Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bizim şüarımız budur: Nüvə enerjisi – hamıya, nüvə silahı – heç kəsə!

Qoşulmama Hərəkatına üzv olan ölkələrin başçılarının 16-cı sammiti bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Tehranda öz işinə başladı.

Yer kürəsinin dörd qitəsindəki ölkələri təmsil edən 120 dövlət başçısı və yüksək vəzifəli rəsmilərin qarşısında çox mühüm bəyanatla çıxış edən Ali Məqamlı Rəhbər qlobal arenada həssas şəraitin hökm sürdüyünə, dünyanın olduqca mühüm bir tarixi dönüş mərhələsini keçməkdə olduğuna, təkistiqamətli imperializm sistemi qarşısında çoxaspektli yeni bir sistemin formalaşma əlamətlərinin özünü büruzə verdiyinə toxundu. Ali Məqamlı Rəhbər müstəqil ölkələrin qarşısında duran müjdəverici fürsətləri, Qoşulmama Hərəkatına üzv olmuş ölkələrin əsas amallarını şərh etdi. O həmçinin qeyd etdi ki, beynəlxalq müstəvidə mövcud olan yanlış quruluşun eybəcər, köhnəlmiş, ədalətsiz və qeyri-demokratik strukturu dünya əhalisinin, özəlliklə də Qərb millətlərinin səbir kasasını daşdırmışdır və bu, müxtəlif əlamətlərlə özünü büruzə verməkdədir. Ali Məqamlı Rəhbər vurğuladı: “Qoşulmama Hərəkatı müasir beynəlxalq sistemin formalaşmasında yeni bir rol ifa etməlidir. Bu hərəkatın üzvləri dünyanı daimi asayiş pozğunluğundan, müharibələrdən və imperializmdən xilas etmək naminə öz geniş imkan və potensiallarını birləşdirərək qalıcı və tarixi bir rol oynamalıdırlar”.  

Ali Məqamlı Rəhbərin bəyanatının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

الحمدلله رب‌العالمین و الصلوة و السلام علی الرسول الاعظم الأمین و علی آله‌ الطاهرین و صحبه المنتجبین و علی جمیع الانبیاء والمرسلین


Sizə - əziz qonaqlarımıza, Qoşulmama Hərəkatına üzv olan ölkələrin başçılarına və nümayəndə heyətlərinə, habelə bu böyük beynəlxalq sammitin digər iştirakçılarına “Xoş gəlmisiniz!” deyirəm.

Biz bura toplaşmışıq ki, Allahın yardımı və hidayəti ilə, 60 il öncə bir neçə canıyanan, məsuliyyətli siyasi liderin müdrikliyi, şücaəti, mövcud şəraiti dəyərləndirmə bacarığı sayəsində yaranmış bir hərəkatı dünyanın bugünkü tələblərinə və ehtiyaclarına uyğun tərzdə davam etdirək və ola bilsin, ona yeni bir nəfəs, yenidən bir dinamiklik bəxş edək.   

Yaxın-uzaq coğrafi regionlardan ölkəmizə toplaşmış qonaqlarımız müxtəlif irqlərə və millətlərə aiddirlər, növbənöv dini, mədəni və tarixi-irsi köklərə bağlıdırlar. Lakin bu hərəkatın banilərindən biri olan Əhməd Sukarnonun 1955-ci ildə Bandonqda keçirilən məşhur iclasda qeyd etdiyi kimi, Qoşulmama Hərəkatının əsasında coğrafiyaya, irqə, yaxud dinə görə yox, ehtiyaclara görə birləşmə durur. O zamanlar Qoşulmama Hərəkatına üzv olan ölkələr onları hegemon, imperialist və acgöz şəbəkələrin ağalığından qoruya biləcək bir birliyə ehtiyac duyurdular. İmperialistlərin metod və vasitələrinin inkişaf edərək genişlənməsi ilə həmin ehtiyac bu gün də eynilə qalmaqdadır.   

Mən başqa bir reallığa toxunmaq istəyirəm.

İslam dini bizə öyrədir ki, irqi, dini və mədəni cəhətdən fərqli olduqlarına baxmayaraq, insanlar eyni fitrətə malikdirlər. Bu fitrət onları paklığa, ədalətə, xeyirxahlığa, bir-birinə həmdərd olmağa, əl-ələ verməyə çağırır. Məhz hər kəsdə olan bu xislət cürbəcür azdırıcı motivləri salamatlıqla geridə qoya bilsə, insanları tövhidə, Uca Yaradanın zatını dərk etməyə istiqamətləndirir.

Bu parlaq həqiqət elə bir potensiala malikdir ki, azad, vüqarlı, ədalət və tərəqqidən paralel surətdə bəhrələnən cəmiyyətlərin formalaşması üçün əsas rolunu oynamağa, insanların bütün maddi və dünyəvi fəaliyyətlərinin üzərinə mənəviyyat şüası salmağa, onlara dinlərin vəd etdiyi axirət Behiştindən öncə bu dünyada Behişti nəsib etməyə qadirdir. Həmçinin məhz bu müştərək həqiqət zahiri şəkli, tarixi keçmişi və coğrafi regionu baxımından oxşarlığı olmayan xalqlar arasında qardaşcasına həmkarlığın təməlini qoya bilər.

Beynəlxalq əməkdaşlıqlar belə bir təməl üzərində möhkəmlənsə, dövlətlər öz aralarındakı əlaqələri qorxu, təhdid, tamahkarlıq və birtərəfli mənafe əsasında, xain və satqın şəxslərin vasitəçiliyi ilə yox, sağlam və müştərək mənafeyə, bundan daha üstünü – bəşəriyyətin mənafeyinə əsasən qurar, öz ayıq vicdanlarını və öz xalqlarını hər cür narahatlıqdan kənar tutarlar.

Bu ideallar sistemi son yüzilliklərdə müstəmləkəçi Qərb dövlətlərinin, bu gün isə hegemon və zorakı ABŞ dövlətinin iddia və təbliğ etdiyi, avanqardı olduğu imperializm sisteminə tamamilə ziddir.

Əziz qonaqlar!

Aradan 60 il ötdüyünə baxmayaraq, bu gün də Qoşulmama Hərəkatının başlıca amalları canlı və aktualdır – antiimperializm, siyasi, iqtisadi və mədəni suverenlik, güc qütblərindən heç birinin tərəfini tutmamaq, üzv dövlətlər arasında dostluq və əməkdaşlığı möhkəmləndirmək kimi amallar.  Dünyanın bugünkü reallıqları bu ideyalardan uzaqdır. Lakin reallıqların içərisindən keçib getmək, ideallara çatmaq üçün birgə nümayiş olunan iradə və hərtərəfli səy çətinliklərlə dolu olsa da, ümidverici və məhsuldar olur.

Yaxın keçmişdə biz soyuq müharibə dövründəki siyasətlərin məğlubiyyətinin, eləcə də bundan sonra inkişaf etmiş bir istiqamətə yönəlmə tendensiyasının şahidi olmuşuq. Bu tarixi təcrübədən ibrət götürmüş dünya yeni bir beynəlxalq sistemə keçid vəziyyətindədir və Qoşulmama Hərəkatı bu prosesdə yeni rol oynaya bilər və oynamalıdır da. Bu sistem xalqların birgə iştirakı və hüquq bərabərliyi üzərində qurulmalıdır.  Bizim – hərəkata üzv ölkələrin bu yeni sistemin formalaşması naminə həmrəylik nümayiş etdirməsi hazırkı əsrin bariz zərurətlərindən biridir.

Sevindirici haldır ki, dünyada gedən dəyişikliklərin gələcək perspektivi bir neçə aspektə malik bir sistemin formalaşacağını müjdə verir.  Bu sistemdə ənənəvi güc qütbləri öz yerini fərqli iqtisadi, ictimai və siyasi mənşəyə malik cürbəcür ölkələrdən, mədəniyyətlərdən və sivilizasiyalardan ibarət olan bir məcmuya verəcək. Son 30 ildə şahidi olduğumuz heyrətamiz hadisələr açıq-aşkar göstərir ki, yeni qüvvələrin meydana çıxması köhnə qüvvələrdə zəifliyin özünü büruzə verməsi ilə müşayiət olunub. Qüvvələrin bu tədrici yerdəyişməsi Qoşulmama Hərəkatına üzv olan ölkələrə beynəlxalq arenada effektiv və layiqli rol oynamaq, qlobal müstəvidə  ədalətli, həqiqətən, müştərək idarəetmənin bərqərar olunması üçün zəmin yaratmaq fürsəti verir. Biz – hərəkata üzv olan ölkələr yanaşma tərzimizdə və təmayüllərimizdəki fərqliliyə baxmayaraq, həmrəyliyimizi və aramızdakı bağlılığı müştərək amallar çərçivəsində uzun zaman qoruyub saxlaya bilmişik. Bu, sadə və kiçik bir nailiyyət deyil. Bu bağlılıq ədalətli və humanist bir sistemə keçidin mayası ola bilər.

Hazırkı qlobal şərait Qoşulmama Hərəkatı üçün, bəlkə də, təkrarolunmaz bir şansdır. Bizim demək istədiyimiz budur ki, dünyanın komandanlığı bir neçə Qərb ölkəsinin diktaturası ilə aparılmamalıdır. Beynəlxalq idarəetmə arenasında dünya miqyaslı demokratik bir tərəfdaşlıq qurmaq və onun real fəaliyyətini zəmanət altına almaq lazımdır. Bir neçə hegemon və müstəmləkəçi dövlətin üzərilərinə əl qoyması ucbatından müstəqim və ya qeyri-müstəqim surətdə nə vaxtsa ziyan çəkmiş və bu gün də ziyan çəkən bütün ölkələrin ehtiyacı budur.

BMT-nin Təhlükəsizlik Şurası məntiqsiz, ədalətsiz, tamamilə qeyri-demokratik bir struktura və iş mexanizminə malikdir. Bu açıq-aşkar diktatura, köhnəlmiş, dövrünü başa vurmuş bir vəziyyət, keçmişdə qalmış bir tarixdir. Amerika və onun havadarları məhz bu yanlış mexanizmdən sui-istifadə etməklə öz zorakılıqlarına nəcib məfhumlar donu geydirərək onları dünyaya sırıya bildilər. Onlar “insan haqları” deməklə Qərbin mənafeyini yürüdürlər, “demokratiya”dan danışıb bu adla ölkələrə hərbi müdaxilə edirlər, “terrorla mübarizə” deyib, şəhər və kəndlərin müdafiəsiz əhalisini öz silahlarına və bombalarına hədəf edirlər. Onların gözündə bəşəriyyət birinci, ikinci və üçüncü dərəcəli vətəndaşlara bölünür. Asiya, Afrika və Latın Amerikasında insanın canına ucuz, Amerika və Qərbi Avropada isə baha qiymət qoyulur. Amerika və Avropanın təhlükəsizliyi mühüm, bəşəriyyətin qalan hissəsininki isə əhəmiyyətsiz sayılır. İşgəncə və terror Amerikanın, sionistlərin və onların əlaltılarının əli ilə həyata keçirilirsə, buna icazə var və göz yumulması tamamilə mümkün olan bir şeydir. Müxtəlif qitələrin çoxsaylı məntəqələrində müdafiəsiz, vəkilsiz, mühakiməsiz məhbuslara qarşı ən çirkin, nifrət doğuran rəftarlara şahid olan məxfi zindanları onların vicdanını narahat etmir. Yaxşıya və pisə tamamilə subyektiv, birtərəfli tərif verilir. Öz mənafelərini “beynəlxalq qanunlar”, öz amiranə, qeyri-qanuni istəklərini isə “dünya ictimaiyyəti” adı altında xalqlara yükləyirlər. Monopoliyalarında olan təşkilatlanmış media şəbəkələri vasitəsilə öz yalanlarını doğru, batillərini haqq, zülmlərini ədalətpərvərlik kimi qələmə verirlər. Qarşılığında isə yalanlarını ifşa edən istənilən haqq sözə yalan, istənilən haqq tələbinə qiyam adı qoyurlar.                 

Dostlar! Bu eybəcər və ziyan dolu vəziyyət davam edə bilməz! Bu yanlış beynəlxalq quruluş hamını yorub.  Amerika xalqının bu ölkədəki sərvət və qüdrət mərkəzləri əleyhinə həyata keçirdiyi “99 faiz” hərəkatı, Qərbi Avropa ölkələrində hökumətlərin iqtisadi siyasətinə qarşı çevrilmiş ümumxalq etirazları da xalqların səbir kasasının artıq daşdığını, onların bu vəziyyətə artıq tab gətirə bilmədiklərini göstərən nişanələrdir. Bu məntiqsiz vəziyyətə bir əlac etmək lazımdır.

Qoşulmama Hərəkatına üzv olan ölkələrin möhkəm, məntiqi və hərtərəfli ittifaqı çıxış yolunun tapılmasına və qət olunmasına dərin təsir göstərə bilər.

Möhtərəm iştirakçılar!

Beynəlxalq sülh və asayiş bu gün dünyamızın kritik problemləri sırasındadır. Faciə saçan kütləvi qırğın silahlarının yox edilməsi təcili bir zərurət, bütün bəşəriyyətin tələbidir. Müasir dünyada təhlükəsizlik müştərək, ayrı-seçkilik tanımayan bir təzahürdür. Öz cəbbəxanalarında bəşəriyyətə qarşı çevrilmiş silahları toplayanların özlərini qlobal təhlükəsizliyin bayraqdarı kimi qələmə verməyə haqları yoxdur. Bu, sözsüz ki, heç onların özlərinə də təhlükəsizliyi ərməğan edə bilməyəcək. Bu gün böyük təəssüflə müşahidə edirik ki, ən çox nüvə silahına malik olan ölkələr bu ölümsaçan vasitələri öz hərbi doktrinalarından çıxarmaq üçün ciddi və real iradə nümayiş etdirmirlər, bu silahları onlara yönələcək istənilən təhdidi dəf etməyə imkan verən amil, beynəlxalq və siyasi nüfuzlarını müəyyənləşdirən mühüm göstərici hesab edirlər. Bu təsəvvür tamamilə qəbuledilməzdir.

Nüvə silahı nə təhlükəsizliyin təminatıdır, nə də siyasi qüdrəti möhkəmləndirir; əksinə, bunlardan hər ikisini təhdid edir. 20-ci əsrin 90-cı illərində baş vermiş hadisələr göstərdi ki, bu silaha malik olması hətta keçmiş Sovet İttifaqı kimi bir rejimi də qoruya bilmədi. Bu gün də elə ölkələr tanıyırıq ki, ixtiyarlarında atom bombası olduğuna baxmayaraq, məhvedici təhlükələrlə üz-üzədirlər.

İran İslam Respublikası nüvə silahından, kimyəvi və buna bənzər silahlardan istifadəni böyük və bağışlanmaz günah hesab edir. Biz “Orta Şərqdə nüvə silahı olmamalıdır!” şüarını irəli sürmüşük və ona sadiqik. Lakin bu, nüvə enerjisindən sülhməramlı istifadə hüququna göz yummaq, nüvə enerjisinin istehsalından imtina etmək anlamına gəlmir. Bu enerjidən beynəlxalq qanunvericiliyə uyğun olaraq, sülhməramlı istifadə etmək hər bir ölkənin haqqıdır. Bu sağlam enerjidən öz ölkəsinin və xalqının müxtəlif həyat sferalarında istifadə etmək imkanına hər kəs sahib olmalı, bu haqqının təmin olunması üçün başqalarından asılılıq duymamalıdır. Özündə nüvə silahı olan, bu qeyri-qanuni işə imza atmış bir neçə Qərb ölkəsi nüvə enerjisi istehsal etmək imkanını da öz inhisarlarında saxlamağa çalışırlar. Nüvə enerjisinin istehsalı və satışını “beynəlxalq mərkəz” adı daşıyan, reallıqda isə bir neçə Qərb ölkəsinin əlində olan qurumların daimi şəkildə inhisarına salmaq istiqamətində gizli iş gedir.

Günümüzün acı ironiyası isə budur ki, ən çox və ən öldürücü nüvə silahlarına, eləcə də digər kütləvi qırğın silahlarına malik olan, onlardan istifadə günahına mürtəkib olmuş yeganə dövlət sayılan Amerika bu gün əlinə bayraq alıb qabağa düşmək, nüvənin yayılmasının əleyhinə çıxmaq istəyir. Onlar və Qərbdəki şərikləri qəsbkar İsrail rejimini nüvə silahları ilə təchiz edib, bu həssas regionu böyük bir təhlükə ilə üz-üzə qoyublar. Buna baxmayaraq, bu yalançı qrup müstəqil dövlətlərin nüvə enerjisindən sülhməramlı istifadəsinə dözə bilmir. Onlar hətta nüvə enerjisinin radiodərman preparatları, eləcə də digər humanist və sülhməramlı məqsədlər naminə istehsalına qarşı bacardıqları kimi mübarizə aparırlar. Yalandan bəhanə gətirirlər ki, atom silahının istehsalından qorxurlar. İran İslam Respublikası ilə bağlı yalan danışdıqlarını özləri də bilirlər, lakin mənəviyyatdan azacıq belə olsun əsər-əlamət yoxdursa, siyasət yalana da icazə verir. 21-ci əsrdə ağzını açıb kimisə atom silahı ilə təhdid edən və bundan utanmayan kəs yalan danışmaqdan utanıb çəkinərmi?!

Mən vurğulayıram ki, İran İslam Respublikası heç vaxt nüvə silahı dərdində olmayıb, eləcə də heç vaxt öz millətinin nüvə enerjisindən sülhməramlı istifadə haqqına göz yummayacaq! Bizim şüarımız “Nüvə enerjisi – hamıya, nüvə silahı – heç kəsə!” şüarıdır. Biz bunların hər ikisinin üzərində möhkəm duracağıq və bilirik ki, bir neçə Qərb ölkəsinin NPT sazişi çərçivəsində nüvə enerjisinin istehsalı ətrafında qurduğu inhisarın qırılması bütün müstəqil ölkələrin, o cümlədən Qoşulmama Hərəkatına üzv olan ölkələrin xeyrinədir.

Amerika və onun müttəfiqlərinin hərtərəfli zorakılıq və hegemonluğuna qarşı 30 illik uğurlu mübarizə təcrübəsi İran İslam Respublikasını qəti surətdə inandırıb ki, bir yumruqda birləşmiş, güclü əzmə malik olan bir xalqın müqaviməti bütün düşmənçilik və ədavətlərə qalib gəlməyə, uca hədəflərə aparan qürurverici yolda bütün maneələri aradan qaldırmağa qadirdir. Ölkəmizin son 20 ildə nail olduğu hərtərəfli inkişaf hər kəsin gözü önündə olan, beynəlxalq müşahidəçilərin dəfələrlə etiraf etdikləri bir reallıqdır. Həm də bütün bunlar iqtisadi sanksiya və təzyiqlər, Amerika və sionizmdən asılı media şəbəkələrinin təbliğat hücumları şəraitində gerçəkləşib. Boşboğazların “iflicedici” adlandırdığı sanksiyalar nəinki bizi iflic etməyib və etməyəcək, hətta addımlarımızın daha da möhkəmlənməsinə, əzmimizin daha da yüksəlməsinə səbəb olub, təhlillərimizin düzgünlüyünə, xalqımızın daxili güc və bacarığına olan inamımızı daha da gücləndirib. Bu qarşıdurmada biz Allahın yardımını dəfələrlə öz gözümüzlə görmüşük!

Əziz qonaqlar!

Burada çox mühüm bir problemə də toxunmağı lazım bilirəm. Bu məsələ regionumuzla əlaqəli olsa da, onun geniş aspektləri regionumuz aşmış və son bir neçə onillik ərzində qlobal siyasətə öz təsirini göstərmişdir. Həmin ağrılı problem Fələstin problemidir. Fələstin məsələsini bu formada xülasələmək olar: Fələstin adlı müstəqil, açıq-aydın tarixi kimliyi olan bir ölkə 20-ci əsrin 40-cı onilliyində İngiltərə başda olmaqla Qərbin cızdığı dəhşətli plan əsasında öz xalqından qəsb olunub, silah, qətl və yalan gücünə əksəriyyət etibarilə Avropa ölkələrindən köçürülmüş əhaliyə verilib. Başlanğıcda şəhər və kəndlərdə köməksiz insanların kütləvi qətli, ev-eşiyindən didərgin salınaraq həmsərhəd ölkələrə qovulması ilə müşayiət olunan bu böyük işğal 60 ildən çox müddət ərzində eyni cinayətlərlə davam etmişdir və bu gün də davam etməkdədir. Bu, bəşər cəmiyyətinin ən mühüm problemlərindən biridir. Qəsbkar İsrail rejiminin siyasi və hərbi komandanlığı bu müddət ərzində heç bir cinayətdən çəkinməmişdir: insanların qətlindən, evlərinin və əkin sahələrinin viran qoyulmasından, kişi və qadınların, hətta uşaqların əsir götürülərək onlara işgəncə verilməsindən tutmuş bu xalqın təhqir olunmasına, ehtiramının alçaldılmasına, onu İsrail dövlətinin haramxor mədəsində həzm etmək səylərinə, Fələstinin özündə və qonşu ölkələrdə milyonlarla qaçqına sığınacaq olan düşərgələrə edilən hücumlara qədər. Səbra, Şətila, Qana, Deyr-Yasin və bu kimi adlar regionumuz tarixinə məzlum Fələstin xalqının qanı ilə yazılıb. Aradan 65 il ötdükdən sonra – bu gün də yırtıcı sionist canavarları işğal olunmuş ərazidə qalan fələstinlilərə qarşı eyni cinayətləri davam etdirirlər. Onlar bir-birinin ardınca yeni cinayətlər törədir, regionu yeni böhranla üz-üzə qoyurlar. Öz vətənini və qürurunu müdafiə etmək, evini və əkin yerlərini viran olmaqdan qorumaq üçün etiraza qalxmış gənclərin qətli, şikəst edilməsi və həbsi barədə xəbərlərin gəlmədiyi günlər çox az olur. Faciəli müharibələr törətmək, əhalini qırmaq, ərəb torpaqlarını işğal etmək, regionda və dünyada dövlət terrorizmini təşkilatlandırmaqla on illər boyunca terror, müharibə və şər saçmış İsrail öz hüquqlarını bərpa etmək naminə ayağa qalxıb mübarizə aparan Fələstin xalqını terrorçu adlandırır, sionizmə aid olan media şəbəkəsi, eləcə də Qərbin əksər satqın KİV orqanları isə etik və media normalarını tapdalayaraq bu ağ yalanı təkrarlayırlar. İnsan haqları iddiasında olan dövlət başçıları da bu qədər cinayətə göz yumaraq qan çanağı olan bu rejimi həyasızcasına dəstəkləyir, onu müdafiə edən vəkil rolunda çıxış edirlər.

Bizim sözümüz budur ki, Fələstin fələstinlilərindir və onun işğalının davam etdirilməsi böyük və dözülməz bir zülm, qlobal sülh və təhlükəsizlik üçün ciddi bir təhdiddir. Qərblilərin və onlardan asılı olan ölkələrin Fələstin probleminin həlli üçün irəli sürüb həyata keçirdiyi bütün həll yolları yanlış və uğursuz olub və bu, gələcəkdə də belə olacaq. Biz ədalətli və tamamilə demokratik bir həll yolu təklif etmişik: müsəlman, xristian, yaxud yəhudiliyindən asılı olmayaraq, bütün fələstinlilər –istər oranın indiki əhalisi, istərsə də başqa ölkələrə qaçqın düşmüş, lakin Fələstin vətəndaşlığını saxlamış insanlar dəqiq və etibarlı nəzarət mexanizmi altında keçiriləcək ümumxalq referendumunda iştirak edərək bu ölkənin siyasi idarəetmə quruluşunu seçsinlər. İllərlə qaçqınlığın əziyyətini çəkmiş fələstinlilər öz ölkələrinə qayıdıb bu referendumda, ardınca isə konstitusiyanın tərtib edilməsi və seçki proseslərində iştirak etsinlər. Yalnız o zaman sülh bərqərar olunacaq! Bu məqamda mən indiyə qədər daim İsrail rejiminin
müdafiəçisi və dayağı rolunda çıxış etmiş Amerika siyasətçilərinə xeyirxah bir nəsihət vermək istəyirəm: indiyə qədər bu rejim sizə saysız-hesabsız başağrıları gətirib. Region xalqları arasında sizə mənfur bir sima qazandırıb və onların gözündə sizi qəsbkar sionistlərin cinayətlərinin şəriki kimi təqdim edib. Amerika dövləti və xalqı bu yolda uzun illər boyu başgicəlləndirici həcmdə maddi-mənəvi ziyanla üzləşmək məcburiyyətində qalıb. Böyük ehtimalla, gələcəkdə də eyni vəziyyət davam etsə, sizə dəyən ziyan daha da ağır olacaq. Gəlin İran İslam Respublikasının referendumla bağlı təklifi haqda düşünün və cəsarətli bir qərar verərək özünüzü indiki bu açılmaz düyündən xilas edin. Heç şübhəsiz, region xalqları və dünyanın bütün azadfikirli insanları bu addımı alqışlayacaq.

Möhtərəm qonaqlar!

Yenidən başlanğıcda dediyim sözə qayıdıram. Hazırda qlobal arenada həssas vəziyyət hökm sürür və dünya olduqca mühüm bir tarixi dönüş mərhələsini keçməkdədir. Yeni bir sistemin yaranacağı gözlənilir. Qoşulmama Hərəkatına üzv olan ölkələr dünya ictimaiyyətinin təqribən 2/3-ni təşkil edirlər və gələcəyin necə qurulmasında böyük rol oynaya bilərlər. Tehranda belə bir böyük sammitin təşkil olunmasının özü də hesaba alınmalı olan məna dolu bir hadisədir. Qoşulmama Hərəkatının üzvləri olaraq biz öz geniş imkan və potensialımızı bir araya gətirərək dünyanın qeyri-sabitlik, müharibə və imperializmdən xilas  olunmasında qalıcı və tarixi rol oynaya bilərik. Bu məqsədə yalnız bizim hərtərəfli əməkdaşlığımız sayəsində çatmaq mümkündür. Aramızda çox zəngin, beynəlxalq arenada böyük nüfuza malik olan ölkələr az deyil. İqtisadiyyat və media sahəsində əməkdaşlıq etməklə, inkişaf və yüksəliş bəxş edən təcrübələri bölüşməklə problemlərə bütünlüklə əlac etmək mümkündür. Əzmimizi möhkəmlətməliyik; hədəflərimizə sadiq qalmalıyıq; hegemon dövlətlərin qaşqabağından qorxmamalı, təbəssümlərinə aldanmamalıyıq. Allahın iradəsini və yaranışın qanunlarını özümüzə arxa bilməliyik. Kommunist düşərgəsinin 20 il öncə baş verən məğlubiyyətinə, eləcə də Qərbin “liberal demokratiya” adı verilən siyasətinin hazırda necə məğlub olduğuna ibrət gözü ilə baxmalıyıq (Bu məğlubiyyətin əlamətləri hamının gözü önündə – Avropa dövlətləri və Amerikanın küçələrində təzahür edir, bu ölkələrin iqtisadiyyatında çözülməz düyünlərin yarandığını hər kəs görür). Və ən nəhayət, Şimali Afrikada Amerikadan asılı, İsrailə tərəfdaşlıq edən diktaturaların süqutunu, regionda baş qaldırmış islami oyanışı böyük bir şans hesab etməliyik. Biz dünyanın idarəçiliyində Qoşulmama Hərəkatının siyasi məhsuldarlığını artırmaq barədə düşünə bilərik. Bu idarəçilikdə dəyişiklik yaratmaq üçün tarixi bir sənəd işləyə, onun icra mexanizmlərini hazırlaya bilərik. Effektiv iqtisadi əməkdaşlıqlar istiqamətində hərəkət etmək üçün layihələr hazırlaya, aramızda quracağımız mədəni əlaqələrin modelini təqdim edə bilərik. Heç şübhəsiz, bütün bunların təşkili üçün fəal və stimul dolu bir katibliyin yaradılması bu məqsədlərə çatmaqda bizə böyük və effektiv kömək edə bilər.

Təşəkkür edirəm.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /