Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin “Nur yolçuları” ekspedisiyalarının təşkilatçıları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

والحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین

Əziz qardaşlar, əziz bacılar, Müqəddəs Müdafiə savaşının yadigarları, İran xalqının böyüklük və qəhrəmanlığının təcəssümü olan komandirlər, döyüşçülər, dinamik gənclər, çox xoş gəlmisiniz. Xalqımız sizin – istər bu yola çıxaraq həqiqətlərlə tanış olmağa can atan gənclərin, istərsə də qanlı-qadalı döyüş meydanlarının öz gözləri ilə şahidi olub böyük işlər görmüş və elə bu gün də xidmətinə davam edən, əksəriyyəti şəhid olacağı günün intizarında olan keçmiş döyüşçülərin qədrini bilməlidir. Bunlar xalqın övladlarıdır, xalqımız isə qədirbilən bir xalqdır; rəsmilər, rəhbər işçilər bunların, bu sözlərin qədrini bilməlidir.

Əvvəla, “Nur yolçuları” ekspedisiyalarının təşkilatçılarına təşəkkürümü bildirirəm. Bayaq general-mayor Baqeri qeyd etdi ki, bu ekspedisiyalarda təşkilatçılardan, bələdçilərdən, fəallardan ibarət böyük bir kollektiv iştirak edir. Hamınıza təşəkkür edirəm. Gördüyünüz iş böyük, önəmli, çox effektiv bir işdir.

Burada önəmli olan məqam budur ki, biz tariximizdə yaşanmış böyük günlərin unudulub getməsinə imkan verməməliyik. Hər bir ölkənin və xalqın tarixində böyük günlər o günlərdir ki, onlarda xalqın vasitəsi, xalqın əli ilə ilahi bir hadisə həyata keçirilmişdir.

ذَکِّرهُم بِاَیّامِ ‌الله

“Allahın (vaxtilə onlara nemət verdiyi) günlərini onlara xatırlat”(“İbrahim” surəsi, 5-ci ayədən)

Allah-taala Quranda Musa peyğəmbərə göstəriş verir ki, “əyyamullah”ı – Allahın günlərini tayfasının yadına salsın. “Əyyamullah” tarixin yazıldığı həmin o böyük günlərdir. 8 illik Müqəddəs Müdafiə də hər gününü hesaba aldıqda müəyyən mənada həmin o “əyyamullah”dan – Allahın günlərindəndir. Bu hadisələrin yaddaşlardan silinməsinə imkan verməməliyik. Quran bizə bunu öyrədir; Quranda edilən xatırlatmalara baxın:

وَ اذکُر فِی‌ الکِتٰبِ ابراهیم

“Kitabda İbrahimi də yad et”. (“Məryəm” surəsi, 41-ci ayədən)

وَ اذکُر فِی ‌الکِتٰبِ موسیٰ

“Kitabda Musanı da yad et”. (“Məryəm” surəsi, 51-ci ayədən)

وَ اذکُر فِی ‌الکِتٰبِ اِدریس

“Kitabda İdrisi də yad et”. (“Məryəm” surəsi, 56-cı ayədən)

وَ اذکُر فِی ‌الکِتٰبِ مَریَم

“Kitabda Məryəmi də yad et”. (“Məryəm” surəsi, 16-cı ayədən)

Yaddan çıxmasına imkan verməməliyik. Quran bizə öyrədir ki, bunları yada sal, təkrar-təkrar xatırla. Görün Həzrət Musanın, Həzrət İbrahimin və digər peyğəmbərlərin əhvalatları Quranda neçə dəfə təkrarlanır! Yada salmaq lazımdır, unudulub getməsinə imkan vermək olmaz. Əlbəttə, bu sahədə bir sıra işlər görüldüyünün şahidi oluruq. Mənim general-mayor Baqeriyə böyük etimadım var və onun işinə sonsuz nikbinliklə yanaşıram. O, bu günə qədər gördükləri və ya hazırda həyata keçirdikləri işlərdən danışdı. Lakin bu işlər iki cürdür: onlardan bəziləri təşkilati işlərdir. Müəyyən bir təşkilat qurulur, kollektiv toplanır; lap yaxşı, yaxşı bir işdir. Bəzi işlər isə icraiyyə işləridir. İcraiyyə işləri hansısa təşkilatı təsis etməklə qurtarmır. Daim nəzarət etmək lazımdır ki, əvvəla, işlər irəliləsin, ikincisi, düzgün formada irəliləsin, kənara sapmasın, üçüncüsü inkişaf etsin, yüksəliş qazansın, yeknəsəq olmasın. Rəvayətdəki o “مَن ساوی یَومَاهُ وَ هُوَ مَغبون” – “İki gününü eyni cür keçirən şəxs ziyana uğramışdır” (2) məsələsi burada tam mənasında yerinə düşür. Dünən gördüyümüz işi bu gün də görürüksə, sözsüz ki, ziyan edirik. Bu gün dünənkindən bir addım daha irəli, daha yaxşı olmalıyıq. Elə buna görə də mən müxtəlif sferalarda – hərbidə, hökumətdə, ədliyyədə və sairdə çalışan rəhbər işçilərə üzümü tutub dönə-dönə təkrarlayır, vurğulayıram ki, arxalarında duran kollektivin ən son sıralarındakı insanların belə işinə diqqət yetirsinlər, baxsınlar, nəzarət etsinlər. Hər bir işi, əvvəla, ardıcıl şəkildə davam etdirmək lazımdır. Çünki bəzən bir işə başlayırıq, sonradan o işi öhdəmizə götürdüyümüzü, bu barədə kiməsə göstəriş verdiyimizi və ya hansısa qərarlar aldığımızı unuduruq; iş yaddan çıxır.  Bəsən isə iş yaddan çıxmır, davam etdirilir, amma düzgün formada getmir. Belə halları çox görmüşük: bir işə düzgün şəkildə başlanılıb, amma ortaya yanlış, doğru yoldan uzaq bir nəticə çıxıb; istər mədəniyyət olsun, istər siyasət olsun, istər iqtisadiyyat olsun, istərsə də ölkənin digər müxtəlif idarəçilik sahələri. Yaxşı başlayır, amma hansı məqamdasa düzgün istiqamətdən kənarlaşmağa, arada bir bucaq yaranmağa başlayır. Özü də bu uzaqlaşma prosesi əvvəldə bir o qədər də hiss olunmur, çünki aradakı bucaq kiçik olur, daha sonra isə davam edib irəlilədikcə getdikcə daha da açılmağa, böyüməyə başlayır. Bəzən isə işlərin istiqaməti də düzgün olur, ardıcıllığı da olur, amma yeknəsəq olur. Baxırsan ki, bu gün də 5 il, 10 il, 20 il əvvəl olduğu kimidir; heç bir inkişaf və yüksəliş müşahidə olunmur. İnkişaf və yüksəlişə gəlincə, bu da təkcə elə danışmaqla, statistika gətirməklə başa gəlmir, görülən işin məhsulu ortada olmalıdır; hansı işlərin həyata keçirildiyini, nəticələri görmək lazımdır. Mənim xahişim budur ki, bu işə rəhbərlik edən insanlar onun nə qədər böyük, önəmli bir iş olduğuna diqqət yetirsinlər. Bir qədər sonra mən bu barədə qısaca da olsa danışacağam.

Əziz qardaşlar, əziz bacılar! Baxın, hər ölkənin bir sərvəti var: bəzilərinin iqlimi onlar üçün sərvətdir, bəzilərinin coğrafi sərvətləri var, bəzilərinin yeraltı sərvətləri var, bəzilərinin insan resursları var – insanları yüksək intellektə, istedada sahibdir, bəzilərinin nefti var, bəzilərinin ağlı var, pulu yoxdur, bəzilərinin pulu var, ağlı yoxdur; dünyada bir çox belə xalqlar var. Hər bir ölkə özünün güclü cəhətinə dəyər verməli, onu əziz tutmalı, qorumalıdır. Bizim güclü cəhətlərimiz çoxdur; təbiətin bizə bəxş etdiyi  güclü cəhətlər də var – indi bu görüşdə bunları saymağın yeri deyil; torpağımız var, yeraltı-yerüstü sərvətlərimiz var, insanlarımız var, ağlımız var; hər şeyimiz var – amma ən önəmli sərvətlərimizdən biri bizim mədəni sərvətimizdir. Biz zəngin bir mədəni sərvətə malikik. Mədəni sərvət nədir? Məsələn, cihada meyil və etiqad bir mədəni sərvətdir. Yəni İran xalqının arasında gəzib dolaşsanız, ölkəmizdə azsaylı bir qrupdan başqa, qalan bütün əhalidə din uğrunda nə isə bir iş görmək stimulu olduğunu görərsiniz. Düzdür, dərəcəsi fərqli ola bilər; birində az, birində çox. Ola bilsin, bir insanda bu stimul yalnız o qədərdir ki, bir televiziya kamerası ilə üzbəüz gələndə ölkənin xeyrinə danışır, İslamın və inqilabın ideallarını dəstəkləyir. Lap yaxşı, nə yaxşı ki, bu stimul da var. Ola da bilsin, birində bu stimul daha güclüdür, o birində isə o qədər güclüdür ki, canını belə fəda etməyə hazırdır. Bu cihada can atma ruhiyyəsi, din uğrunda, ideallar uğrunda əziyyət və məhrumiyyətə qatlaşma həvəsi bir mədəni sərvətdir. Bu, bir çox ölkələrdə olmasa da, bizim ölkəmizdə var. 

İnqilabdan əvvəl bizim mübarizlər, misal üçün, o vaxtkı marksist mübarizlərlə qarşılaşanda – istər birgə söhbətlərdə, istər fərdi görüşlərdə, istər həbsxanada, istər ondan kənarda – mən bunu həmişə özümüzünkülərə deyirdim; deyirdim, bizim onlardan fərqimiz budur ki, bizim Allahımız var, onlarınsa yoxudur; mənim onlara ürəyim yanır. Həbsxana kamerasının bir küncündə, işgəncə altında, çox çətin şəraitdə bizim bir pənah yerimiz, bir Allahımız vardı, Ona pənah aparır, Ondan kömək istəyirdik. Onun iradəsi o yerdə bizə yardım etməyi lazım görməsə də, ən azından, ürəyimiz rahat idi, sevinirdik ki, Ona xatir necə əziyyət çəkdiyimizə şahiddir. O yazıq marksistlər isə belə deyildi. O vaxt mən deyirdim ki, Allahı olmayan bu adamlar nə qədər ki həvəslidir, emosiyaların, hiss-həyəcanın təsiri altındadır, irəli atılır, hərəkət edirlər. Amma əgər bu ruh yüksəkliyi, bu hiss-həyəcan bircə anlıq onlarda yox olsa və öz-özlərinə düşünsələr, əbəs və mənasız bir işlə məşğul olduqlarını görəcəklər. Deyəcəklər, necə yəni, mən öldürülməliyəm ki, başqaları yaşasın? Mən öldürülməliyəm ki, filankəs pul qazanıb rahat yaşasın? Nəyə görə? İmanın isə xüsusiyyəti budur ki, mübarizə ruhunu, mübarizə meylini insanda daim yaşadır. Bunun özü bir mədəni dəyərdir; böyük bir mədəni dəyər. Bu, bir. 

Hegemonların qarşısında durub mübarizə aparmağa inam bəsləmək də bir mədəni dəyərdir; mübarizə aparacağın təqdirdə sonda düşmənə, mütləq, qalib gələcəyinə inanmaq bir mədəni dəyər, mədəni sərvətdir. Bizə aid olan, bizə güc verən mədəni dəyər və sərvətlərimizin hamısını sadalamaq istəsək, uzun bir siyahı alınar. Bunları qoruyub yaşada bilsək və ya unudulmuşları yaddaşların qaranlığından çəkib çıxararaq yenidən canlandıra bilsək – eynilə İslam İnqilabında olduğu kimi; inqilabın gedişində nə vaxtsa unudulmuş dəyərlər ortaya gəldi – böyük işlər görə bilərik; necə ki bu otuz neçə ildə ölkəmizdə bu böyük işlər görülüb. Siz gənclər inqilabdan əvvəlki dövrü, diktaturanı görməmisiniz. Biz isə onların hamısını  görmüşük. Əgər o vaxt kimsə İranda bir hərəkatın həyata keçiriləcəyini, dinin hakimiyyətə gələcəyini, dahi İmam Xomeyni kimi bir insanın ölkənin başında duracağını desəydi, heç şübhəsiz, ağlı olan istənilən orta statistik insan bunun qeyri-mümkün olduğunu söyləyərdi; yəni əsla tərəddüd etmədən belə cavab verərdi. Çünki vəziyyət o cür idi. Amma bu baş verdi.

Məcburən cəlb edildiyimiz savaş – Müqəddəs Müdafiə də belədir. Burada mən bir haşiyəyə çıxım: o məcburi savaş ona görə başlamışdı ki, düşmən bizdə zəiflik hiss etmişdi. Əgər Səddam rejimi və onu bu müharibəyə təhrik edənlər bir neçə günə Tehrana çatacaqlarına arxayın olmasaydılar (onlar belə düşünürdülər), bu müharibə olmazdı. Onlar bizdə zəiflik hiss etmişdilər. Sizin özünüzü zəif hiss etməyiniz düşmənin  üstünüzə hücum etməyə ürəklənməsinə səbəb olur; bu, ümumi bir prinsipdir. Əgər düşməni sizə hücum etmək fikrindən daşındırmaq istəyirsinizsə, çalışın özünüzü zəif göstərməyəsiniz. Demirəm, yalandan “güclüyük” deyək, dediyim odur ki, qolumuzdakı gücü göstərək. Bizim güclü cəhətlərimiz çoxdur, bu cəhətləri ortaya çıxaraq. İqtisadiyyatda da, mədəniyyətdə də bu cürdür.

Bu gün ölkəmizin üzləşdiyi böyük iqtisadi çarpışmada – bu gün biz iqtisadiyyat sahəsində böyük bir çarpışma ilə üz-üzəyik – bəzilərimizin yol verdiyi böyük səhv də elə bu oldu ki, özümüzü iqtisadi cəhətdən zəif göstərdik. Düşmən bura təzyiq göstərməyin mümkün olduğunu gördüyü üçün təzyiqlərini daha da artırdı. O yerə qədər ki müsahibədə birindən: “Sizin filan yerdə keçirdiyiniz təlimlərin İranla apardığınız iqtisadi danışıqlara zərbə vuracağından narahat deyilsinizmi?” – deyə soruşublar, üzü gəlib, utanmadan cavab verib ki, “Yox, belə şeylərin heç bir təsiri ola bilməz; iranlıların bu danışıqlara o qədər ehtiyacı var ki, belə təlimlər aramızdakı iqtisadi müzakirələrə heç bir zərər vura bilməz!” Bax bu olmamalıdır; düşmənin qarşısında zəifliyini göstərmək olmaz.

Bəli, düşmən bizdə zəiflik hiss etdiyinə görə üstümüzə hücum etmişdi. Bəs biz, doğrudan da, zəif idik, ya yox? Faktiki olaraq, bəli, zəif idik. Silahlı qüvvələrimiz dağınıq vəziyyətdə idi, nizam-intizamlı şəkildə idarə olunmurdu, silah və texnikamızın xeyli hissəsi heç nəyə yaramırdı, xeyli hissəsi barədə isə məlumatımız yox idi. Biz silah anbarlarımızda olan bəzi şeylər haqda müharibə başlanandan bir-iki il sonra xəbər tutub bildik ki, bunlar var və bunlardan istifadə edə bilərik. Müharibə təcrübəmiz də yox idi. Şah diktaturası dövründə yalnız bir neçə dəfə özlərini göstərmək üçün hücum edərək İraq sərhədinin bu tərəfindən girib, bir neçə kilometr o tərəfdən çıxmışdılar. Bizlərin müharibə təcrübəsi yox idi. Bizim müharibə təcrübəmiz II Dünya müharibəsi ilə bağlı idi ki, onda da o dövrün diktatoru öz komandanından: “Bizim silahlı qüvvələrimiz düşmən qarşısında nə qədər müqavimət göstərə bilər?” – deyə soruşanda cavab verib ki, “Qurban olum, iki saat”; bu sözləri eşidən şahın qanı qaralıb; Rzaxanı deyirəm; elə bil, kefinə soğan doğrayıblar. Bu yana keçəndən sonra bir nəfər həmin komandana deyib: “Gərək elə deyəydin ki, qanı qaralmayaydı; gərək bir az şişirdəydin”. Komandan isə cavab verib ki, “Mən elə şişirdib dedim də! Hələ mən 2 saat dedim, bizimkilər düşmən qarşısında cəmi 10 dəqiqə tab gətirə bilər!” Bizim müharibə təcrübəmiz bu idi.

Müharibə belə bir şəraitdə başladı. Baxın, düşmən elə ilk addımdan Əhvazın 10-12 kilometrliyinə qədər irəlilədi; yəni düşmənin 60 mm-lik minaları Əhvazın ətrafına qədər gəlib çatırdı; vəziyyət bu cür idi.  Gəlib Nadiri körpüsündən – Dezful hissəsindən – keçib Dezful çayının bəri tərəfinə girdilər; yəni Dezful da, Əhvaz da, Xuzestanın digər mühüm şəhərləri də təhlükə altında qaldı. Düşmən ilk hücumdan torpaqlarımıza bu şəkildə soxuldu; vəziyyətimiz belə idi.

Sonradan bizim inqilabi və islamçı qüvvələrimiz dahi İmam Xomeyninin əzəməti ilə özünü tapdı (hansı ki onun özü dünyanın bir möcüzəsi idi; Allah-taalanın böyük möcuzələrindən biri idi; əsl “ayətullahül-üzma” – yəni Allahın böyük möcuzəsi o özü idi); ordu bir cür, Keşikçi Korpus bir cür, Bəsic bir cür. Qüvvələrimiz özünü tapdı, öz imkanlarından, onlarda gizlənən, özlərinin belə xəbəri olmadığı gücdən istifadə etməyə başladı. Bu güc təkcə döyüşməkdən, şücaətdən, meydana atılmaqdan ibarət deyildi. Bunlar həmin gücün yalnız bir hissəsini təşkil edirdi. Bunlardan başqa, idarəçilik, təşkilatçılıq, təşəbbüskarlıq, hərəkətə keçmək gücü də var idi. Elə buna görə də qüvvələrimiz müharibə meydanlarındakı vəziyyəti dəyişməyə müvəffəq oldu. Müharibə 1359-cu ildə bayaq qeyd etdiyim itkilərlə başlamışdı, amma 1361-ci ilin fərvərdin ayında “Fəthül-mubin” əməliyyatında bizim qüvvələr düşməndən bir neçə min əsir götürmüşdü. Yəni fərqə baxın! 1 il yarım ərzində mömin və inqilabçı qüvvələr o qədər inkişaf edib irəli getmişdi ki, Əhvaz, Dezful yaxınlığına qədər geri çəkilməyimiz “Fəthül-mubun” kimi bir əməliyyatla əvəz olunmuşdu; hansında ki, düşməndən təkcə elə 10-12 min əsir götürmüşdük. Müqəddəs Müdafiə illəri, o günlər, həqiqətən də, “əyyamullah” – Allaha aid günlər sayıla biləcək günlərdəndir. Bu bir sərvətdir, bunu qorumaq və yaşatmaq lazımdır. 

Müharibənin adını dilə gətirməmək və ya əgər gətirdinsə, əleyhinə danışmaq lazım olduğunu düşünənlər səhv edir. Müharibə mövzusunda əsərlərə həsr olunmuş konfranslar keçirirlər, durub müharibənin əleyhinə şeirlər oxuyurlar. Bunu edənlər yanılır, səhvə yol verir. Belələri bir xalqın qədim, nəfis və nadir əlyazmalarını yandırıb məhv edənlərə bənzəyir; elə bil ki, bir ölkənin neftini çıxarıb havayı yerə dənizə tökərək yox edirlər; tarix yaza biləcək, gələcəyi qura biləcək, yada salındığı zaman “əyyamullah” kimi ölkənin bu gününə və gələcəyinə müsbət təsir göstərə biləcək bir milli sərvəti məhv edirlər. Müharibənin əleyhinə filmlər çəkir, kitablar yazırlar; belə şeylərə qarşı diqqətli olmaq lazımdır. Bunlar iki fərqli məsələni bir-biri ilə səhv salırlar. Həmin məsələlərdən biri budur ki, müharibə özü-özlüyündə yaxşı bir şeydir, ya pis? Bəli, aydındır ki, müharibə qəddar bir şeydir; müharibədə öldürmək var, ölmək var, yaralanmaq var; bunlar məlumdur; bu, bir məsələ. Digər bir məsələ isə budur ki, müxtəlif istiqamətlərdən hücuma məruz qalan bir xalq gücünü və imkanlarını ortaya qoyub düşmənin qarşısında özünü müdafiə etməsə, nə baş verər?  Bu iki məsələni bir-biri ilə qarışdırırlar. Müqəddəs Müdafiə bu xalq üçün həyat əhəmiyyətli bir hərəkat idi, nəfəs almaq demək idi; biz nəfəs almırdıq, ölürdük; bunu yaşatmaq lazımdır. 

Odur ki, 8 illik Müqəddəs Müdafiə ilə bağlı xatirələr böyük bir milli sərvətdir. Özü də bu xatirələr o qədər çox, o qədər rəngarəng, o qədər dolğun və zəngindir ki, mənim kimi dil qabiliyyəti olmayanlar bir yana qalsın, bəlağətli və istedadlı natiqlər belə onların hamısını  bəyan etməkdə acizdir. Bu sözümün sübutu olaraq demək istəyirəm ki, müharibənin sona çatmasından 30 ilə yaxın vaxt keçir. Bu gün mən özüm – hansı ki o müharibənin öz gözümlə şahidi olmuşam, bir çox proseslərdən xəbərdaram – müharibə haqda yazılan kitabları oxuyanda onlardan saysız-hesabsız yeni faktlar öyrənirəm; insanlar, şəxsiyyətlər, sözlər, hikmətli mənalar. General-mayor Baqirinin bayaq mənim dilimdən dediyi o sözlər əslində mənə yox, həmədanlı bir döyüşçüyə (3) aiddir. O deyirdi ki, əgər tikanlı məftildən keçmək istəyirsənsə, əvvəlcə nəfsinin tikanlı məftillərindən keçməlisən (4). Özümüzdə ilişib qalmışıqsa, heç bir iş görə bilməyəcəyik. Bunu bizə onlar öyrədib. Bu dərsi bizə o 20-25 yaşlı döyüşçü gənc keçib, ondan öyrənmişik. Bu çox böyük bir sərvətdir.

Əgər sərvətdən istifadə etmək istəyirsinizsə, gərək texnologiyasına bələd olasınız. Sizə deyim ki, bu “Nur yolçuları” ekspedisiyaları bir texnologiyadır; bu böyük sərvətdən istifadə etmək üçün olan bir texnologiya. Əlimizdə olan bu nəhəng qızıl mədənini heç bir texnologiya ilə işləyib emal etmədən, olduğu kimi də buraxmaq olar, yaxud təəssüf ki, bir çox faydalı qazıntılarımızda olduğu kimi, heç bir əlavə dəyər qazandırmadan, eləcə xam şəkildə çıxarıb ona-buna vermək də olar, müəyyən texnologiya ilə emal edərək ona əlavə dəyər qazandırmaq da. Bu “Nur yolçuları” ekspedisiyaları bax belə bir texnologiyadır, belə bir böyük hərəkatdır. Bunun qədrini son dərəcə həssaslıqla bilmək lazımdır; “Nur yolçuları” çox böyük və önəmli bir işdir; bu işi düzgün yerinə yetirməyə çalışın.

Allaha şükürlər olsun ki, indiyə qədər bu iş çox yaxşı görülüb, amma bu, kifayət deyil. Bayaq qeyd etdiyim kimi, təkcə yola davam etmək, ardıcıl olaraq irəliləmək bəs deyil. İşi davam etdirdikcə cürbəcür və yeni-yeni uğurlar qazanmaq lazımdır. Hər dəfə, hər il əvvəlki ilə nisbətən daha çox fayda əldə olunmalıdır. Bu gün bizim qarşımızda ən son texnologiyalarından və külli miqdarda pulundan bizim əleyhimizə istifadə edən düşmən var. Ola bilsin, bizim onlar qədər pulumuz və ya silahımız yoxdur – hə, onların nüvə silahı var, bizdə isə yox – amma bizdə elə bir şey var ki, onlarda yoxdur. O şey bizim mədəniyyətimizdir, imanımızdır, istedadlı və effektiv insan sərmayəmizdir. Bizdə bunlar var; bunlardan istifadə etmək lazımdır. Kim istifadə etməlidir? Ölkənin bütün aparıcı strukturları. Dedik ki, “Nur yolçuları” ekspedisiyaları tükənməz bir mədən olan Müqəddəs Müdafiə illərindən istifadə etmək üçün yeni bir texnologiyadır. Bu o deməkdir ki, bütün ölkə bundan istifadə etməli və qədrini bilməlidir. Kitablarımızda, incəsənətimizdə əks olunmalı, orta məktəblərimizə, universitetlərimizə yol tapmalıdır. Burada universitetlərin və müxtəlif nazirliklərin rəhbər işçiləri iştirak edir; qoy onlar bu işi öz vəzifələri hesab etsinlər. Təkcə elə ürəyi istəyən, misal üçün, bir tələbə gedib adını yazdırsın, sonra da yola düşüb getsin deyə bir kənarda mərkəz yaratmaqla iş bitmir. Daha çox iş görmək lazımdır. Bu məsələyə dəyərli bir xəzinə kimi, həddən artıq böyük mənfəət verəcək nəhəng bir mədən kimi yanaşın; baxın görün ondan yararlanmaq üçün hansı işləri görmək lazımdır. İşləmək, fikirləşmək, fəaliyyət proqramları qurmaq, plan tutmaq lazımdır. 

“Nur yolçuları” ekspedisiyalarında iştirak edib geri qayıdan insanlarda, mütləq, nə isə bir irəliləyiş olmalıdır; həmin insanlarla ölkəmizin tarixində önəmli bir hadisə olan Müqəddəs Müdafiə arasında qırılmaz bağlar yaranmalı, bu hadisə onlar üçün yenidən açılmalıdır. Bu barədə yeni-yeni məlumatlar əldə etməlidirlər.  Əlbəttə ki, zənnimcə, bu illər ərzində biz bu sahədə bir qədər az işləmişik. Düzdür, çoxlu kitablar yazılıb, bir neçə film çəkilib; bunlar yaxşıdır. Bu günə qədər həyata keçirilmiş işlər yaxşı və dəyərlidir, lakin mənim fikrimcə, tələb olunandan daha azdır. Kitablara gəlincə, doğrudur, mənim gördüyüm, istifadə etdiyim kitablar yaxşıdır, amma əhatə dairələri məhduddur. Təsir dairələri məhduddur. Misal üçün, deyirlər ki, yaxşı satılan filan kitab 500 min, 600 min tirajla çap olunub. İndi düşünün, bu böyüklükdə ölkədə bir kitab 500 min, 600 min tirajla çap olunursa, hər kitabı da, tutalım, 10 nəfər oxuyursa, bu eləyir 5-6 milyon nəfər. 80 milyon əhalisi olan ölkəmizdə 5 milyon nəfərin bir kitabı oxuyub içindəkilərlə tanış olması kifayətdirmi? Təbliğ etmək, genişləndirmək lazımdır. Bu kitabları da, onlarda olan anlayışları da təbliğ etmək, incəsənətdə əks etdirmək, ən yaxşılarını dərs kitablarında yerləşdirmək, universitetlərdə Müqəddəs Müdafiə ilə bağlı məsələlərə qapı açmaq lazımdır. Bu hadisənin asanlıqla əldən verilməsinə imkan verməyin. Müqəddəs Müdafiədən qalmış hər bir əlil və veteran bir yadigardır. Gəlin Müqəddəs Müdafiənin bu yadigarlarını, bu savaşın komandirlərini əziz tutaq. Əlbəttə ki, onlar özləri də özlərinin qədrini bilməli, özlərini qorumalı, öz varlıqları ilə o dəyərləri yaşatmalıdırlar. Bu yolda irəliləyişi yalnız möhkəm olmaqla təmin etmək olar.

Biz Müqəddəs Müdafiə ilə bağlı lazım olan mədəni işləri görüb, mədəni məhsullar istehsal etsək, bu, düşmənin məkrli planları qarşısında ölkəmizi, insan resurslarımızı zənginləşdirəcək və gücləndirəcək. Biz iqtisadiyyatımızın da, mədəniyyətimizin də, idarəetməmizin də güclü olmasını istəyir, “güclü olsun” deyirik, lakin məhz mədəniyyət insanları güclü edir, ortaya güclü insanlar çıxarır. Mədəniyyətin güc aldığı qaynaqlardan biri isə elə dolğun mənəvi yükə malik olan Müqəddəs Müdafiədir. Əgər bundan istifadə edə bilsək, ölkənin mədəniyyəti güclənəcək. Bu, mədəniyyət sahəsində istehsal deməkdir. İqtisadiyyatda olduğu kimi, mədəniyyətdə də əgər özümüz istehsal etməsək, idxala möhtac qalacağıq. Eynilə iqtisadiyyatdakı kimi, burada da daxili istehsalınız olmasa, idxal məhsulları gəlib daxili istehsalın yerini tutacaq. İdxal məhsulları gəlib daxili məhsulların yerini tutanda isə sonradan daxili istehsal dirçələ bilmir. Bu gün bizim problemlərimizdən biri də elə budur: müxtəlif sferalarda saysız-hesabsız məhsullar idxal edilir və yəqin ki, böyük bir qismi heç hesab-kitaba da salınmır, qarşılığında isə daxili istehsal nöqsanlarla doludur. Mədəniyyət də eynilə bu cürdür; əgər siz mədəni məhsul istehsal etməsəniz, ölkəyə bu istiqamətdə cürbəcür məhsullar idxal edilməyə başlayacaq; istər rəsmi yolla, istərsə də qaçaqmalçılıqla. Hazırda ölkəyə idxal edilən mədəni məhsulların sayı çoxdur; mənim bu barədə kifayət qədər məlumatım var, bəzən rəsmilərə də xatırlatmalar edirəm. İnşallah, bu məsələyə diqqət yetirərlər; bəziləri elə yetirir də.    

Düşmən daim düşünür; özlərinin “beyin mərkəzi” adlandırdığı o müəssisələrdə oturub düşünürlər ki, İran xalqının mədəniyyətinə necə yol tapıb nüfuz etmək olar, gəncləri necə dəyişmək olar? Arzuları budur, istəyirlər ki, İmam Xomeyninin, inqilabın, ali dini, islami və inqilabi dəyərlərin eşqi ilə nəfəs alan siz gənclər bütün bu dəyərləri itirəsiniz, boş, puç bir mənəviyyata sahib olasınız, Qərb mədəniyyətindən, Qərb təfəkküründən asılı, ölkəsi, özü və gələcəyi üçün heç bir faydası olmayan, xaraktersiz marionetlərə çevriləsiniz; bunu arzulayırlar. Bunun üçün planlar cızır, iş aparır, səy göstərirlər. Bunlar təhlükəsizlik sferasında yürütdükləri məkrli planlardan, müharibə təhdidlərindən ayrı fəaliyyətlərdir və zənnimcə birincilərdən daha təhlükəlidir. Düşmən müharibəyə başladığı zaman xalqda daha böyük stimul yaranır, bütün xalq düşmən qarşısında yumruğunu daha möhkəm düyünləyir. Müharibə belədir. Mədəni hücumlar isə əksinə; düşmən mədəniyyətə hücumlar etməyə müvəffəq olsa, insanları süst, halsız, qətiyyətsiz edir, iradələri zəiflədir, ölkənin gəncliyini əlindən alır, işə yaraya biləcək qüvvələri xaraktersiz bir vəziyyətə gətirir; mədəniyyətə edilən hücumlar belədir. Buna qarşı mübarizə aparmağın yolu isə mədəni məhsullar ərsəyə gətirməkdir. Mədəni məhsullardan biri də elə sizin gördüyünüz bu işdir, “Nur yolçuları” ekspedisiyalarıdır. Bu ekspedisiyalar, doğrudan da, bir başlanğıc idi, Keşikçi Korpusda və digər qurumlarda olan əziz qardaşlarımızın əsasını qoyduğu gözəl bir ənənə idi; bu gözəl işi onlar başlatdılar. Hər halda, ümidvaram, bu iş ən gözəl şəkildə davam etdiriləcək. 

Bir şeyi də qeyd edim: bu turlarda insanlara bələdçilik edən qidlər səfər əsnasında nələr barədə məlumat verməli olduqlarını bilməlidir. Bu turlar adi qaydada səyahətə çıxıb, misal üçün, hansısa tarixi tikiliyə baxış keçirən yerli və ya xarici turistlərin səfərlərindən fərqlənir. Bu, başqa bir şeydir, bunu onunla qarışdırmaq olmaz. Orada verilən məlumatların bir formatı var, bu turlarda verilənlərin isə bir başqa. Burada verilən məlumatlar izahlarla, tanıtmalarla, Müqəddəs Müdafiə dövrünün müsbət və parlaq məqamlarının, həqiqətlərinin və dəyərlərinin açıqlanması ilə dolu olmalıdır; bu formatda qurulmalıdır. Əlbəttə, mən demirəm ki, həqiqətləri şişirdin, mübaliğə edin. Mən əsla şişirtməçilik, mübaliğə və bu kimi şeylərin tərəfdarı deyiləm. Əksinə, 8 illik müharibə dövründə bizim uğurlu əməliyyatlarımız da olub, uğursuz da. Tutalım, “Ramazan” əməliyyatı –misal üçün – və ya “Kərbəla 4”; uğursuz əməliyyatlarımız olub. Uğurlu əməliyyatlarımız da olub; məsələn, “Vəl-fəcr 8” əməliyyatında gənclərimiz Ərvənd çayının o tərəfinə qədər getmişdilər; amma həmin o uğurlu əməliyyatlar da yüz cür problemlə, çətinliklə müşayiət olunub. İnsanlar hamısı eyni cür deyil, cürbəcür çətinliklər olurdu; bəziləri yolun yarısında geri qayıdırdı, bəziləri peşman olurdu, bəziləri irəli getmək istəmirdi, bəziləri öhdələrinə düşən vəzifəni yerinə yetirməkdən çox, “mənim haqqımda nə deyəcəklər” deyə düşünürdü; belələri də varımız idi. Qoy bunları da deyək, problem yoxdur. O qeyri-adi parıltılar: o xalis insanlar, o əziz, aliməqam şəhidlər özünü, öz dəyərlərini, böyüklüyünü bütün bunların kontekstində büruzə verir. Buna görə də mübaliğə etməyimizə, nəyi isə şişirtməyimizə və ya sanki onlar başqa cür insanlarmış kimi danışmağımıza heç bir lüzum yoxdur. Xeyr, onlar da bizim kimi insan idi, intəhası yolu bizdən yaxşı bilirdilər, həyatı bizdən yaxşı dərk etmişdilər, müqəddəratları daha gözəl idi, Allaha təvəssülləri daha çox idi, Allah-taala da onlara daha çox diqqət yetirərək öz lütf və rəhmətinə qərq etdi.

Xuzestan, İylam, Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan – ölkənin qərb sərhədlərindəki bu 5 ostandan hər birinin öz yeri, öz dəyəri, öz məqamı var. Oranın əhalisinə diqqət və sevgi ilə yanaşmaq lazımdır. Onlar hamısı dəstək oldu. Gördüyünüz bütün bu sferalarda əgər camaatın dəstəyi olmasaydı, işlər irəli getməzdi. Məhz camaatın dəstəyi ilə döyüşçülər öz işlərini uğurla həyata keçirə bildilər. Döyüş meydanlarında olduğum o qısa etapda mən əhalinin köməyinin, dəstəyinin, döyüşçülərə göstərdiyi xüsusi diqqətin öz gözlərimlə şahidi olmuşam. Məhz bu, döyüşçüləri böyük işlər görməyə, öhdələrinə düşən işi layiqincə yerinə yetirməyə təşviq edirdi. Ümidvaram ki, inşallah, Allah-taala sizə dəstək olacaq, uğurlar nəsib edəcək, gördüyünüz bu işə bərəkət verəcək və bu işin bərəkətli nəticələri ölkənin bu gününə və gələcəyinə müsbət təsir göstərəcək.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_______________________

(1) Görüşün əvvəlində Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmmədhüseyn Baqiri məruzə ilə çıxış etmiş, cənab Sadiq Ahəngran Müqəddəs Müdafiə şəhidlərinə və şəhid üzgüçülərə həsr olunmuş mədhiyyələr oxumuşdur. 
(2)  “Əmaliye-Səduq”, səh 668, azacıq fərqlə. 
(3)  “Günəş gözdən itəndə” kitabı; Əli Xoşləfzin xatirələri; haqqında söhbət gedən həmədanlı döyüşçü Şəhid  Çitsaziyandır. 
(4) Ali Məqamlı Rəhbər bu sözləri deyərkən ağlayır.