Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 3 xordad – Xürrəmşəhrin azad edilməsinin ildönümü münasibətilə Müqəddəs Müdafiəyə həsr olunmuş anım mərasimində etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمد للّه ربّ العالمین، و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی القاسم المصطفی محمّد، و علی آله الاطیبین الاطهرین المنتجبین، سیّما بقیّة اللّه فی الارضین

Çox xoş, ürəkoxşayan, mənalı və faydalı bir görüşdür; mən sırf bugünkü görüşümüzü nəzərdə tutmuram, sizin təşəbbüsünüzlə bu cür görüşlərin təşkil olunmasını, gələcəkdə də davamı gələcək bir tədbir kimi anım gecələrinin keçirilməsini nəzərdə tuturam. Allaha şükürlər olsun ki, bu gün mənə də burada iştirak etmək, oturub danışılanları eşitmək, sizin söhbətlərinizdən faydalanmaq nəsib oldu. Çox yaxşı idi, çox faydalandıq. Əlbəttə ki, mənim kimi insanların xatirələri o qədər də önəmli deyil. Bayaq cənab Şahmuradi bildirdi ki, Xürrəmşəhr fəth olunduğu zaman Kirmanşahda olub və bu barədə xəbəri orada eşidib (1). Elə mən də bu hadisənin xəbərini Tehranda almışdım. Yadımda deyil, radio ilə elan etmişdilər, ya yox, amma Şəhid Səyyad prezident aparatına zəng vuraraq mənimlə əlaqə saxladı, xəbəri mənə çatdırdı, bəzi təfsilatları da dedi; o cümlədən söylədi ki, “Hazırda mən sizinlə danışdığım vaxt iraqlılar sıraya düzülüb əsir götürülmələrini gözləyirlər”; çox maraqlı bir ifadə idi. Mən günorta namazından dərhal sonra maşına minib İmam Xomeyninin yanına getdim. Əlbəttə ki, küçələr adamla dolu idi, insanlar sevinc və sevgi hislərini ifadə edirdilər. Mən gedib Şəhid Səyyadın o sözlərini İmama da söylədim. Söylədim ki, cənab Səyyad iraqlıların əsir düşmək üçün sıraya düzüldüyünü deyir. Uzun bir növbə alınmışdı, 10-15 min nəfər! Bizim xatirələrimiz bir o qədər də önəmli deyil. Uzun müddət döyüş meydanlarında olmuş, hadisələri öz gözləri ilə görmüş qardaş və bacılarımızın xatirələri daha əhəmiyyətli və dəyərlidir.

Mənim fikrimcə, bizə yaşatdığı bütün itkilərə rəğmən, bu savaşın – Müqəddəs Müdafiənin bizim üçün həm də böyük faydaları olmuşdur. Bu fayda həmin itkilərdən qat-qat böyük və artıqdır. Bu savaşda bizim itkilərimiz insan ölümündən və maddi ziyandan ibarət idi; yəni cavanlarımızı əldən verdik, ailələr əzizlərini itirdi, gənclərimizin ölümü hamımızın ürəyinə dağ çəkdi, maddi ziyan da çəkdik, müəyyən etapda ölkəmiz quruculuq və abadlaşdırma baxımından bir qədər geriləmə yaşadı. Bütün bunlar həmin savaşın itkiləri idi. Bu cür itkilər bütün savaşlarda olur. Bu savaşın bizə qazandırdığı fayda isə uzunmüddətli idi, qalıcı idi. Əlbəttə ki, qısa, yaxın müddətdə özünü göstərən faydaları da var idi.

8 il davam etmiş bu savaşın, bu müdafiənin ən böyük faydalarından biri cəmiyyətimizdə, gənclərimizdə inqilab, ideoloji və sosial hərəkat ruhiyyəsinin qorunub saxlanması və güclənməsi oldu. Bu cihad ruhlu, fədakar hərəkat meydana çıxmasaydı, inqilab ruhiyyəsi hələ cəmiyyətdə dərin kök atmadığı o ilk dövrlərdə məkrli əllər tərəfindən dəyişikliyə məruz qalardı. Doğrudur, dahi İmam Xomeyni həyatda idi, inqilabın başında idi və onun böyük, təkrarsız şəxsiyyəti bir çox şeyləri qarant altına alırdı, lakin bununla belə, çox böyük təhlükələr də mövcud idi. İnqilabi ruhiyyə, heç şübhəsiz, təhlükə altında qala bilərdi. İnqilab Müqəddəs Müdafiə arenasında iştirak etməklə qalıcılıq, sarsılmazlıq qazandı.

Bu savaşın digər bir faydası isə bu oldu ki, biz öz milli, dini və inqilabi kimliyini, heysiyyətini qorumaq ideyasını şəxsən özümüz bir daha təcrübədən keçirdik; bu çox önəmlidir. Dəfələrlə demişik, eşitmişik, danışmışıq ki, Allah-taala haqq yolunda çalışıb-vuruşan insanlara kömək edir, bu yolda qarşılarına çıxan maneələri dəf edərək onları düşmənləri üzərində qalib edir. Uca amallara doğru irəliləyən bir cəmiyyət, təbii ki, bir çox əngəllərlə üzləşir. Özəlliklə də hazırkı maddiyatçı dünyada; üstəlik əgər o amallar başqaları üzərində hegemonluğa, dünya malına hərisliyə və sairə qarşı çıxan mənəvi amallardırsa, aydındır ki, müxtəlif maneələr yaranacaq. Bir xalqın bu meneələr üzərində qələbə çala biləcəyini hiss etməsi çox önəmli bir şeydir. Əlbəttə, ayə və rəvayətlərdə Allaha təvəkkül etmək lazım olduğu haqda oxuyuruq,

وَ مَن یَتَوَکَّل عَلَی اللّهِ فَهُوَ حَسبُه

“Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər”. (“Təlaq” surəsi, 3-cü ayədən)

və sair bu kimi fikirlərin şahidi oluruq, bunları deyirik, inanırıq da, lakin insanın “وَ مَن یَتَوَکَّل عَلَی اللّهِ فَهُوَ حَسبُه” – “Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər” ayəsinin reallıqda necə həyata keçdiyini görməsi bir başqadır. O əzəmətdə Həzrət İbrahim Allah-taalaya deyir ki, “İnsanların necə dirildiyini görmək istəyirəm”. Allah-taala buyurur: “اَ وَلَم تُؤمِن” – “İnanmırsan?” Cavab verir: “قالَ بَلیٰ” – “Bəli, inanıram”,‌ “‌وَ لٰکِن لِیَطمَئِنَّ قَلبی” – “amma ürəyim sakit (xatircəm) olması üçün soruşdum”. (“Bəqərə” surəsi, 260-cı ayədən) Bu xatircəmlik, insanın hansısa həqiqəti bu cür ürəkdən, imanının bütün dərinliyi ilə qəbul etməsi çox önəmli bir şeydir. Müharibə – 8 illik müdafiə bizə bunu göstərdi. İndi biz var gücümüzlə iddia edə bilərik ki, İslam Respublikası üzləşdiyi bütün çətinliklərə, qəsdən qarşısına çıxarılan bütün problemlərə rəğmən, çalışıb-vuruşaraq onlara qalib qələ biləcək; çünki artıq bunun təcrübədə şahidi olmuşuq.

وَ لا تَهِنُوا وَ لا تَحزَنُوا وَ اَنتُمُ الاَعلَونَ اِن کُنتُم مُؤمِنین

“Əgər möminsinizsə, ruhdan düşməyin və qəmgin olmayın. Siz Allah yanında (inanmayanlardan) daha yüksəkdə durursunuz”. (“Ali-imran” surəsi, 139-cu ayədən)

Ürəkdə və əməldə iman olsa, güclü bir toplumun, güclü bir cəmiyyətin, güclü bir insanın qarşısında dağlar belə duruş gətirə bilməyib yerlə yeksan olar. Bizim üçün savaşın faydalarından biri bu idi. Bütün bunlar həqiqətdir. 

Əlbəttə, savaşın faydaları bu dediklərimdən daha çoxdur, intəhası bunlar təhlil xarakterli fikirlər olduğuna görə vaxtımızı buna sərf etmək istəmirəm. Bizim kimi hadisələrə səthi yanaşan, sadə insanlar üçün doğrudan da inanılmaz görünən bu bərəkətli, əzəmətli hadisə ölkəmizdə baş verdi; yəni müharibənin əvvəllərində bizim heç nəyimiz yox idi; heç nəyimiz; əliboş idik. Silahımız həm az idi, həm istənilən səviyyədə deyildi, həm də əlçatan deyildi; anbarlarımızda olan bəzi silah növlərindən hələ müharibə başlanandan bir müddət sonraya qədər istifadə etməmişdilər. Mən burada – baş qərargahda müşavirə mərkəzində idim, hərbçilər gəlib-gedirdilər; ordumuzda məsuliyyətli, mömin gənclər var idi, gəlib bizə raport verirdilər, mən də İmamın nümayəndəsi olaraq işlərin gedişinə nəzarət edirdim. Gəlib dedilər ki, bizdə “203” topları var, ən ağır toplarımızdır, amma hələ döyüş meydanlarına çıxarılmayıb, heç adını da tutan olmayıb. Təsəvvür edin: düşmənin əlində o qədər silah və texnika olan belə bir savaşda bizim istifadə etmək üçün babat bir texnikamız var, ondan da istifadə etməmişik. Mən Bənisədr və başqa dostlarımızla öz aramızda keçirdiyimiz iclasda bu məsələni qaldırdım; Bənisədrin heç xəbəri yox idi, bəzi başqaları isə belə mövzulara toxunulmasını istəmirdilər. İclasda olan şəhid komandirlərdən biri (Allah ona rəhmət etsin!) dedi ki, bəli, bizdə onlardan var və bu çox önəmli bir texnikadır. O zaman mən dedim ki, yaxşı, bəs niyə istifadə etmirik? Yəni müəyyən texnikalar anbarlarda var idi, amma istifadə etmirdik. Əhvazda gənc bir hərbçi gəlib bizə məlumat verdi ki, 92-ci qarnizonun bazasında bu yeni piyada döyüş maşınlarından, hərbi dillə desək, BMP-lərdən var. O deyəndən sonra götürüb istifadə etdik; halbuki dəfələrlə demişdik ki, misal üçün, filan texnikaya ehtiyac var, demişdilər ki, yoxdur. Bir gün səhər qalxıb həmin hərbçi qardaşımızla bazaya yollandıq. Ön qapıdan daxil olmaq mümkün olmadığına görə başqa bir yolla, başqa bir yerdən bazaya girdik və içərilərinə doğru getdik. Gördük ki, doğrudan da, o BMP-lərdən, məsələn, 9-10 dənəsi eləcə zavoddan çıxmış vəziyyətində, yəni taxtaların arasında bağlı şəkildə durub. Əlbəttə ki, bir az toz və nəm də çəkmişdilər; açıq səmanın altında qalmışdılar! Müharibənin əvvəlində biz bu vəziyyətdə idik; silah və texnikamız yox idi, hər an hərəkətə keçməyə hazır olan nizamlı qüvvələrimiz yox idi və ya az idi. Əlimizdə olan-qalan bir az köhnə modelli silah və texnika idi ki, onlardan da heç o vaxt istifadə olunmurdu. Səbəbi isə o idi ki, işin başında işə can yandırmayan adamlar durmuşdu. Belə bir vəziyyətdə biz irəli getdik. Bu dediklərim 1359-cu ilin ikinci yarısında olub; yəni müharibənin başladığı ilk 6 ayda. 

İndi baxın: müharibənin başladığı ilk 6 aydan, yəni 1359-cu ilin ikinci yarısından 1361-ci ilin ilk 6 ayınadək nə qədər vaxt ötüb? Bu vaxt ərzində İran xalqı və silahlı qüvvələrimiz elə qabağa getdi ki, 1361-ci ilin ilk 2-3 ayında iki böyük və əhəmiyyətli əməliyyat həyata keçirildi; yəni ilin əvvəlində – fərvərdində “Fəthül-mubin”, ordibeheştdə və xordadın əvvəllərində isə “Beytül-müqəddəs”, Xürrəmşəhrin fəthi. Bu cür irəliləyiş əldə etdilər, sürətlə irəli getdilər! Onlar 10 kilometrdən Əhvazı minaatanlarla vururdular – Əhvazın, səhv etmirəmsə, 10 kilometrliyində olan Dobbehordandan Əhvazı atəşə tuturdular – eyni ayda biz həmin vəziyyətdən elə bir vəziyyətə gəlib çatdıq ki, “Fəthül-mubin” və “Beytül-müqəddəs” əməliyyatlarının hər birində bir neçə min əsir götürdük, bir çox əraziləri, o cümlədən Xürrəmşəhri aldıq, mövqelərimizi möhkəmləndirdik və sair digər işlər baş verdi. Və bu, müharibənin sonuna qədər bu cür davam etdi; yəni günbəgün öz gücümüzü, mahiyyətimizi dərk edə, özümüzü tanıyıb irəli gedə bildik. Bu baş verdi!

8 il bütün dünya bizim əleyhimizə müttəfiq olub bizimlə vuruşdu. Bu bir reallıqdır: bütün dünya! Yəni real olaraq Amerika bizim əleyhimizə idi, NATO bizim əleyhimizə idi, o vaxtkı Sovet İttifaqı bizim əleyhimizə idi, regiondakı mürtəce dövlətlər – həmin o Səudiyyə, Küveyt və qalanları – hamısı bizim əleyhimizə idi! Yəni hamısı bizim əleyhimizə müharibədə iştirak edirdi. Biz də yenicə böyüyüb qol-budaq atan, körpə və təcrübəsiz bir fidan olduğumuza baxmayaraq, bütün bunlara qalib gəlməyi bacardıq. Bu bizim təcrübəmizdir. Ürəyin xatircəm olması üçün bu kifayət deyilmi? Bu da eynilə Həzrət İbrahimin (ə) Allah-taaladan ölülərin necə dirildiyini öz gözləri ilə görmək istəməsi və quşların dirilməsi əhvalatı kimidir; Allah-taala ona buyurur ki, ürəyinin xatircəm olması üçün bu cür et. Bax bizim də qəlbimizdə bu xatircəmlik olmalıdır; kimdə yoxdursa, o adamın nə isə bir problemi var; yəni ən yaxşı halda, nikbin yanaşaraq deyə bilərik ki, problemi var; əgər bədbin yanaşsaq, tamam başqa cür mühakimə yürütməliyik.

Biz mömin kimi hərəkət etsək, bütün çətinliklərə, bütün problemlərə qalib gələ bilərik; yaddaşımızda, xatirələrimizdə qorunub saxlananlardan məhz belə nəticəyə gəlmək olur. Bütün bunları deməklə mən sizin diqqətinizi gördüyünüz bu işin əhəmiyyətinə çəkmək istəyirəm; 8 illik Müqəddəs Müdafiə ilə bağlı xatirələrin unudulub getməsinə imkan verməyin. Bütün xırdalıqlar, bayaq dostlarımızın qeyd etdiyi hər bir şey önəmlidir. Qələmə alınan kitablar önəmlidir, bütün bunlar dəyərlidir. Bunlar sırf bir sənət əsəri deyil. Əlbəttə, sevindirici haldır ki, sənətkarlıq baxımından da yüksək səviyyəli işlər görülür; həm yazı, ədəbiyyat sahəsində, həm də kinoda və sairdə; xoşbəxtlikdən, çox gözəl, səviyyəli işlər ərsəyə gətirilir. Əlbəttə ki, bəzi sahələrdə daha irəliyik, bəzilərində bir qədər geriliyimiz var, daha da irəli getməliyik. Sənətkarlıq baxımından, ədəbi baxımdan dəyərli işlərdir; amma burada məsələ sənətkarlıq səviyyəsindən daha önəmlidir. Çəkilən filmlər, yazılan kitablar, əslində, heç bir zaman sarsılmayacaq bir şəkildə bərkitmək istədiyimiz bu dayaqlara tökülən betondur. İnqilabın, ölkənin inkişaf və yüksəlişinin, milli kimliyin dayaqlarını bərkitmək deməkdir; çox dəyərli bir işdir.

Və sizə deyim ki, bu xatirələr, həqiqətən də, bir milli sərvətdir. Onlar xalqın sərvətidir. Özü də bu xatirələr təkcə onları danışan şəxslərə yox, hamıya aiddir, hamınındır. Onları danışmaq, yazıya almaq lazımdır. Əlbəttə, aydındır – dəfələrlə də demişik, baxanda da elə düzü budur ki – mübaliğədən, şişirtmədən qəti şəkildə çəkinmək lazımdır. Reallığın özü – həqiqətdə baş verənlər o qədər qürurverici, o qədər gözəl, o qədər ecazkardır ki, heç bir mübaliğəyə ehtiyac yoxdur; baş verənlər özləri bu cürdür. Elə nə olubsa, onları demək, həmin xatirələri yada salmaq, yaşatmaq, onları daha yaxşı çatdırmaq üçün sənətin dilindən istifadə etmək lazımdır.

Özü də bunlar savabdır, sədəqədir. Bu işləri görən insanlar, bu gün burada iştirak edən qardaşlarımız – istər yazıçılar olsun, istərsə də kino xadimləri və sair – bilsinlər ki, gördükləri bu iş savab bir işdir, böyük bir mənəvi sədəqədir. Sizlər bu xalqın, bu ölkənin, bu cəmiyyətin ruzisini onlara çatdırırsınız; bu ilahi, mənəvi ruzini onlara çatdıran bir vasitəçisiniz. Bunun qədrini bilin, bu çox gözəl bir şeydir. “Nur yolçuları” ekspedisiyaları da bu qəbildən olan işlərdəndir; “Nur yolçuları” da savabdır, sədəqədir. Müqəddəs Müdafiə ilə bağlı xatirələri danışmaq, yazmaq, bu cür görüşlər təşkil etmək də eynilə.

Bu ecazkar hadisənin arxa plana keçməsinə imkan verməyin. Əzizlərim! Bilin ki, bu gün bu həqiqətin bizim həyatımızın və düşüncəmizin reallığında zəifləyib arxa plana keçməsini istəyənlər var. Bu, kimlərinsə marağındadır; o şəxslərin marağındadır ki, bu gün onlar müsəlman ölkələri üçün planlar cızır, bu ölkələrə cihad, şəhidlik kimi məsələlərin ümumi dini bilgilər içərisindən, orta və ali məktəb dərsliklərindən çıxarılması, ləğv edilməsi barədə göstəriş verir, onlar da bunu qəbul edir. Bəli, bəzi ölkələrə belə bir göstəriş veriblər; “cihad, şəhidlik və sair bu kimi mövzuları çıxarın” – deyiblər, onlar da qəbul edərək ləğv ediblər. Bu cür maraqlar var, onlar ölkə daxilində də uzantılar verir, izlənilir və bəzi xırda-para mədəni siyasətlər şəklində orada-burada gözə dəyir. Bunları diqqətdən qaçırmamaq lazımdır. Gəlin bu savaşı, Müqəddəs Müdafiəni, şəhidliyi, cihadı daim yaşadaq, bu xatirələrin qədrini bilək; bunlar olduqca dəyərlidir.

Əlbəttə ki, bu barədə hələ danışası sözümüz çoxdur; “biz” deyəndə mən sizi və müharibə iştirakçılarını nəzərdə tuturam. Onlar bugünkü gəns nəsillə Müqəddəs Müdafiə zirvəsini yaratmış, tariximizin bu parlaq səhifəsini yazmış o vaxtkı nəsil arasında sözün əsl mənasında bir bağlılıq yarada bilərlər. İnsanlar dönə-dönə, dəfələrlə bizə məktubla müraciət edir, xahiş edir, göz yaşı töküb yalvarırlar ki, gedib müqəddəs ziyarətgahların müdafiəsində iştirak etmələrinə icazə verək. Yəni eynilə 60-cı illərdə şahidi olduğumuz vəziyyət indi də var; o zaman da cavanlar, balaca uşaqlar, hansısa səbəbdən cəbhəyə getməsinə icazə verilməyən insanlar gəlib yalvarıb-yaxarır, müharibədə iştirak etmək istəyirdilər. İndi də çoxları bu cürdür;

اَلحِقنی بِالصّٰلِحین

“Məni əməlisalehlərə qovuşdur”. (“Yusif” surəsi, 101-ci ayədən)

Bu, əməlisalehlərə qovuşmaq, saleh olanlara qoşulmaqdır. Bütün bunlar sizin çəkdiyiniz zəhmətin nəticəsidir. İnşallah, Allah-taala bu çalışmanıza, bu işinizə bərəkət verər və təsirini günbəgün artırar. Mən incəsənət sahəsində çalışan insanlarımıza, əziz qardaşımız cənab Sərhəngiyə və digər rəsmilərə, həqiqətən, təşəkkür edirəm. Gördükləri iş olduqca dəyərlidir. Qoy davam etdirsinlər; həm bu anım gecələrini, həm də xatirələrin toplanıb tərtib edilməsi işini; nə qədər dəyərli bir işdir! Özü də müharibə iştirakçıları hər yerdə var; biz onlardan yalnız az qismini tanıyırdıq, xatirələrini eşitmişdik, sonradan yavaş-yavaş Azərbaycanda, Həmədanda, Lorestanda, Xorasanda, İsfahanda və başqa müxtəlif yerlərdə keçmiş döyüşçüləri tapdılar, xatirələrini yazıya aldılar, canlandırdılar. Baxıb gördük ki, bu, başdan-ayağa sözdən, məntiqdən, ruhiyyədən, ruhlandırmadan ibarət bir dünyadır, bir dəryadır. Bu çox dəyərli bir işdir, bunu davam etdirin. Mən dəfələrlə demişəm: biz bu 8 illik Müqəddəs Müdafiə ilə bağlı hələ bundan sonra 50 il də danışsaq, işləsək, yeni-yeni işlər ortaya qoysaq, azdır. Və güman edirəm ki, hələ 50 il sonra da bu mövzuda görülən işləri yekunlaşdıra bilməyəcəyik. Əlbəttə ki, yaxşı metodlardan, incəsənət janrlarından istifadə etmək lazımdır. Çox təşəkkür edirəm. Çox gözəl bir görüş idi. Cənabların çıxışlarından xeyli faydalandıq, çoxdandır ki, ziyarət edə bilmədiyimiz əziz dostlarımızdan bəziləri ilə də görüşdük. Allah-taala hamınıza uğur qazandırsın, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1)  Ali Məqamlı Rəhbər özü və iştirakçılar gülür.