Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin həcc ziyarətinin təşkilinə cavabdeh olan qurumların rəsmiləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1)

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین

Əziz qardaşlar, bacılar, həcc ziyarətinin təşkilinə, hacılara göstərilən xidmətlərə cavabdeh olan qurumların rəsmiləri, çox xoş gəlmisiniz. Bu il camaatımız həcc ziyarətinə gedə biləcək, bunun özü çox gözəl bir xəbərdir. Əlhəmdulillah, hakimiyyətin hər üç qolunun rəsmiləri və digər səlahiyyətli şəxslər məsələni ətraflı araşdırdılar, hər şeyi ölçüb-biçərək bu qərara gəldilər ki, bu il ölkəmizdən həcc ziyarəti təşkil olunsun. Ümidvaram, Allah-taala bu mübarək yolu əziz xalqımızdan olan hacılar üçün xeyir, bərəkət, özünütərbiyə və qurtuluş mənbəyi edəcəkdir, inşallah.

Həcc ziyarəti olduqca önəmli bir vacib ibadətdir; dinimizdə vacib edilmiş mühüm ibadətlər içərisində, demək olar ki, həcc ziyarəti qədər önəmlisi yoxdur. Əvvəla, bu böyük və genişmiqyaslı ibadətdə bir sıra mənəvi imkanlar vardır ki, Həzrət Haqla mənəvi əlaqə yaratmaq istəyən, mənəviyyat, ruhaniyyət və sair aşiqi olan hər kəs bu böyük vacib ibadətin ayrı-ayrı elementlərində özü üçün çox geniş imkanlar tapa, heyrətamiz bir potensial kəşf edə bilər. İhramın özü də daxil olmaqla namaz, təvaf, vuquf və sair cürbəcür elementlərdən təşkil olunmuş bu böyük ibadətin bütün elementlərindən mənəviyyat fışqırır, mənəviyyat yağır. Qədrini bilsək, mənəviyyat arxasınca olsaq, həcc ziyarəti digər ibadətlərin hamısından daha böyük bir potensiala malikdir. Bu, məsələnin bir tərəfi. Eyni zamanda həcc ziyarəti ictimai baxımdan da misilsiz bir potensiala malikdir. Baxın, bu, dinimizdə vacib buyurulmuş ibadətlərin hamısına xas olan bir cəhətdir. İslam dini mənəviyyata son dərəcə böyük önəm verir, lakin İslamdakı mənəviyyat inzivaya çəkilmək, tərki-dünyalıq, insanlardan uzaqlaşaraq zahidlik yolunu tutmaq deyil. Vacib ibadətlərdən hansı daha çox mənəvi potensiala malikdirsə, o ibadət eyni zamanda sosial iştirak baxımından da ən böyük potensiala malikdir.

Həcc ziyarəti İslam ümmətinin əzəmətinin, vəhdətin, birliyin, bölünməzliyin təzahürüdür; həcc İslam ümmətinin gücünün təzahürüdür. İslam ümməti ardıcıl olaraq hər il eyni yerdə, eyni vəziyyətdə, eyni formada ən böyük toplantısını keçirir; yəni İslam ümməti həcc vasitəsilə özünü göstərir, parlayır. Hələ məsələnin bu zahiri aspektindən başqa, daxili bir aspekti də var: həcc zamanı müsəlman xalqları bir-biri ilə tanış olur, ünsiyyət qurur, bir-birini başa düşür – “başa düşmək” deyəndə mən dilini başa düşməyi nəzərdə tutmuram; bir-birinin düşüncəsinə hakim olan mədəniyyəti dərk etməyi nəzərdə tuturam – bir-birinə yaxınlaşır, sual və şübhələr ortadan qaldırılır, ədavətlər zəifləyərək, arxa plana keçərək tədricən yox olub gedir, qəlblər bir-birinə yaxınlaşır, əllər bir-birinə köməyə uzanır, ölkələr bir-birinə kömək edə bilər, xalqlar yardımlaşa bilər; həcc budur. İndi əməli işə gələndə başda oturanlar, səlahiyyət sahibləri həccin bu şəkildə təşkil olunmasına nə dərəcədə yardımçı olur və ya icazə verir – bu, ayrı söhbətdir, amma həcc budur: misilsiz bir ictimai potensialla yanaşı, misilsiz bir mənəvi potensiala malik olan, İslam ümmətinin öz əqidə və mövqeyini bəyan etməsinə şərait yaradan bir mühitdir.

Bizim bu qədər israrla üzərində durduğumuz “müşriklərə etiraz” məsələsinin də mahiyyəti elə budur; dahi liderimiz İmam Xomeyni də buyurmuşdur ki, müşriklərə etiraz mərasimində iştirak etmədən yerinə yetirilən həcci həcc hesab etmir (2). İslam ümməti həcc ziyarətində özünün doğru bildiyi, həmrəy surətdə qəbul etdiyi mövqeyi bəyan edə bilər. Bu mövqeyi həmrəy surətdə qəbul edən kimdir? Xalqlar. Dövlətlər başqa cür düşünüb başqa cür addım ata bilər – elə gördüyümüz kimi də bir çox müsəlman dövlətləri, təəssüflər olsun ki, öz xalqının istəyinə zidd yol tutur, xalqın dəstəkləmədiyi hərəkətlər edir – amma xalqların ürəyindəki başqadır. Həcc elə bir yerdir ki, orada xalqlar müxtəlif məsələlərlə bağlı mövqeyini bəyan edə bilər.

Belə məsələlərdən birincisi Məscidül-əqsa, Qüds məsələsidir; bu, xırda bir məsələ deyil. Həyasızlaşmış sionistlər cürət edərək özlərini Məscidül-əqsanın sahiblərinə – müsəlmanlara təzyiq göstərməkdə haqlı bilirlər. Bir gün qapını bağlayırlar, bir gün möminlərin məscidə girişinə əngəl olurlar, o biri gün bir dəstəni içəri buraxır, o birini qapıda saxlayırlar, sünni şərti qoyurlar və sair; bütün bunlar qondarma və qəsbkar İsrail rejiminin həyasızlığından, utanmazlığından, arsızlığından irəli gəlir. Və aydındır ki, müsəlman xalqlarının qəlbi Məscidül-əqsa ilə döyünür. Bax həcc ziyarəti bu kimi olaylara mövqe bildirməyin yeridir; həcc bunun üçün gözəl bir imkandır; həcc budur. Müsəlman ümməti xalqların Fələstin, Məscidül-əqsa ilə bağlı nə dediyini, nə istədiyini, nə düşündüyünü ifadə etmək üçün Beytül-həram, Məkkə, Mədinə, Məşər, Ərəfat və Minadan yaxşı nə yer tapa bilər? Oradan yaxşı hara ola bilər? Həcc ziyarətində bu potensial var. Müsəlmanlar Amerikanın müsəlman ölkələrinə, regionumuza müdaxiləsinə, bu bölgələrdə məşum iştirakına, qəsdən təkfirçi və sair buna bənzər terror qruplaşmalarının yaradılmasına (bu terror qruplaşmalarından da böyük şər qaynağı isə elə Amerikanın özüdür; Amerika onların hamısından daha xəbis, daha iyrəncdir) – bütün bunlara qarşı mövqeyini harada ortaya qoymalıdır? Həcc müsəlman ümmətinin – hamının; bütün ölkələrdən olan müsəlmanların – öz mövqeyini, fikrini ifadə etməsi üçün ən yaxşı məkandır; həcc belə bir gözəl imkandır; bunun qədrini bilmək, bu imkandan yararlanmağa çalışmaq lazımdır; bu, birincisi.

Digər bir mühüm məsələ isə təhlükəsizlik məsələsidir; bayaq cənablar da – həm cənab Qaziəsgər, həm də Həcc Təşkilatının sədri qeyd etdilər.

وَ اِذ جَعَلنَا البَیتَ مَثابَةً لِلنّاسِ‌ وَ اَمنًا

“(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik”. (“Bəqərə” surəsi, 125-ci ayədən)

Söhbət bundan gedir; Qurani-Kərim açıq-aşkar bildirir ki, buranı insanların bir yerdə toplaşması, rahat və təhlükəsiz bir şəraitdə Uca Yaradana üz tutması üçün bir məkan etmişik. Təhlükəsizlik olduqca əhəmiyyətlidir! Hacıların hər cür problemdən uzaq olması çox önəmlidir. 1394-cü ilin həcc ziyarətində baş vermiş acı olaylar heç vaxt yadımızdan çıxmayacaq (3).  O hadisə ilə bütün İslam ümmətinin və biz iranlıların qəlbinə heç bir zaman unudulmayacaq bir dağ çəkildi. Bu yara heç vaxt sağalmayacaq! Əlbəttə ki, həmin il həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmilər çox zəhmət çəkmiş, çox çalışmışdılar, amma yenə də, o hadisə çox böyük və faciəli bir hadisə idi. Hacıların təhlükəsizliyi Məkkə və Mədinənin ərazi baxımından aid olduğu, Hərəmeyni-Şərifeyn hakimiyyəti altında olan ölkənin öhdəsinə düşür; təhlükəsizliyi məhz o dövlət qorumalıdır; biz bunu həmişə və ciddi surətdə tələb edirik. Hacıların təhlükəsizliyi qorunmalıdır; bütün hacıların! Doğrudur, biz daha çox iranlı hacıların təhlükəsizliyi məsələsini gündəmə gətiririk. Qoy başqa dövlətlər də öz hacıları ilə bağlı tələblər irəli sürsünlər, həcc ziyarətinə göndərdikləri insanların təhlükəsizliyinin təmin olunmasını aktiv şəkildə tələb etsinlər. Bizim tələbimiz ciddidir; iranlı hacıların təhlükəsizliyi qorunmalıdır. Özü də biz təkcə insanlarımızın fiziki cəhətdən təhlükəsizliyini yox, onlara hörmətlə yanaşılmasını, rifah və asayiş şəraitində ziyarətlərini həyata keçirmələrini tələb edirik. Bayaq çıxış edən cənablar müəyyən məqamlara toxundular; tamamilə doğrudur, diqqətli və ehtiyatlı olmaq lazımdır. Baş verə biləcək hər cür hadisəyə, istənilən vəziyyətə hazırlıqlı olmalısınız. Hacıların asayiş və təhlükəsizliyi çox önəmli bir məsələdir. Əlbəttə, bu o demək deyil ki, orada sərt təhlükəsizlik qaydaları müəyyən olunsun, təhlükəsizliyin qorunması adı ilə insanlara təzyiq göstərilsin və nəticədə yenə də hacılar bir başqa cür əziyyətlə üzləşsin. Yox, bizim istədiyimiz odur ki, hacılar təhlükəsiz, rahat, arxayın şəkildə ziyarətini etsin. Məscidül-həram və Minada baş vermiş o faciəli olaylar təkrar olunmamalıdır, bir daha heç vaxt heç bir xoşagəlməz hadisə hacılara o günləri xatırlatmamalıdır. Doğrudur, müəyyən narahatedici məqamlar var idi, amma sevindirici haldır ki, hakimiyyətin 3 qolunun möhtərəm rəsmiləri Milli Təhlükəsizlik Ali Şurasında toplanaraq müzakirələr etdilər, düşündülər, məsələnin bütün tərəflərini gözdən keçirib bu nəticəyə gəldilər ki, həcc olsun. Ümidvarıq, builki həcc ziyarəti ən yüksək səviyyədə baş tutacaq.

Fələstin məsələsi yaddan çıxarılmasın; çox önəmli bir məsələdir. Son 60-70 ildə Fələstin məsələsi həmişə aktual olub; bəzən çox, bəzən isə daha az; və bu gün də sionistlərin törətdiyi çirkin və şər əməllər, eyni zamanda bəzi müsəlman ölkələrinin başçılarının xainliyi ilə əlaqədar olaraq, bu məsələ daha çox gündəmdə olan bir məsələyə çevrilib. Hər halda, bu gün müsəlman dünyasının bütün problemlərinin mərkəzində Fələstin problemi durur; Fələstin başlıca problemdir.

İslam ümmətinin vəhdəti məsələsinə də çox diqqət yetirilməlidir. Bu gün böyük pullar xərclənir; İslam məzhəbləri arasında konflikt və düşmənçilik yaratmaq üçün milyardlar tökürlər. Bu konfliktlərin körüklənməsinə heç kəs yardımçı olmamalıdır; yardımçı olan hər kəs onların məkrli planına və bu böyük günahın ilahi cəzasına şərik olacaqdır; bu məsələyə heç kəs kömək etməməlidir.

Hacıların da öhdəsinə müəyyən vəzifələr düşür, onlara riayət etməlidirlər. Möhtərəm hacılarımız camaat namazlarına, namazlarını vaxtın başlanğıcında qılmağa önəm versinlər, Məscidül-həram və Məscidün-nəbidə qılınan camaat namazlarında iştirak etsinlər. Hərəmeyni-şərifeyndə olmağa müvəffəq olduqları bu günlərdə Quran tilavətinə, Ərəfə gününə və bu günün əməllərinə son dərəcə böyük əhəmiyyət vermək lazımdır. Bazar-dükanı gəzməkdən çəkinsinlər; mən bunu dönə-dönə vurğulamışam. Bazar-dükan dünyanın hər yerində var; elə bu Tehranın özündə də var; icazəli-icazəsiz cürbəcür mallar hər yerdə doludur; elə bu Tehranda da var, başqa şəhərlərdə də. Kəbədən isə Tehranda yoxdur; Tehranda, sizin yaşadığınız yerdə olmayan Məscidül-həramdır, Məscidün-nəbidir; bunlar yalnız oradadır; o imkandan istifadə etmək lazımdır; yoxsa ki bazar-dükan, cürbəcür əşyalar hər yerdə var. O əziz vaxtınızı bu şeylərə sərf etməyin. Həcc ziyarətində hacılar daha çox özünü, qəlbini, ruhunu saflaşdırmaq və inşallah, böyük mənəvi nəticələr əldə etmək barədə düşünməlidir. Əgər bu olsa, o zaman, Allahın köməyi ilə, ictimai nəticələr də əldə olunacaq.

Mən Allah-taaladan bu il ölkəmizdən həcc ziyarətinə yola düşən bütün hacılarımıza öz lütfünü və mənəvi dəstəyini nəsib etməsini, onları fiziki və mənəvi cəhətdən qorumasını diləyirəm; rəsmilərə də Allahdan uğurlar arzu edirəm. Hamı ehtiyatlı olsun, diqqətli olsun, hamı öhdəsinə düşən vəzifəni yerinə yetirsin ki, inşallah, bu il sözün əsl mənasında əzəmətli və layiqli bir həcc mərasimi baş tutsun.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.  

__________________________

(1) Görüşün əvvəlində Vəli-fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Seyid Əli Qazi Əsgər və Həcc və Ziyarətlər Təşkilatının sədri  cənab Həmid Məhəmmədi məruzə ilə çıxış etmişlər.  
(2) “Səhifeyi-İmam”, c.21. səh.22. “Müşriklərə etiraz mərasimində iştirak etmək həcc ziyarətində hacıların siyasi vəzifələrindən biridir və onsuz bizim həccimiz həcc deyil”.   
(3) 1394-cü il mehr ayının 2-də (hicri-qəməri tarixlə 1436-cı il zihiccə ayının 10-da) Qurban bayramı günü Minada Şeytana daş atma mərasimi zamanı 2431 nəfər zəvvar (464 nəfəri iranlı olmaqla) şəhid olmuşdur. Həmçinin bu hadisədən bir qədər əvvəl Məscidül-həramda da 107 nəfər (11 nəfəri iranlı olmaqla) həlak olmuşdur.