Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Sistan və Bəlucestan ostanının şəhidlərinə həsr olunmuş milli konfransın təşkilat komitəsinin üzvləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

Əziz və fədakar şəhidlərimizin xatirəsini uca tutmaq çox gözəl, savab işlərdən biridir və Allaha şükürlər olsun ki, dövrümüzdə bu, çox geniş yayılıb. Müxtəlif ostanlarda həmin bölgələrin şəhidlərinin yad edilməsi, insanların onların ruhuna böyük ehtiram ifadə etməsi çox lazımlı və faydalı işlərdən biridir. Lakin ölkəmizin bəzi mərkəz və ostanlarında belə bir xüsusiyyət var ki, bu saleh əməl, bu savab iş orada sanki ikiqat, daha böyük savab hesab olunur; belə mərkəzlərdən biri də Sistan və Bəlucestan ostanıdır. Mənim üçün Sistan və Bəlucestan ostanının müxtəlif ictimai təbəqələrindən olan fəal insanların, habelə oranın möhtərəm rəsmilərinin bu məzlum ostanın şəhidlərinə anım tədbiri təşkil etmək, onların xatirəsini yad etmək, ruhları qarşısında təzim etmək üçün bir araya gəldiyini müşahidə etmək çox maraqlıdır; mənim üçün bu, çox xoş, cəlbedici bir məqamdır.

Bu məsələnin mənim üçün bu qədər cəlbedici olması isə bir neçə amildən qaynaqlanır; həmin amillərdən birincisi mənim özümün bu ostana olan marağımdır. Mən Sistan və Bəlucestan ostanında bir müddət qalmışam; o qədər uzun bir müddət də deyildi, lakin Allah-taala elə bir şərait yaratdı ki, bu gün mən özümü bu ostan və onun əhalisi ilə sanki illərlə ünsiyyətdə olmuş kimi hiss edirəm; bu, Allahın işi idi, yoxsa biz orada uzun müddət qalmamışıq. O dövrdə İranşəhr mənə o qədər cəlbedici gəlmişdi ki, belə bir vəsiyyət etmişdim, demişdim, əgər həmin səfər zamanı, o müddətdə dünyadan getsəm, məni hökmən İranşəhrin özündə dəfn etsinlər, İranşəhrdən kənara çıxarmasınlar. Gedib oranın – İranşəhrin – məzarlığını da görmüşdüm; qismət deyilmiş. Bəluclar ürəyi sevgi dolu bir xalqdır; istiqanlı, səmimi, safürəkli və əlbəttə ki, istedadlı; orada istedadlı insanlar da həddən artıq çoxdur. İntəhası tarix boyunca – istər Qacarlar dövründə, istər Pəhləvi dövründə – uzun illərlə o bölgəyə və oranın camaatına əziyyət verilib, etinasız yanaşılıb. Biz orada olanda camaatla ünsiyyətdə olur, söhbət edirdik; İranşəhr kimi, əslində Bəlucestanın siyasi-coğrafi mərkəzi hesab olunan bir şəhərə bir nəfər belə olsun ala-babat məmur ayaq basmamışdı; və ya Bəlucestanın elmi-mənəvi mərkəzi sayılan Səravana bir məmur belə – ostandarı olsun, ya bir başqası olsun – gəlməmişdi. Yalnız inqilabdan sonra prezidentlər getdilər, rəsmilər getdilər, hamı getdi, o şəhərlərin hamısına səfərlər etdilər, hətta kəndlərdə də oldular; fərq çox böyükdür. O dövrdə Bəlucestanın əhalisinə, problemlərinə etinasız yanaşılırdı; bu camaatın istedadı üzə çıxarılmamışdı, onlara belə bir şans verilməmişdi; Sistan hissəsində də eynilə. Sistanlılar İran ərazisində yaşayan etnoslar arasında misilsiz tarixi keçmişə malik olan bir xalqdır. Sistanın fövqəladə dərəcədə parlaq bir keçmişi var; ora da eynilə; o bölgə də uzun illər boyu diqqətsizlik və etinasızlıqla üzləşib, üstəlik bu diqqətsizliyə bəzi təbiət hadisələrinin yaratdığı çətinliklər də əlavə olunub. 

Bu bölgələrin əhalisi ilə ünsiyyətdə olan zaman insan onların sevgiyə, qayğıya ehtiyac duyduğunu hiss edirdi; və Allah-taala onların sevgisini bizim də, rəsmilərin də qəlbinə saldı, Sistan və Bəlucestan üçün bir çox işlər görüldü. Bayaq cənab ostandarın qeyd etdiyi o işlər (2) də hamısı lazımlı işlərdir, intəhası mən ona tövsiyə edirəm ki, bunları təkcə bu iclasda mənə deməklə kifayətlənməsin; bu işləri həyata keçirmək mənim səlahiyyətimdə deyil ki, dövlət rəsmilərinin səlahiyyətindədir; istər dəmir yolu xətti, istər şirin su qurğusu, istərsə də digər bir sıra məsələlər olsun; gedin, dalınca düşün, hökumətdəki yüksək vəzifəli rəsmilərinizdən ciddi surətdə tələb edin ki, tədbir görsünlər; onlar yolunu bilirlər; əgər həqiqətən də, bir yolu varsa – ki var da – onlar yolunu bilirlər. Ostanda görülməsi vacib olan işlərə nəzər salın. Misal üçün, İranşəhrdə (mən ostanın digər yerləri ilə müqayisədə oranın problemləri ilə bir qədər çox tanış idim) Bəluc Toxuculuq Fabriki (3) nəyə görə yatıb qalmalı, yox olub getməlidir? Nəyə görə? O vaxt – əvvəldə – mən bu məsələnin arxasınca düşmüşdüm, işə düşdü, yaxşı da oldu, amma sonradan etinasız münasibət göstərildi; gedin bu problemləri həll edin, adam tapın, bu işi öhdəsinə götürüb həyata keçirə biləcək bir özəl müəssisə tapın. Qoy lap gedib İnkişaf Fondundan da istifadə etsinlər, problem yoxdur, İnkişaf Fondu özəl sektor üçündür; yəni gedin bu məsələlərin dalınca düşün. Odur ki sizin şəhidlərin xatirəsini yad etmək məqsədilə keçirdiyiniz bu tədbirin məni həddən artıq sevindirməsinin səbəblərindən biri də mənim o ostana və onun əhalisinə bəslədiyim maraqdır; özü də bu maraq məntiqsiz deyil, məntiqə, dəlillərə əsaslanır; təkcə nə vaxtsa bir müddət o camaatla ünsiyyətdə olduğumuza görə deyil; yox, maraqlanmağın, həqiqətən də, yeri var.   

İkinci səbəb budur ki, bu ostan bizim irəli sürdüyümüz “Müsəlman birliyi” şüarının təzahür etdiyi bir yerdir. Ölkəmizin bir neçə bölgəsi var ki (Kürdüstan ostanıdır, Gülüstan ostanında Türkmənsəhranın bir hissəsidir və Sistan və Bəlucestan ostanıdır) orada sünnilərlə şiələr yanaşı yaşayırlar. Biz dünyaya sünni-şiə qardaşlığını, onların qarşılıqlı əməkdaşlıq şəraitində birgə yaşamasını öyrətmək istəyirik; bu ideyanın bariz nümunəsini burada – Sistan və Bəlucestanda görmək mümkündür. Yeri gəlmişkən, elə düşmən də məhz bu məqamın üzərində durur, barmağını bu nöqtənin üzərinə qoyub və konflikt yaratmaq istəyir. Bu gün siz  Şələmçədə əhli-sünnədən olan 11-12 yaşlı bir uşağın İslam Respublikasını qorumaq üçün şəhid olduğunu söyləyirsiniz; (4) bu, Sistan və Bəlucestanda şiə-sünni birliyinin, şiə-sünni həmrəyliyinin ən böyük göstəricisidir. Bu, xırda bir şey deyil, çox önəmli bir məsələdir! Hansısa sünni mövləvi İslam Respublikasını dəstəklədiyi  üçün düşmənin hücumuna məruz qalaraq əks-inqilabın əli ilə şəhid edilirsə, (5) bunu qabartmaq, göstərmək lazımdır; Sistan və Bəlucestanımızda belə şeylər olub. Sizin bu ostanda yaşanan gerçək, real vəhdəti nümayiş etdirməyiniz, hər kəsə göstərməyiniz çox önəmlidir. Bunun yolu da möhtərəm komandanın bayaq qeyd etdiyidir; (6) yəni müxtəlif mədəni işlər; kitabların, xatirələrin qələmə alınmasından tutmuş digər cürbəcür mədəni məhsullara qədər; təsviri incəsənət nümunələri, audiomateriallar və sair. Bunların hamısından istifadə etməklə bu həqiqəti göz önündə canlandırmağa, konkretləşdirməyə çalışın; qoy hamı görsün ki, İslam Respublikasında sünni və şiə qardaşlar ən çətin meydanlarda çiyin-çiyinə dururlar. Mən bir neçə dəfə Bəlucestanda səfərdə olmuşam, Zahidana, İranşəhrə, Xaşa, Səravana, Çabəhara, Zabilin özünə və ostanın digər yerlərinə getmişəm, oraları gəzmişəm. Bu şəhərlərə girəndə hiss olunur ki, əhali İslam Respublikasına sözün həqiqi mənasında səmimiyyətlə yanaşır; oralarda bunu açıq-aydın hiss etmək olur. Əlbəttə ki, bu səmimiyyət də başqa yerlərə nisbətən müharibə meydanında, fədakarlıq meydanında özünü daha çox göstərir. 

Şəhidlərin xatirəsini uca tutmaq lazımdır. Bu ölkənin, bu dövlətin hələ də bizim əziz şəhidlərimizi anmağa, onların xatirəsini ehtiramla yad etməyə ehtiyacı var; biz hamımız buna ehtiyac duyuruq. İslam Respublikası vasitəsilə qazanılmış iftixarlar məhz şəhidlərin adı, şəhidlərin xatirəsi ilə özünü büruzə verir. İslam Respublikası bu illər ərzində modern cahiliyyət sisteminin qarşısında duraraq ona müqavimət göstərmiş bir dövlətdir, elə buna görə də modern cahiliyyət ixtiyarında olan bütün vasitələrlə ona qarşı düşmənçiliyə qalxıb; hərbi silahlarla, mədəni silahlarla, ən son texnologiyalarla, iqtisadi sanksiyalar vasitəsilə. Bu yeni cahiliyyət – təəssüf ki, hazırda dünyanın hər yerində bərqərar olunmuş bu “kütləvi batil” İslam Respublikası əleyhinə hər cür vasitədən istifadə edir. İslam Respublikasının əleyhinə hamısı ayağa qalxdılar, amma onu məğlub edə bilmədilər, geri çəkilməyə məcbur edə bilmədilər; İslam Respublikasını öz sözündən geri dönməyə, “Mən bu dediyimdən, bu istəyimdən vaz keçdim”, – deməyə vadaredə bilmədilər; bunu bacarmadılar. Nəyə görə bacarmadılar? Çünki İslam Respublikası çox güclüdür. Güclü olmasının səbəbi nədir? İnsanlarımızda imanın, müqavimət əzminin güclü olması. Bu yerə gəlib çatanda isə görürsən ki, bu mühüm zəncirin son halqası şəhidlərdir, əlil və veteranlardır, canından keçməyə hazır olan fədakar insanlardır; bunlarla sonlanır. İslam Respublikasının, Allaha şükürlər olsun ki, dünyada öz ehtişamını qoruyub, günbəgün daha da parlaq şəkildə nümayiş etdirməsinin, bir bu qədər məkrli planların ona heç bir təsir göstərə bilməməsinin səbəbi xalqımızın etdiyi fədakarlıqlardır. Səbəb bu tükənməz, güclü imandır, onun ən mükəmməl və ali təzahürü isə şəhidlərdir. Siz də şəhidlərin adını, xatirəsini yaşadır, ucaldır, onlara sonsuz ehtiram ifadə edirsiniz. Bizim buna ehtiyacımız var; İslam Respublikasının şəhidlər qarşısında göstərilən bu ehtirama ehtiyacı var. Odur ki sizin gördüyünüz bu iş çox yaxşıdır, tamamilə düzgün və lazımlı bir işdir.

Qoy hamı əməkdaşlıq etsin; sünni, yaxud şiə, alim və ya cahil olmağından asılı olmayaraq. Müxtəlif sosial təbəqələrin nümayəndələri, öz töhfəsini verə biləcək hər kəs bu işdə əməkdaşlıq etsin, əziz şəhidlərimizin xatirəsini yaşatmaq, ucaltmaq və qabartmaq üçün əlindən gələni əsirgəməsin. Əlbəttə ki, Sistan və Bəlucestanın məşhur şəhidlərindən bəzilərini mən yaxından tanıyırdım, bəzilərininsə bioqrafiyasını kitablardan, memuarlardan, mətbuatda gedən yazılardan oxumuşam, lakin buna baxmayaraq, bu şəhidlərin, bu böyük şəxsiyyətlərin hamısını, xüsusilə də o yeniyetmələri (şəhid olmuş 12, 14 yaşlı yeniyetmələri tanımırıq, hansı şəraitdə şəhid olduqları barədə məlumatımız yoxdur) cəmiyyətimizə təqdim edin ki, onları hamı tanısın, onlar haqda hər kəs bilsin. Hamınıza uğurlar arzu edirəm, inşallah.

Allahın salamı və rəhməti nəsibiniz olsun.

______________________________

(1) Birgə görüşlər çərçivəsində baş tutan bu görüşün əvvəlində Vəli-fəqihin Sistan və Bəlucestan ostanındakı nümayəndəsi, Zahidanın imam-cüməsi Höccətül-İslam vəl-muslimin Abbasəli Süleymani, Sistan və Bəlucestanın ostandarı Seyid Daniyal Mohebbi və Sistan və Bəlucestan Korpusunun komandanı, 2-ci keşikçi briqada komandiri Hüseyn Mərufi məruzə ilə çıxış etmişlər. Konfrans 24.11.1396-cı ildə baş tutacaqdır. 
(2) Sistan və Bəlucestanın ostandarı öz çıxışında ostanın 3 əsas probleminin aşağıdakılar olduğunu qeyd etmişdir: 1. Su çatışmazlığı (bu problemi Milli İnkişaf Fondunun maliyyə dəstəyi və şirin su qurğularının tədarükü vasitəsilə həll etmək mümkündür); 2. Çabəhar – Məşhəd dəmir yolunun salınması; 3. Təhsil imkanlarının genişləndirilməsi. 
(3) İranşəhrdə yerləşən bu toxuculuq fabriki bəzi problemlərlə əlaqədar olaraq hazırda fəaliyyətini dayandırıb. 
(4) Ali Məqamlı Rəhbər Vəli-fəqihin nümayəndəsinin və ostanın korpus komandanının şəhid yeniyetmə Səbil Əxlaqi barədə səsləndirdikləri fikirlərə işarə edir. 
(5) Ali Məqamlı Rəhbər ostanın korpus komandanının şəhid Mövləvi Mustafa Cəngizəhi barədə dediklərinə işarə edir. 
(6) Ostan korpusunun komandanı konfransın aşağıdakı mədəni tədbirləri həyata keçirməyi nəzərdə tutduğunu qeyd etmişdir: konfransın kompleks elektron-informasiya bazasının yaradılması, kitab nəşri, bədii və sənədli filmlərin, klip və animasiya filmlərinin hazırlanması, fars, bəluc və sistan dillərində mahnıların yazılması, aylıq və xüsusi buraxılışlı jurnalların dərc olunması, memorialın inşası, sərgilərin, anım tədbirlərinin, dəstək konfranslarının, dua mərasimlərinin keçirilməsi, şəhid ailələrinə hörmət və qayğı göstərilməsi, onlarla görüşlərin keçirilməsi, poeziya və xatirə gecələrinin təşkil olunması, orta məktəb və universitetlərdə Müqəddəs Müdafiə şəhidlərinin həyat yolu barədə söhbətlər aparılması, ostanda yaşayan şəhid övladlarının himayə olunması.