Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sadəlik və xoşüzlülük İslam dövlətində xalqa xidmətin zəruri şərtidir!

Kirmanşah vilayətində keçirdiyi xüsusi iclasdan sonra bu axşam (çərşənbə günü) Nazirlər Şurasının üzvləri Ali Məqamlı Rəhbərlə görüşərək hökumətin vilayətdəki problem və çatışmazlıqların aradan qaldırılması, ümumilikdə bu regionun inkişaf tempinin sürətləndirilməsi istiqamətində qəbul etdiyi qərar və tədbirlər haqda hesabat verdilər.

Görüş əsnasında Həzrət Ayətullah Xamenei bildirdi ki, Kirmanşah vilayətindəki problemlərin həlli üçün hökumətin işə hərtərəfli əzmlə yanaşmasına, fövqəladə əmək sərf etməsinə və xüsusi tədbirlər görməsinə ehtiyac var. Regiondakı problemlərə ciddi diqqət yetirdiyinə görə Nazirlər Kabinetinin üzvlərinə təşəkkürünü bildirən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Kirmanşahın dəyərli əhalisinə xidmət üçün tam ciddiyyət və dinamika ilə işə girişmək lazımdır ki, vilayətin vəziyyətində hiss olunan sıçrayış müşahidə olunsun”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, ümumilikdə bütün ölkə əhalisinin xidmətində durmağın vacibliyi, vilayət əhalisinin fərqli bir ruh yüksəkliyi və səmimiyyətə malik olması, habelə vilayətdə əksər inkişaf göstəricilərinin ölkədəki orta statistik göstəricilərdən geri qalması hökumətin Kirmanşahdakı problemlərin həllinə xüsusi diqqət və  təşəbbüskarlıqla yanaşması üçün 3 mühüm dəlildir. O dedi: “Regionda bir sıra müsbət işlər görülüb, lakin Kirmanşah vilayətinin bu nəcib əhalinin layiq olduğu səviyyəyə çatmasına hələ çox var”.

“Rəsmilərin xalq qarşısındakı vəzifələrini layiqincə yerinə yetirib-yetirmədiklərinə məsuliyyət və nigaranlıqla yanaşması çox vacib və təqdirəlayiq bir işdir” –  deyən  Həzrət Ayətullah Xamenei  əlavə etdi: “Hökumət Kirmanşah vilayəti ilə bağlı qəbul etdiyi qərarların icrasına ardıcıl nəzarət olunması üçün xüsusi işçi qrup yaratmalıdır. Başda vəli-fəqihin Kirmanşahdakı nümayəndəsi olmaqla, vilayətin qubernatoru və Kirmanşah əhalisinin parlamentdəki nümayəndələri də bu qərarların icrasına ciddi nəzarət etməlidirlər ki, əhalinin vəziyyətində ciddi təkan müşahidə olunsun”.

Məşğulluğun vilayətin əsas problemi olduğunu qeyd edən Ali Məqamlı Rəhbər rəsmiləri sözügedən problemin aradan qaldırılması üçün ikiqat artıq təşəbbüs göstərməyə çağıraraq dedi: “Münasib zəminin hazırlanması, o cümlədən özəl sektorun investisiya qoyuluşuna cəlb edilməsi, əkinçilik, sənaye və s. sferalarda lazımi infrastrukturların yaradılması ilə işsizlik problemi həll olunmalı, vilayət əhalisinin və gənclərin əsas narahatlığına son qoyulmalıdır”.

Görüş əsnasında Ali Məqamlı Rəhbər hökumətin Kirmanşah vilayətinin inkişafı üçün həyata keçirməli olduğu digər başlıca fəaliyyət istiqamətləri sırasında vilayətdəki bəndlərə qonşu olan məntəqələrdə su kanallarının yaradılması, sərhəd ticarətinin genişləndirilməsi, ixracatın və mal tranzitinin artırılması, özəl sektorun investisiyaya cəlb olunmasına əngəl olan səbəblərin aradan qaldırılması kimi məsələləri də qeyd etdi.

“Vilayətdə ehtiyac duyulan prioritetlər real şəkildə müəyyən edilməlidir. İkinci-üçüncü dərəcəli məsələlərə vaxt sərf etmək lazım deyil” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Fəaliyyət proqramını o şəkildə qurun ki, təsdiq edilmiş layihələrin icrası üçün tələb olunan maliyyə vəsaiti, mütləq, təmin olunsun və elə indidən onlara ümid bağlamaq mümkün olsun”.

Dövlətin işləmək, əlindən gələn səyləri əsirgəməmək üçün kifayət qədər stimula malik olduğunu qeyd edən Ali Məqamlı Rəhbər üzünü icraedici hakimiyyətin rəsmilərinə tutaraq aşağıdakıları tövsiyə etdi: “Son günə qədər həmin həvəs və stimulla xalqa xidmət edin. İmkan verməyin ki, fəaliyyətinizin sonuna iki il qalması, səlahiyyət müddətinizin başa çatmaq üzrə olması kimi məsələlər işinizə mənfi təsir göstərsin”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqa münasibətdə sadəlik və xoşüzlülük İslam dövlətində vəzifə səlahiyyətləri yerinə yetirmənin, xalqa xidmətin zəruri şərtlərindəndir. Hicablı bir bəsici xanımın uşu idman növü üzrə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanmasına toxunan Ali Məqamlı Rəhbər dedi: “Kirmanşah vilayətinin müxtəlif təbəqələri təmsil edən, səmimiyyət və comərdlik əhval-ruhiyyəsi ilə gərgin işə girişmiş əhalisi ən yüksək xidmətə layiqdir”.

Vəli-fəqihin vilayət üzrə nümayəndəsi və Kirmanşahın imam-cüməsinin, vilayət əhalisinin parlamentdəki nümayəndələrinin və yerli strukturların rəsmilərinin iştirakı ilə keçən görüşün əvvəlində ölkə başçısının birinci müavini cənab Rəhimi çıxış edərək bildirdi ki, Nazirlər Şurasının Kirmanşahda baş tutan dünənki iclasında 140 xüsusi qərar qəbul olunub. Qəbul olunmuş qərarların icrası ilə vilayətin inkişaf tempi diqqətəlayiq dərəcədə sürətlənəcək.

Prezidentin birinci müavini hökumətin Kirmanşah vilayəti ilə bağlı təsdiq etdiyi ən mühüm layihələr haqqında ətraflı danışaraq işsizliyin aradan qaldırılması, əkinçilik suyunun təminatı, bəndlərlə bağlı layihələrin icrası, ölkənin qərb bölgələrini sərhədlə birləşdirən dəmir yolunun təkmilləşdirilməsi, sənaye infrastrukturlarının inkişaf etdirilməsi üçün xüsusi kreditlərin ayrılması, yoxsulluğun aradan qaldırılması, ölkənin qərbində kompleks beynəlxalq universitetin təsis edilməsi ilə bağlı  layihələr üçün xüsusi büdcənin təsdiqi, sərhəd ticarətinə diqqət ayrılması, yüzlərlə şəhər və kənd quruculuğu layihəsinin icrası, vilayət universitetlərinin maddi-texniki baza ilə təchiz edilməsi, mədəniyyət və təhsillə bağlı layihələrin işlənib hazırlanması kimi məsələləri qeyd etdi.

Cənab Rəhimi əlavə etdi: “Qəbul olunmuş qərarların ən qısa zamanda icrası üçün lazımi mexanizmlərin hazırlanması və qərarların tam surətdə icrasına nəzarət məqsədilə prezidentin birinci müavinin rəhbərliyi altında Nazirlər Şurasının üzvlərindən ibarət xüsusi işçi qrup təşkil olunacaq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /