Əgər bir şəxs namazda “İxlas” və “Kafirun” surələrindən qeyri bir surəni oxusa, bu surənin yarısını keçmədiyi təqdirdə, onu kəsib başqa bir surə oxuya bilər.
Məsələ 182. Əgər bir şəxs oxumaqda olduğu surənin bir hissəsini unutsa, yaxud vaxtın darlığına və ya başqa bir səbəbə görə surəni oxumağı başa çatdıra bilməsə, həmin surəni kəsməli və başqa bir surəni oxumalıdır. Bu halda surənin yarısını keçib-keçməməyin, yaxud bu surənin “İxlas” və “Kafirun” surələri olub-olmamasının bir fərqi yoxdur.
Məsələ 183. Müstəhəb namazlarda “Surə” oxumaq vacib deyildir. Hətta əgər bir müstəhəb namaz nəzir etmək nəticəsində vacib olsa belə, bu namazda “Surə” oxumaq vacib deyildir. Amma xüsusi bir surənin oxunması vurğulanan müstəhəb namazları (məsələn, valideyn üçün olan namazı) qaydası üzrə qılmaq istədikdə, həmin surə oxunmalıdır.
Məsələ 184. Namazın üçüncü və dördüncü rəkətlərində bir dəfə “təsbihati-ərbə`ə” demək, yəni “Subhanəllah, vəl-həmdu lilləh, və la ilahə illəllah, vəllahu əkbər” zikrini bir dəfə demək kifayət edir. Amma üç dəfə demək ehtiyat-müstəhəbə müvafiqdir. Əlbəttə, “təsbihati-ərəbə`ə”nin yerinə “Həmd”i də oxumaq olar.
Məsələ 185. Əgər bir şəxs “təsbihati-ərəbə`ə”ni dediyini bilsə, amma neçə dəfə dediyini bilməsə, onun üzərinə heç bir vəzifə düşmür. Amma rükuya getməmiş ən az sayı götürə bilər və “təsbihati-ərəbə`ə”ni üç dəfə dediyinə yəqin etmək üçün onu təkrar edə bilər.
Məsələ 186. Əgər bir şəxs adəti üzrə namazın üçüncü və dördüncü rəkətlərində “təsbihati-ərəbə`ə”ni deyirsə, amma “Həmd”i oxumağı qərara alarsa, buna baxmayaraq, bu qərarına diqqət etməyib öz adəti üzrə “təsbihati-ərəbə`ə”ni deyərsə, onun namazı düzgündür. Həmçinin əgər bir şəxs adəti üzrə namazın üçüncü və dördüncü rəkətlərində “Həmd”i oxuyursa, amma “təsbihati-ərəbə`ə”ni deməyi qərara alarsa, buna baxmayaraq, bu qərarına diqqət etməyib öz adəti üzrə “Həmd”i oxuyarsa, onun namazı düzgündür.
Məsələ 187. Əgər bir şəxs namazın üçüncü və dördüncü rəkətlərində diqqətsizlik üzündən “Həmd” və “Surə”ni oxusa, yaxud namazın birinci və ya ikinci rəkətində olduğunu düşünüb “Həmd” və “Surə”ni oxusa və bunu rükuda və ya rükudan sonra başa düşsə, onun namazı düzgündür.
Məsələ 188. Əgər bir şəxs ayaq üstə ikən “Həmd”i və ya “təsbihati-ərəbə`ə”ni oxuyub-oxumadığına şəkk etsə, o, “Həmd”i və ya “təsbihati-ərəbə`ə”ni oxumalıdır. Amma əgər rükudan qabaq deyilən müstəhəb istiğfarı deyərkən “təsbihati-ərəbə`ə”ni oxuyub-oxumadığına şəkk etsə, onu oxuması lazım deyildir.
Məsələ 189. Əgər bir şəxs üçüncü və dördüncü rəkətlərin rükusunda “Həmd”i və ya “təsbihati-ərəbə`ə”ni oxuyub-oxumadığına şəkk etsə, o öz şəkkinə etina etməməlidir. Amma əgər rükuya gedərkən və rüku həddində əyilməmişdən qabaq bu şəkki etsə, ehtiyat-vacibə görə, ayağa qalxıb “Həmd”i və ya “təsbihati-ərəbə`ə”ni oxumalıdır.
Məsələ 190. Sübh, məğrib və işa namazlarının birinci və ikinci rəkətlərində “Həmd” və “Surə”ni ucadan oxumaq vacibdir. Zöhr və əsr namazlarının birinci və ikinci rəkətlərində “Həmd” və “Surə”ni astadan oxumaq həm kişiyə, həm də qadına vacibdir.
Məsələ 191. Qadın sübh, məğrib və işa namazlarının birinci və ikinci rəkətlərində “Həmd” və “Surə”ni ucadan və ya astadan oxuya bilər. Amma əgər naməhrəm kişi onun səsini eşidirsə, astadan oxuması daha yaxşıdır.
Məsələ 192. Namazın üçüncü və dördüncü rəkətlərində “Təsbihati-ərbə`ə” və ya “Həmd” astadan oxunmalıdır. Əgər bir şəxs “Həmd”i oxuyursa, ehtiyata görə, “Bismilləhir rahmənir rahim”i də astadan deməlidir.
Məsələ 193. Namazların birinci və ikinci rəkətlərində astadan və ya ucadan oxumağın vacibliyi “Həmd” və “Surə”nin qiraətinə, üçüncü və dördüncü rəkətlərdə isə astadan oxumağın vacibliyi “Həmd” və ya “Təsbihati-ərbə`ə”nin qiraətinə aiddir. Amma rüku və səcdənin zikrlərini, təşəhhüdü və salamları, həmçinin gündəlik vacib namazların digər zikrlərini həm ucadan, həm də astadan oxumaq olar.
Məsələ 194. Gündəlik vacib namazlarda ucadan və ya astadan oxumağın vacibliyi baxımından əda namazı ilə qəza namazı arasında – hətta ehtiyat qəza namazı olsa belə – fərq yoxdur.
Məsələ 195. Ucadan oxumağın meyarı səsin cövhərini (cingiltisini) aşkar etməkdən ibarətdir. Astadan oxumağın meyarı isə səsin cövhərini aşkar etməməkdir (bir növ pıçıltı ilə oxumaqdır), baxmayaraq ki, namaz qılan şəxsin kənarında dayanan başqa bir şəxs onun səsini eşidir.
Məsələ 196. Əgər bir şəxs səsini adi həddən çox qaldıraraq “Həmd” və “Surə”ni oxusa, məsələn, fəryad çəkərək oxusa, onun namazı pozulur.
Məsələ 197. Əgər bir şəxs namazın ucadan oxunan “qiraət”ini bilərəkdən astadan oxusa və ya astadan oxunan “qiraət”ini bilərəkdən ucadan oxusa, onun namazı düzgün deyildir. Amma əgər unutqanlıq üzündən və ya məsələni bilmədiyinə görə belə etsə, onun namazı düzgündür. Əgər o, “Həmd” və “Surə”ni və ya “Təsbihati-ərbə`ə”ni oxuyarkən səhvini başa düşsə, səhvən ucadan və ya astadan oxuduğu hissəni yenidən oxuması lazım deyildir.
Məsələ 198. Namazın sözlərini tələffüz etmək və dildə demək vacibdir. Odur ki, onları yalnız ürəkdən keçirmək kifayət etmir. Namazın sözlərini tələffüz etməyin göstəricisi isə odur ki, əgər bir şəxs ağır eşitmirsə və ya ətrafdakı səslər ona mane olmursa, o öz dediyni eşitsin.
Məsələ 199. Lal insan, yəni danışmaq qabiliyyətinə malik olmayan bir şəxs əgər namazı işarə ilə qılsa, namazı düzgündür.
Məsələ 200. Namazın sözləri düzgün və səhvsiz tələffüz edilməlidir. Əgər bir şəxs namazın sözlərini düzgün tələffüz etməyi heç bir vəchlə öyrənə bilmirsə, bacardığı şəkildə tələffüz etsin. Amma ehtiyat-müstəhəb odur ki, bu şəxs namazını camaatla qılsın.
Məsələ 201. Əgər bir şəxs “Həmd” və “Surə”ni, yaxud namazın digər sözlərini və zikrlərini yaxşı bilmirsə, amma onları öyrənə bilərsə, namazın vaxtı geniş olduğu təqdirdə onları öyrənməlidir. Amma əgər namazın vaxtı dardırsa, namazı camaatla qılmaq mümkün olduğu təqdirdə, ehtiyat-vacibə görə, namazını camaatla qılmalıdır.
Məsələ 202. Ümumiyyətlə, qiraətin (yəni oxunuş və tələffüzün) düzgünlüyü meyarı hərflərin hərəkələrini düzgün oxumaq və sükuna riayət etmək, həmçinin hərfləri öz məxrəcindən tələffüz etməkdir, belə ki, ərəbdillilər başqa bir hərfin deyil, məhz həmin hərfin tələffüz edildiyini söyləsinlər. Təcvid qaydalarına isə riayət etmək vacib deyildir.
Məsələ 203. Əgər bir şəxs “Həmd” və “Surə”nin hansısa bir kəlməsini bilmirsə, yaxud bilsə də, bilərəkdən onu demirsə, yaxud hansısa bir hərfin yerinə bilərəkdən başqa bir hərfi deyirsə, məsələn, “ض” hərfinin yerinə “ز” hərfini deyirsə, yaxud kəlmələrin “hərəkələr”ini dəyişirsə və ya təşdidə riayət etmirsə, onun namazı düzgün deyildir.
Məsələ 204. Əgər bir şəxs “Həmd” və “Surə”ni və ya namazın digər zikrlərini səhv tələffüz edibdirsə, məsələn, “yuləd” sözünü “yulid” olaraq tələffüz edibdirsə, “müqəssir cahil”[1] olduğu təqdirdə, ehtiyat-vacibə görə, onun namazı düzgün deyildir. Amma əgər “qasir cahil”[2] olubsa və həmin tələffüzün düzgün olduğunu düşünübsə, onun namazı düzgündür.
Məsələ 205. Əgər bir şəxs “Həmd” və “Surə”ni oxuyarkən bir ayəni digər ayəyə birləşdirərsə, əvvəlki ayənin axırıncı hərəkəsini tələffüz etməsi vacib deyildir. Məsələn, əgər o, “Maliki yəvmiddin” ayəsində “yəvmiddin” kəlməsinin axırıncı hərəkəsini deməsə və fasiləsiz olaraq “İyyakə nə`budu və iyyakə nəstə`in” desə, bunun iradı yoxdur. Bu, “sükunlu vəsl” adlanır. Ayənin təşkil olunduğu kəlmələrin axırıncı hərəkəsi barəsində də hökm eynidir, baxmayaraq ki, burada “sükunlu vəsl” etməmək ehtiyat-müstəhəbə müvafiqdir.
Məsələ 206. Bir ayənin ifadələri arasında dayanmaq və fasilə etmək əgər cümlənin bütövlüyünə xələl gətirməzsə, bunun iradı yoxdur. Məsələn, “Ğəyril məğzubu ələyhim” ifadəsindən sonra bir qədər dayanıb, daha sonra “Vələzzallin” ifadəsini deməyin iradı yoxdur.
Məsələ 207. Əgər bir şəxs bir ayəni oxumağa başladıqdan sonra əvvəlki ayəni düzgün oxuyub-oxumadığına şəkk etsə, o öz şəkkinə etina etməsin. Həmçinin əgər bir ayənin bir cümləsini deyərkən əvvəlki cümləni düzgün deyib-demədiyinə şəkk etsə, məsələn, “İyyakə nəstə`in” cümləsini deyərkən “İyyakə nə`budu” cümləsini düzgün deyib-demədiyinə şəkk etsə, öz şəkkinə etina etməsin. Əlbəttə, düzgün tələffüz edib-etmədiyinə şəkk etdiyi kəlmə və ifadəni ehtiyat üzrə yenidən desə, bunun maneəsi yoxdur.
Məsələ 208. “Həmd” və “Surə”ni oxuyarkən və ya “təsbihati-ərbə`ə”ni deyərkən bədən hərəkətsiz olmalıdır. Əgər şəxs bir qədər irəli və ya geri hərəkət etmək istəsə, yaxud bədənini bir qədər sağa və ya sola hərəkət etdirmək istəsə, deməkdə olduğu zikri hərəkət zamanı dayandırmalıdır.
Məsələ 209. Namazın birinci rəkətində “Həmd”i oxumağa başlamamışdan qabaq “Əuzu billahi minəş-şəytanir-rəcim” cümləsini demək müstəhəbdir. Zöhr və əsr namazlarının birinci və ikinci rəkətlərində “Bismilləhir rahmənir rahim” ayəsini ucadan demək müstəhəbdir. “Həmd” və “Surə”ni tələsmədən oxumaq və hər ayənin axırında vəqf etmək, yəni bir ayəni sonrakı ayəyə birləşdirməmək müstəhəbdir. “Həmd” və “Surə”ni oxuyarkən ayələrin mənasına diqqət yetirmək tövsiyə olunur. “Həmd” surəsi oxunduqdan sonra “Əl-həmdu lilləhi rabbil-aləmin” zikrini demək – istər camaat namazında, istərsə də tək halda qılınan namazda olsun, yaxud şəxs istər imam-camaat, istərsə də məmum olsun – müstəhəbdir. “İxlas” surəsi oxunduqdan sonra isə bir, ya iki və ya üç dəfə “Kəzalikəllahu Rabbi” zikrini demək müstəhəbdir. “Həmd”i oxuduqdan sonra, həmçinin “Surə”ni oxuduqdan sonra bir an dayanmaq və sonra namazı davam etdirmək tövsiyə olunur.
Məsələ 210. Namazın üçüncü və dördüncü rəkətlərində “təsbihati-ərbə`ə”dən sonra istiğfar etmək, yəni Allahdan bağışlanma diləmək müstəhəbdir. Məsələn, “Əstəğfirullahə Rabbi və ətubu iləyhi” və ya “Əllahummə iğfir li” zikrlərini demək olar.
Məsələ 211. Gündəlik namazların heç birində “İxlas” surəsini oxumamaq məkruhdur. Həmçinin “İxlas” surəsi istisna olmaqla, bir namazın iki rəkətində eyni “Surə”ni oxumaq məkruhdur.
Məsələ 212. Bütün namazların birinci rəkətində “Qədr” surəsini və ikinci rəkətində “İxlas” surəsini oxumaq müstəhəbdir.
[1] Müqəssir cahil – o şəxsdir ki, öz cəhalətini, yəni “bilmədiyi”ni bilir və bu cəhaləti aradan qaldırmağın yollarını da bilir, amma şəriəti öyrənməyə səhlənkar yanaşır.
[2] Qasir cahil – o şəxsdir ki, ümumiyyətlə, öz cəhalətindən xəbərsizdir, yəni bilmədiyini bilmir, yaxud da öz cəhalətindən xəbərdar olsa da, onu aradan qaldırmağa bir yolu yoxdur.
- 5. Rüku
- 6. Sücud
- 7- Təşəhhüd
- 8- Salam
- 9- Tərtib
- 10- Muvalat
-
- Qunut
- Namazın təqibatı
- Namazın tərcüməsi
- Namazı pozan işlər
- Namazın şəkləri
- Səhv-səcdəsi
- Unudulan səcdə və ya təşəhhüdün qəzası
- Müsafir namazı
- Qəza namazı
- Əcir namazı
- Ata və ananın qəza namazları
- Ayat namazı
- Fitr və Qurban bayramı namazı
- Camaat namazı
- Cümə namazı
-
- ORUC