BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
-
BİRİNCİ FƏSİL: HƏCCƏTUL-İSLAM
-
Həccətul-islamın vacib olmasının şərtləri
-
Ağıl və həddi-büluğ
Ağıl və həddi-büluğ
Məsələ 27. Həccətul-islamın vacib olmasının birinci şərti “ağıl”dır. Deməli, dəli insana həcc vacib olmur.
Məsələ 28. Həccətul-islamın vacib olmasının ikinci şərti “həddi-büluğ”dur. Deməli, həddi-büluğa çatmayan şəxsə, hətta həddi-büluğa çatmasına az qalsa belə, həcc vacib olmur. Əgər həddi-büluğa çatmayan bir şəxs həcci yerinə yetirsə, onun həcci düzgündür, amma həccətul-islam üçün kifayət etmir.
Məsələ 29. Əgər həddi-büluğa çatmayan bir oğlan ehram bağlasa, bundan sonra həddi-büluğa çatdığı bir halda “məş`ərul-həram”da (muzdələfədə) vuquf etsə, mustəti olduğu təqdirdə, onun yerinə yetirdiyi həcc “həccətul-islam” üçün kifayət edir.
Məsələ 30. Əgər həddi-büluğa çatmayan şəxs ehram bağlasa və ehram bağlayan şəxsə haram olan işlərdən birini yerinə yetirsə, bu haram iş ov olduğu təqdirdə, bu işin kəffarəsi həmin şəxsin başçısının öhdəsindədir. Amma başqa kəffarələrə gəlincə, göründüyü qədər bu kəffarələri vermək nə onun başçısına vacib olur, nə də ki, həddi-büluğa çatmayan şəxsin malından onları vermək vacib olur.
Məsələ 31. Həddi-büluğa çatmayan şəxsin qurbanlığının xərci onun başçısının öhdəsindədir.
Məsələ 32. Vacib həcdə qadın üçün ərinin icazəsi şərt deyildir. Deməli, ər razı olmasa belə, həcc qadına vacib olur.
Məsələ 33. Mustəti şəxsin həccətul-islamı yerinə yetirməsi üçün onun valideyninin icazəsi şərt deyildir.
-
İstitaət
İstitaət
Məsələ 34. Həccətul-islamın vacib olmasının üçüncü şərti “istitaət”dir. İstitaət bir neçə məsələni əhatə edir:
a) Mal istitaəti;
b) Bədən istitaəti;
c) Yol istitaəti (yolların təhlükəsiz olması);
d) Zaman istitaəti.
Bunların hər biri sonrakı məsələlərdə izah olunur.
a) Mal istitaəti
Məsələ 35. Mal istitaətinin özü bir neçə məsələdən təşkil olunur:
1- Yol azuqəsi və minik;
2- Səfər zamanı ailənin dolanışıq xərci;
3- Yaşayışda ehtiyac duyulan şeylər;
4- Həcdən qayıtdıqdan sonra normal səviyyədə yaşayış.
1- Yol azuqəsi və minik
Məsələ 36. “Yol azuqəsi” dedikdə, səfərdə ehtiyac olan hər bir şey, o cümlədən yemək, içmək və başqa vasitələr nəzərdə tutulur. “Minik” dedikdə isə yol qət etmək üçün lazım olan nəqliyyat vasitəsi nəzərdə tutulur.
Məsələ 37. Yol azuqəsi və miniyi olmayan, habelə bunları əldə etmək üçün malı-pulu olmayan şəxsə həcc vacib olmur, baxmayaraq ki, işləmək və ticarət etməklə bunları əldə edə bilər.
Məsələ 38. Həccin vacib olmasında insanın öz vətəninə və ya nəzərdə tutduğu başqa bir yerə qayıtması üçün yol xərcinə sahib olması da şərtdir.
Məsələ 39. Əgər bir şəxsin həccə getməyə malı-pulu yoxdursa, amma ondan borc alan şəxs borcunu geri qaytardığı təqdirdə, onun həccə gedib-qayıtmasının xərci təmin olunacaqsa və ya tamamlanacaqsa, borcu geri almağın vaxtı çatdığı və ya vaxtın ötdüyü, habelə borc alan şəxsin borcu qaytarmağa maddi imkanı çatdığı və borcu geri istəmək də borc verən şəxs üçün bir çətinlik yaratmayacağı təqdirdə, bu şəxs borcu geri istəməlidir.
Məsələ 40. Əgər qadının mehriyyəsi həccin xərcləri üçün yetərlidirsə və əri mehriyyəni ona borcludursa, mehriyyəni verməyə ərin maddi imkanı olmadığı təqdirdə, qadın mehriyyəni ərindən tələb edə bilməz və o, mustəti deyildir. Amma əgər ərin maddi imkanı vardırsa və mehriyyəni tələb etməyin də qadın üçün bir fəsadı yoxdursa, bu halda qadın mehriyyəni ərindən almalı və həccə getməlidir. Yox əgər mehriyyəni tələb etməyin qadın üçün bir fəsadı olacaqdırsa, məsələn, ər-arvad arasında dava düşəcək və bu da talaqla nəticələnəcəkdirsə, mehriyyəni tələb etmək qadına vacib olmur və o, mustəti deyildir.
Məsələ 41. Əgər bir şəxsin həccin xərclərini ödəyəcək qədər pulu yoxdursa, amma borc alıb həccə gedə bilər və sonra borcunu asanlıqla qaytara bilərsə, borc alıb özünü mustəti etmək ona vacib deyildir. Amma əgər borc alsa, həcc ona vacib olur.
Məsələ 42. Bir şəxsin borcu vardır, eyni zamanda təkcə həccin xərclərini ödəyəcək qədər pulu vardır. Əgər borcun qaytarılması üçün vaxt təyin olunubsa və bu şəxs də vaxt çatdıqda borcu qaytarmağa maddi imkanının olacağına əmindirsə, ona həccə getmək vacib olur. Yaxud da əgər borcu qaytarmağın vaxtı çatıbdırsa, amma borc verən şəxs borcun bir qədər gec qaytarılmasına razıdırsa, digər tərəfdən də bu şəxs borc geri istənildiyi zaman onu qaytarmağa qadir olacağına əmindirsə, ona həccə getmək vacib olur. Bu iki haldan qeyri halda isə həcc ona vacib olmur.
Məsələ 43. Əgər bir şəxsin ailə qurmağa ehtiyacı vardırsa və ailə qurmadığı təqdirdə, o, böyük çətinliyə və ya əziyyətə düşəcəkdirsə və hazırda da ailə qura bilərsə, bu şəxs həccin xərclərindən əlavə, ailə qurmağın da xərclərinə malik olduğu halda mustəti olur.
Məsələ 44. Əgər bir şəxsin mustəti olduğu ildə avtomobil, təyyarə və ya başqa nəqliyyat vasitələrinin biletlərinin qiyməti adi qiymətlərdən yuxarı olsa, heç bir çətinliyə və əziyyətə düşmədən artan qiyməti ödəməyə onun maddi imkanı çatdığı təqdirdə, o, bu qiyməti ödəyib həccə getməlidir. Bahalıq və qiymətlərin artması istitaətə xələl gətirmir. Amma əgər artan qiyməti ödəməyə onun maddi imkanı çatmırsa və ya bu qiyməti ödəmək onu çətinlik və əziyyətə salacaqdırsa, ona bu qiyməti ödəmək vacib olmur və o, mustəti deyildir. Həcc səfərində ehtiyac olan başqa şeyləri almaq və ya icarəyə götürməyin də hökmü eynidir. Həmçinin əgər bir şəxs öz malını ucuz qiymətə satmaq və əldə etdiyi pulu həcc ziyarətinə sərf etmək istəsə, bu hökm ona da şamildir.
Məsələ 45. Həcc üçün istitaətin mövcud olmasının meyarı, camaatın nəzərində normal sayılan bir şəkildə həcci yerinə yetirməkdir. Əgər bir şəxs onun üçün belə bir istitaətin olmadığını düşünürsə, amma bir qədər araşdırdığı və cəhd göstərdiyi təqdirdə, onun hazırkı maddi durumu ilə həcc üçün mustəti olmağa bir yol tapa biləcəyini ehtimal edirsə, araşdırma aparması vacib deyildir. Amma əgər bir şəxs mustəti olub-olmadığına şəkk edirsə və mustəti olub-olmadığını öyrənmək istəyirsə, göründüyü qədər o, öz maddi durumunu araşdırmalıdır.
2- Səfər zamanı ailənin dolanışıq xərci
Məsələ 46. Həcdən geri qayıdanadək ailənin dolanışıq xərclərini təmin edəcək qədər maddi imkana malik olmaq “mal istitaəti” üçün şərtdir.
Məsələ 47. Yuxarıdakı məsələdə “ailə” dedikdə, ürfə görə “ailə” adlanan şəxslər nəzərdə tutulur, baxmayaraq ki, onların dolanışıq xərclərini vermək şəri baxımdan insana vacib deyildir.
3- Yaşayışda ehtiyac duyulan şeylər
Məsələ 48. Həccin vacib olmasının şərtlərindən biri də budur ki, insan yaşayışda ehtiyac duyulan və onun ürfi durumuna uyğun olan şeylərə sahib olmalıdır. Amma bu şeylərin özünün mövcud olması vacib deyildir. Əksinə, onların pulunun və ya bu ehtiyacları təmin edə biləcək müəyyən şeylərin insanın ixtiyarında olması kifayət edir.
Məsələ 49. İnsanların ürfi durumu müxtəlifdir. Əgər şəxsi evə sahib olmaq bir insanın yaşayış ehtiyacıdırsa və ya şəxsi evə sahib olmaq onun ürfi durumuna uyğundursa, yaxud icarə və ya vəqfi evdə yaşamağın onun üçün böyük çətinliyi və əziyyəti vardırsa, yaxud da icarə və ya vəqfi evdə yaşamaq onun gözdən düşməsinə səbəb olarsa, şəxsi evə sahib olmaq onun üçün istitaətin yaranmasında şərtdir.
Məsələ 50. Əgər bir şəxsin əlində olan mal-pul həccə getmək üçün kifayət edirsə, amma zəruri bir ehtiyac, məsələn, yaşayış evi almaq, ya xəstəliyi müalicə etmək və ya hansısa bir yaşayış ehtiyacını təmin etmək üçün bu mala-pula ehtiyacı varsa, bu şəxs mustəti deyildir və həcc ona vacib olmur.
Məsələ 51. Mustəti olmaq üçün yol azuqəsinin və miniyin özünə malik olmaq şərt deyildir. Əksinə, əgər bir şəxsin səfər xərclərini təmin edəcək qədər malı-pulu vardırsa, bu, kifayət edir və o, mustəti sayılır.
Məsələ 52. Bir şəxs yaşayışda ehtiyac duyulan şeylərə, məsələn, ev, ev əşyaları, nəqliyyat vasitəsi, iş alətləri və bu kimi şeylərə öz şənindən artıq miqdarda sahibdir. Əgər o, bunları satıb, yaşayış ehtiyaclarını aldıqdan sonra artıq qalan pulu həcc xərclərinə sərf edə bilərsə, eyni zamanda bu iş onu çətinliyə və əziyyətə salmazsa, habelə onun gözdən düşməsinə və kiçilməsinə səbəb olmazsa, artıq qalan bu pul həcc xərclərini tam təmin edəcək və ya xərcləri tamamlayacaq miqdarda olduğu təqdirdə, o, bu işi görməlidir və mustəti sayılır.
Məsələ 53. Əgər bir şəxs ev almaq üçün torpaq sahəsi və ya başqa bir malı satsa, şəxsi evə sahib olmaq onun yaşayış ehtiyaclarından olduğu və ya şəxsi evə sahib olmaq onun ürfi durumuna uyğun olduğu təqdirdə, o, torpaq sahəsinin satışından pul əldə etdiyi zaman mustəti olmur, baxmayaraq ki, bu pul həcc xərclərini tam təmin edəcək və ya xərcləri tamamlayacaq miqdardadır.
Məsələ 54. Əgər bir şəxsin sahib olduğu bəzi şeylərə (məsələn, kitablara) daha ehtiyacı yoxdursa və onların satışından əldə edilən pul onun istitaəti üçün tam kifayət edəcəkdirsə və ya istitaətini tamamlayacaqdırsa, həccin digər şərtlərinə malik olduğu təqdirdə, həcc ona vacib olur.
4- Həcdən qayıtdıqdan sonra normal səviyyədə yaşayış
Məsələ 55. Mal istitaətinin şərtlərindən biri, həcdən qayıtdıqdan sonra normal səviyyədə yaşayışı davam etdirməkdir.[1] Yəni şəxs həcdən qayıtdıqdan sonra onun ticarətdən, əkinçilikdən, sənətkarlıqdan və ya hər hansı bir peşədən, yaxud da bağ və ya mağaza kimi mülklərdən gəliri olmalıdır. Belə ki, bu gəlir onun və ailəsinin ürfi durumuna uyğun olan yaşayışı üçün kifayət etməlidir. Əgər din elmləri tələbələri həcdən qayıtdıqdan sonra onların yaşayışı Dini Elmləri Hövzəsindən aldıqları müavinət ilə təmin olunarsa və ya bu müavinət onların yaşayış xərclərini tamamlayarsa, bu, mal istitaəti üçün kifayət edir.
Məsələ 56. Həcdən qayıtdıqdan sonra normal səviyyədə yaşayışı davam etdirmək qadının istitaəti üçün şərtdir. Beləliklə, əgər qadının əri vardırsa və əri həyatda ikən qadın mustəti olarsa, həcdən qayıtdıqdan sonra ərinin ona verdiyi dolanışıq xərci “normal səviyyədə yaşayışı davam etdirmək” hesab olunur. Amma əri olmayan qadının istitaəti üçün həccin xərclərinə malik olmaqdan əlavə, həcdən qayıtdıqdan sonra müəyyən bir gəlir mənbəyinə sahib olması və oradan əldə etdiyi gəlir ilə öz ürfi durumuna uyğun bir şəkildə yaşayışını idarə edə bilməsi şərtdir. Əks halda, o, həcc üçün mustəti olmur.
Məsələ 57. Əgər bir şəxs səfər azuqəsinə və xərclərinə sahib deyildirsə, amma başqa bir şəxs onun həcc səfərinin xərclərini verirsə, məsələn, “Sən həccə get, sənin xərclərin mənim boynumdadır” – deyirsə, bu halda ona həcci yerinə yetirmək vacib olur və o, bu təklifi qəbul etməlidir. Bu həcc “hədiyyə həcci” adlanır. Hədiyyə həccində həcdən qayıtdıqdan sonra normal səviyyədə yaşayışı davam etdirmək şərt deyildir. Həmçinin səfər üçün lazım olan malların özünü vermək şərt deyildir, əksinə, hədiyyə edən şəxs onların pulunu versə, kifayət edir.
Amma əgər bir şəxs başqa bir şəxsə həcci yerinə yetirmək üçün deyil, ümumiyyətlə, müəyyən mal-pul hədiyyə etsə və bu mal-pul həcc səfəri üçün yetərli olsa, o, bu hədiyyəni qəbul etdiyi təqdirdə, həcc ona vacib olur. Amma hədiyyəni qəbul etmək vacib deyildir və o, bu hədiyyəni qəbul etməyə və özünü mustəti etməyə bilər.
Məsələ 58. Hədiyyə həcci “həccətul-islam” üçün kifayət edir. Belə ki, əgər şəxs sonralar mustəti olsa, həcci yerinə yetirməsi vacib deyildir.
Məsələ 59. Əgər bir şəxs hansısa bir müəssisə və ya şəxs tərəfindən həccə dəvət olunsa, bu dəvətin qarşılığında hansısa bir işi öhdəsinə götürməli olduğu təqdirdə, bu həcc “hədiyyə həcci” hesab olunmur.
Mal istitaəti barəsində müxtəlif məsələlər
Məsələ 60. Əgər bir şəxs mustəti olsa, malını həccə getmək üçün sərf etməyin zamanı çatdıqdan sonra o, özünü istitaətdən xaric edə bilməz. Hətta ehtiyat-vacibə görə, bu zaman çatmamışdan qabaq belə, o, özünü istitaətdən xaric edə bilməz.
Məsələ 61. Mal istitaətində insanın öz ölkəsində və şəhərində istitaətə çatması şərt deyildir. Əksinə, əgər o, “miqat”da belə istitaətə çatarsa, kifayət edir. Beləliklə, əgər bir şəxs “miqat”a yetişdiyi zaman istitaətə çatarsa, həcc ona vacib olur və bu həcc “həccətul-islam” üçün kifayət edir.
Məsələ 62. “Miqat”a yetişdiyi zaman həcci yerinə yetirməyə qadir olan şəxs üçün də “mal istitaəti” şərtdir. Beləliklə, əgər bir şəxs (məsələn, karvanın xidmətçisi və ya bu kimi bir şəxs) “miqat”a yetişdikdə həcci yerinə yetirməyə qadir olsa, istitaətin digər şərtlərinə, o cümlədən ailənin dolanışıq xərclərinə və yaşayışda ehtiyac duyulan şeylərə öz şəninə uyğun miqdarda sahib olduğu, habelə həcdən qayıtdıqdan sonra normal səviyyədə yaşayışı davam etdirməyə qadir olduğu təqdirdə, həcc ona vacib olur. Bu həcc “həccətul-islam” üçün kifayət edir. Əks halda, onun həcci müstəhəb həcc olacaqdır. O, sonralar mustəti olduğu təqdirdə, həccətul-islamı yerinə yetirməlidir.
Məsələ 63. Əgər bir şəxs həcc səfərində xidmət göstərməyi qəbul etsə və bunun qarşılığında ona verilən zəhmət haqqı ilə həcc üçün mustəti olsa, o, bu işi qəbul etdiyi təqdirdə, həcc ona vacib olur. Amma bu şərtlə ki, həcc əməllərini yerinə yetirmək onun öhdəsinə götürdüyü xidməti göstərməyə maneəçilik yaratmamalıdır. Əks halda, o, bu zəhmət haqqı ilə mustəti olmur. Həmçinin zəhmət haqqı qarşılığında işi qəbul etmək də ona vacib deyildir.
Məsələ 64. Mal istitaəti olmayan bir şəxs əgər başqa bir şəxsə naib olmaq üçün əcir olsa, amma “əcirlik əqdi” bağlandıqdan sonra o, əcirlik zəhmət haqqından qeyri bir mal vasitəsilə mustəti olsa, bu şəxs həmin il həcci özü üçün yerinə yetirməlidir. Əgər onun bağladığı “əcirlik əqdi” bu ilə aid olarsa, əqd pozulur. Amma əgər bu ilə aid olmazsa, o, “isticari həcc”i gələn il yerinə yetirməlidir.
Məsələ 65. Əgər mustəti şəxs bilmədən və ya bilərəkdən müstəhəb həcc niyyəti etsə, hətta onun məqsədi sonrakı ildə həcc əməllərini daha yaxşı yerinə yetirmək üçün bir növ məşq etmək olsa belə, yaxud da o, mustəti olmadığını düşünüb müstəhəb həcc niyyəti etsə, amma mustəti olduğu sonradan məlum olsa, bu həccin “həccətul-islam” üçün kifayət etməsi məhəlli-işkaldır. Ehtiyata görə, o, gələn il həcci yerinə yetirməlidir. Amma əgər o, hazırkı vəzifəsinin müstəhəb həcc olduğunu düşünüb, hazırkı şəri vəzifəsini yerinə yetirmək niyyətində olsa, bu halda onun yerinə yetirdiyi həcc “həccətul-islam” üçün kifayət edir.
b) Bədən istitaəti
Məsələ 66. “Bədən istitaəti” dedikdə, həcc əməllərini yerinə yetirmək üçün fiziki baxımdan lazımi qüvvəyə malik olmaq nəzərdə tutulur. Beləliklə, həccə getməyə qüvvəsi çatmayan və ya həccə getməyin ona böyük çətinliyi və əziyyəti olan xəstə və yaşlı insana həcc vacib olmur.
Məsələ 67. Həccin vacib olması üçün “bədən istitaəti”nin davam etməsi şərtdir. Beləliklə, əgər bir şəxs həcci yerinə yetirmək niyyətilə səfər etsə, amma ehram bağlamamışdan qabaq xəstəliyə görə həcc səfərini davam etdirə bilməsə, bu halda məlum olur ki, onun “bədən istitaəti” olmayıbdır. Ona və onun kimi şəxslərə həcci yerinə yetirmək üçün naib tutmaq vacib deyildir. Amma əgər həcc əvvəlcədən onun boynuna gəlibdirsə və o, bu il həcci yerinə yetirmək üçün səfər edirsə, lakin yol əsnasında xəstəliyə görə səfəri davam etdirə bilmirsə, sağalacağına və heç bir çətinlik və əziyyət olmadan, hətta sonrakı illərdə olsa belə, həcci yerinə yetirə biləcəyinə ümidi olmadığı təqdirdə, bu şəxs naib tutmalıdır. Amma əgər sağalacağına və sonrakı illərdə həcci yerinə yetirə biləcəyinə ümidvar olsa, həcci özünün yerinə yetirməsinin vacibliyi onun boynundan götürülmür. Qeyd edək ki, əgər bu şəxs ehram bağladıqdan sonra xəstələnərsə, bunun öz hökmləri vardır.
c- Yol istitaəti
Məsələ 68. “Yol istitaəti” odur ki, həccə getmək üçün yol açıq və təhlükəsiz olmalıdır. Beləliklə, əgər bir şəxs üçün yol bağlıdırsa və o, “miqat”a gəlib çıxa bilmirsə və ya həcc əməllərini tamamlaya bilmirsə, yaxud yol açıq olsa da təhlükəlidirsə, məsələn, yolda onun canı, heysiyyəti və ya malını təhlükə gözləyirsə, həcc bu şəxsə vacib olmur.
Məsələ 69. Əgər bir şəxsin həccə getmək üçün pulu varsa və o, həccə getmək üçün vaxt itirmədən ad yazdırıbsa, amma püşk onun adına çıxmayıbsa və həmin il həccə gedə bilməyibsə, bu şəxs mustəti deyildir və həcc ona vacib olmayıbdır. Amma əgər bundan sonrakı illərdə həccə getmək üçün indidən ad yazdırmaq və müəyyən məbləğ pul ödəmək lazımdırsa, ehtiyat-vacibə görə, o, bu işi görməlidir.
d) Zaman istitaəti
Məsələ 70. “Zaman istitaəti” odur ki, insan mustəti olduğu zaman həcci öz xüsusi günlərində yerinə yetirmək üçün kifayət qədər zaman fürsəti olmalıdır. Beləliklə, əgər bir şəxs elə bir vaxtda mustəti olsa ki, vaxtın darlığına görə həccə çata bilməyəcəkdir, yaxud da həccə çatmağın onun üçün böyük çətinliyi və əziyyəti vardır, həmin il həcc ona vacib olmur.
[1] Qeyd edək ki, bu şərt “hədiyyə həcci”ndə mövcud deyildir və bu barədə 57-ci məsələdə məlumat veriləcəkdir.
-
İKİNCİ FƏSİL: NİYABİ-HƏCC