Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fələstin bütövlükdə Fələstin xalqının olmalıdır!

“Fələstin bütövlükdə Fələstin xalqının olmalıdır!” – bu gün səhər keçirilən sayca beşinci Fələstin Müqavimət Hərəkatına Dəstək Ümumdünya Konfransında İslam ümmətinin Fələstin problemi ilə bağlı başlıca strategiyasını şərh edən Ali Məqamlı Rəhbərin vurğuladığı əsas və prinsipial məqam bu oldu.

Fələstin və Livan müqavimət dəstələrinin nüfuzlu liderləri, dünyanın azad fikirli, ədalətpərvər alim və mütəfəkkirləri, İslam dünyasının parlament sədrləri və məsul parlamentariləri qarşısında çıxış edən Ali Məqamlı Rəhbər İran İslam Respublikasının Fələstin məsələsinə yanaşması haqda danışaraq dedi: “İslam ümmətinin ülvi məqsədi – bir qarış torpağını belə güzəştə getmədən müsəlman Fələstin məmləkətinin azad edilməsi arzusu yalnız səbir, müdriklik, Allaha təvəkkül, eləcə də müqavimət dəstələrinin, müsəlman dövlətləri və xalqlarının hamılıqla mücahidə nümayiş etdirməsi sayəsində gerçəkləşəcək”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Fələstin məsələsi İslam ümməti üçün ortaq olan problemlər içərisində ən önəmli yer tutan bir məsələdir. Fikrini əsaslandıran Ali Məqamlı Rəhbər dedi: “Bir müsəlman ölkəsinin işğalı və müxtəlif ölkələrdən gəlmiş yadellilərin öhdəsinə buraxılması, tarixdə misli görünməmiş bu hadisənin gedişində müsəlmanlara qarşı ardıcıl olaraq qətl, cinayət və təhqirlərə yol verilməsi, müsəlmanların ilk qibləsində və Fələstindəki başqa dini abidələrdə dağıntı və xəsarətlərin törədilməsi Fələstinin İslam dünyasının bir nömrəli problemi olduğunu sübut edən dəlillərdir”.

“İsrail rejimi Qərbin İslam ümmətinin kürəyinə sancdığı xəncərdir!” –  deyən Ali Məqamlı Rəhbər əlavə etdi ki, qondarma İsrail dövləti və ictimaiyyəti imperialist dövlətlərin İslam dünyasının ən strateji bir nöqtəsində İslama və müsəlmanlara qarşı mübarizə aparması üçün şərait yaradan hərbi, siyasi və təhlükəsizlik bazasına çevrilib və bu, Fələstin probleminin prioritetini sübut edən daha bir dəlildir.

Fələstin probleminin prioritet əhəmiyyət daşıdığını sübuta yetirmək üçün Həzrət Ayətullah Xameninin istinad etdiyi beşinci önəmli dəlil bu oldu ki, sionizm Fələstinin işğalından dünyada öz nüfuzunu gücləndirmək, müstəmləkəçilik siyasətini genişləndirmək üçün bir dayaq nöqtəsi kimi istifadə edir. O dedi: “Bu günə qədər müsəlman ölkələrinin Fələstin problemi ilə bağlı üzləşdiyi ağır maddi xərclər və insan tələfatı, milyonlarla fələstinli qaçqının bitib-tükənmək bilməyən əzab-əziyyəti, İslam dünyası üçün mühüm olan bir sivilizasiya mərkəzinin inkişaf tarixinin qırılmaya məruz qalması və digər çoxsaylı sübutlar buna işarə edir ki, müsəlmanlar bütün digər önəmli problemlərin sırasında Fələstin probleminin həllini önə çəkməlidirlər”.

Qeyd olunan ideoloji, insani, siyasi və tarixi dəlilləri sadaladıqdan sonra Həzrət Ayətullah Xamenei əsas və prinsipial əhəmiyyət daşıyan digər bir məqama toxundu. O vurğuladı: “Fələstin məsələsinin əvəzsiz əhəmiyyətini sübuta yetirən daha bir mühüm dəlil bu problemin İslam ümmətinin müqəddəratında həlledici bir etapın başlanğıcı sayılan, möhtəşəm və geniş əhatəli islami oyanış hərəkatının formalaşmasına göstərdiyi hiss olunan təsirdir”.

Ali Məqamlı Rəhbər mövzu ilə bağlı aşağıdakıları da əlavə etdi: “Heç şübhəsiz, qüdrətli, mütərəqqi, yumruq kimi birləşmiş bir müsəlman ittifaqının yaranması ilə nəticələnə biləcək, Allahın köməyi, liderlərinin güclü əzmi sayəsində müsəlman xalqlarının gerilik, zəiflik və həqarət dövranına son qoyacaq bu islami oyanış öz gücünün və tarixi qəhrəmanlığının mühüm bir qismini Fələstin hadisələrindən əxz edib”.

Fələstin məsələsinin islami oyanışın formalaşmasına göstərdiyi təsiri əsaslandıran Ali Məqamlı Rəhbər İsrail rejiminin günü-gündən artan zülm və zorakılığına, Amerikanın muzduru olan bəzi diktator və korrupsiyaçı hökumət başçılarının İsrailə havadarlıq etməsinə, Liviyada 33, Qəzzada isə 22 gün davam etmiş hərbi əməliyyatlarda mömin gənclərin ilhamverici müqavimətinə və ecazkar qələbələrinə toxunaraq dedi: “Bu reallıqlar Misir, Tunis və Liviya xalqlarını, habelə zahirən sakit bir okeana bənzəyən digər region ölkələrini təlatümə gətirmiş, mübarək islami oyanış hərəkatının formalaşmasına yol açmış mühüm amillərdəndir”.

Regiondakı vəziyyəti analiz edərkən qeyd olunan problemləri ciddi surətdə nəzərə almaq lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İstənilən qərarın düzgün və ya yanlış olduğu bu faktlara diqqət yetirməklə məlum ola bilər”.

Çıxışının bu qismini yekunlaşdıran Həzrət Ayətullah Xamenei dedi: “Düzgün mühakimə yürütsək, görərik ki, bu gün Fələstin problemi daha artıq əhəmiyyət kəsb edən və təcili həllini gözləyən bir problemə çevrilib. Hazırkı şəraitdə Fələstin xalqının İslam ölkələrindən daha çox şey gözləməyə haqqı var”.

Daha sonra Həzrət Ayətullah Xamenei Fələstinin işğalı məsələsinə qısaca, lakin çarə axtarışı xarakterli yanaşmasını ifadə etdi. İmperialist dövlətlərin, xüsusilə də işğalçı İngiltərə hökumətinin Fələstin xalqının soyqırımında, ev-eşiyindən didərgin salınmasında ifa etdikləri rola, bu qanlı faciələrdə əlbir olub xaincəsinə əməkdaşlıq etmələrinə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Fələstinin daxilində amansızcasına boğulmuş ilkin müqavimət dalğaları, Amerika, İngiltərə və Fransanın İsrailə verdiyi dəstək sayəsində uğursuzluqla üzləşdiyinə və müsəlman torpaqlarının digər hissələrinin əldən çıxması ilə nəticələndiyinə baxmayaraq, ərəb ölkələrindən bir neçəsinin sionist rejiminə qarşı apardığı klassik döyüşlər, ən nəhayət, Fələstin silahlı dəstələrindən ibarət Fələstin Azadlıq Təşkilatının yaradılması xalqı ümidləndirmiş, lakin sonda heç bir müsbət nəticə verməmiş mərhələlər idi”.

Ali Məqamlı Rəhbər bildirdi ki, Fələstin Azadlıq Təşkilatının uğursuz fəaliyyətinin ən önəmli səbəbi həmin qurumun solçu ideologiyaya, millətçi emosiyalara söykənməsi, xalqdan uzaq olması, Fələstin xalqının İslam dininə olan etiqad və imanına etinasız yanaşması olmuşdur. O dedi: “Sadalanan amillər qurumu tədricən neytrallaşdırdı, effektsiz etdi və doğru yoldan sapındırdı. Bu sapınma isə bəzi xain ərəb dövlətləri kimi, FAT-ın da müqavimət ideologiyasına – Fələstinin yeganə nicat yoluna arxa çevirməsinə, Fələstin probleminə, eləcə də özünə ağır zərbə endirməsinə səbəb oldu”.

“İran İslam İnqilabının qələbəsinə qədər Fələstin məsələsinə uğursuzluq və ümidsizlik əhval-ruhiyyəsi hakim idi” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnqilabın qələbəsi ilə Allahın qüdrət əli vərəqi çevirdi, İslam İnqilabının dünya və regionda buraxdığı heyrətamiz təsirin nəticəsi olaraq, qondarma İsrail dövləti digər müstəmləkəçi dövlətlərə nisbətən daha sürətlə, daha aşkar şəkildə güclü və dərin zərbələr aldı, sionist liderlərinin özlərinin də etiraf etdikləri kimi, əzab-əziyyət dolu, qara günlərlə üzləşdi”.

Ali Məqamlı Rəhbər İslam İnqilabının Fələstin probleminin gedişinə ilkin təsirləri sırasında Tehranda İsrail səfirliyinin buraxılmasını, səfirliyin  üzərinə Fələstin bayrağının asılmasını, İmam Xomeyninin (r.ə): “Fələstin diyarı azad edilməli, “İsrail” adlı xərçəng şişi kəsilib atılmalıdır!” – deyə aşıq-aşkar və qətiyyətlə elan etməsini də qeyd etdi.

İran xalqı və İslam dövlətinin “Fələstin azad edilməlidir!” şüarına 33 il ərzində sadiq qaldığını vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu şüar Fələstinə yeni nəfəs verdi, Fələstin və Livanda mücahid dəstələrinin formalaşması ilə Fələstin fəaliyyəti heç bir effekt verməyən beynəlxalq təşkilatlara və ərəb ölkələrinə yox, öz fədakar gənclərinin, kişi və qadınlarının dərin imanına arxalandı, bütün qalibiyyət və uğurların açarı olan bu dərin imana söykənərək günü-gündən daha çox irəliləyişə, qüdrət və iftixara nail oldu. Belə ki hal-hazırda Fələstin xalqı optimist, mübariz və özünə güvənən bir xalqa çevrilib”.

Müasir Fələstin tarixindəki reallıqların daha ətraflı mənzərəsini yaratmaq üçün Ali Məqamlı Rəhbər sazişlərin bağlanması istiqamətində göstərilmiş cəhdləri qısaca təhlil edərək dedi: “Rüsvayçı “Kemp-Devid” sazişi ilə başlayan bütün bu xəyanətkar davranışların məqsədi müqaviməti boğmaq, Fələstin xalqına və ərəb dövlətlərinə qondarma İsrail rejiminin legitimliyini qəbul etdirmək olub”.

Amerikanın birbaşa təsiri, işğalçı Avropa dövlətlərinin havadarlığı və sazişçi qruplaşmaların təşəbbüssüzlüyü nəticəsində həyata keçirilən saziş planlarına toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün bu müqavilələrin etibarsız olduğu tez bir zamanda aşkara çıxdı, sionistlər və onları himayə edənlər imzaladıqları müqavilələrə bir parça kağız kimi baxdıqlarını, yalnız fələstinlilər arasında tərəddüd yaratmaq, müsəlmanların müqavimətini sarsıtmaq məqsədi güddüklərini dəfələrlə nümayiş etdirdilər”.

Saziş planlarının nəticəsiz qaldığına toxunan Ali Məqamlı Rəhbər qeyd etdi ki, bütün bu xəbis oyunların padzəhəri müqavimət əhval-ruhiyyəsinin davam etdirilməsidir. O, Allah-Taalanın Qurani-Kərimdə möminlərə verdiyi kömək vədinə istinadən dedi: “Qəzzanın müqaviməti və qələbəsi, xain və korrupsiyaçı Hüsni Mübarək rejiminin devrilməsi, qüdrətli islami oyanış dalğasının baş qaldırması, Amerika, İngiltərə və Fransanın simasından nifaq və yalan pərdəsinin qalxması, qondarma İsrail rejimini himayə edənlərə qarşı region xalqlarının nifrətinin günü-gündən artması, sionist rejiminin dünyada təklənməsi və xalqların ondan üz çevirməsi Allahın yardımının təzahürləri, qüdrətli Yaradanın vədlərinin gerçəkləşdiyini sübut edən nişanələrdir”.

Çıxışının ikinci qismini yekunlaşdıran Ali Məqamlı Rəhbər İsrailin həmişəkindən daha mənfur, zəif və təklənmiş vəziyyətdə olduğunu deyərək vurğuladı ki, bu gün sionist rejiminin başlıca himayədarı, yəni Amerika da həmişə olduğundan daha problemli və çaşqın haldadır.

Çıxışının son hissəsində Həzrət Ayətullah Xamenei İslam ümmətinin başlıca hədəfinin – Fələstinin azad edilməsi arzusunun reallaşmasına aparan əsas yol haqqında ətraflı danışdı. Ali Məqamlı Rəhbər problemin həlli yolunu qeyd etməzdən öncə iki məqamı vurğuladı: 1. Müsəlman xalqları Fələstinin müəyyən hissəsinin yox, bütövlükdə Fələstin torpaqlarının azad edilməsini qarşıya məqsəd qoyublar; 2. Bu mühüm hədəfə çatmaq üçün ciddi səy, müqavimət, səbir və müdrikliyə ehtiyac var;

Birinci məqamı ətraflı açıqlayan Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Fələstin məsələsi ilə bağlı istənilən fəaliyyət planı “Fələstin bütövlükdə Fələstin xalqına aiddir!” prinsipinə əsaslanmalıdır. Çünki “Fələstin” dedikdə İordan çayından Aralıq dənizinə qədər uzanan tarixi Fələstin ərazisi nəzərdə tutulmalıdır və bundan bircə qarış belə olsun azı ilə razılaşmaq olmaz.

Fələstinin bölünməsini nəzərdə tutan istənilən planın qəbuledilməz olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İki dövlət” planı sionistlərin istəklərinə tabe olmaqdan, yəni Fələstin ərazisində sionist dövlətinin qurulmasını qəbul etməkdən başqa bir şey deyil. Bu plana “Fələstinin BMT-yə üzv qəbul olunması” adı altında haqq donu geydirməyə çalışırlar”.

“İki dövlət” planı Fələstin xalqının haqqının tapdanması, Fələstin qaçqınlarının tarixi haqqına göz yumulması və 1948-ci ilə qədər öz yurd-yuvalarında yaşamış fələstinlilərin haqlarının sual altında qalması ilə nəticələnəcək” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu planın əsl mənası “İsrail” adlı xərçəng şişinin öz varlığını davam etdirməsi, fələstinlilərin on illər boyu davam edən əzab-əziyyətlərinin təkrarlanması, vahid bir orqanizm olan İslam ümmətinin, xüsusilə də region xalqlarının daim təhlükə içərisində yaşamasıdır”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “Əlbəttə, Fələstin xalqı eynilə Qəzza kimi, vətən torpağının azad edə biləcəyi hər bir hissəsini öz seçdiyi hökumət vasitəsilə idarə edəcək. Lakin qarşısına qoyduğu son hədəfi – yəni bütün Fələstinin azad edilməsini heç vaxt yaddan çıxarmayacaq!”

“Fələstinin azad edilməsi kimi uca bir amala yetişmək üçün ciddi və ardıcıl iş aparmaq, səbirli və tədbirli davranmaq, Allaha təvəkkül etmək, əzmkar və optimist olmaq lazımdır” – deyən Həzrət Ayətullah Xamenei nümayişkaranə işlərdən, səbirsiz və dəyişkən davranışlardan çəkinməyin önəmli olduğunu qeyd etdi. O, əlavə etdi: “Hər bir müsəlman dövləti və xalqı, Fələstin, Livan və digər ölkələrdəki hər bir müqavimət dəstəsi bu ümumi mübarizədə öhdəsinə düşən pay və rolun nədən ibarət olduğunu bilməli və Allahın izni ilə, müqavimət hərəkatının gedişində bu önəmli rolun ifası ilə məşğul olmalıdır”.

Daha sonra Ali Məqamlı Rəhbər Fələstin probleminin çözümü ilə əlaqədar İran İslam Respublikasının irəli sürdüyü aydın, məntiqli və ədalətli həll variantı haqda danışaraq dedi: “Biz nə müsəlman ordularının klassik müharibəyə başlaması variantını, nə mühacir yəhudilərin hamısının dənizə tökülməsini, nə də BMT-nin və ya digər beynəlxalq təşkilatların hakimiyyətini təklif edirik. Biz dünyada qəbul olunmuş siyasi praktikaya əsasən, Fələstin məsələsinin həlli üçün ümumxalq referendumu variantını irəli sürürük”.

Təklif olunan variantın məntiqini açıqlayan Ali Məqamlı Rəhbər dedi: “Hər bir başqa xalq kimi, Fələstin xalqının da öz müqəddəratını həll etmək, ölkəsini idarə edəcək hakim rejimi seçmək hüququ var. Buna görə də Fələstinin daxilində və ya xaricdə yaşamasından asılı olmayaraq, müsəlmanlar, yəhudilər və xristianlar da daxil olmaqla köhnə yerli əhalidən olan hər kəs yüksək səviyyədə təşkil olunacaq bir ümumxalq referendumunda iştirak edərək arzuladığı hökumət quruluşunu seçməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İİR-in təklif etdiyi varianta görə, ölkədə məskunlaşmış qeyri-fələstinli mühacirlərin sonrakı taleyi Fələstin xalqının seçəcəyi hökumət tərəfindən həll olunacaq. O, əlavə etdi: “Bu məntiqli və ədalətli variant dünya ictimaiyyəti tərəfindən də düzgün qəbul olunacaq, müstəqil dövlətlərin və xalqların dəstəyindən yararlanacaq”.

Ali Məqamlı Rəhbər  dedi: “Əlbəttə, biz qəsbkar sionistlərin Fələstin xalqının ümumxalq referendumunda iştirak etməsi variantını asanlıqla qəbul edəcəyini gözləmirik. Müxtəlif dövlətlərin, xalqların və müqavimət təşkilatlarının Fələstin probleminin həllindəki rolu məhz bu məqamda məna kəsb edir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, qəsbkar rejimlə əlaqələrin kəsilməsi və ona verilən dəstəyə son qoyulması Fələstin xalqının himayə edilməsində başlıca şərt olmaqla yanaşı, xalqların müsəlman dövlətlərinin iddiaları ilə bağlı mühakimə yürütməsi üçün də meyardır. O, ortaya belə bir mühüm sual qoydu: “İndi – xalqlar meydanlara çıxıb sionistlərin əleyhinə qüdrətli şüarlar səsləndirdikdən sonra müsəlman dövlətləri qəsbkar rejimlə əlaqələrini hansı arqument və məntiq əsasında davam etdirəcəklər?”

“Mücahid təşkilat və dəstələrin müqaviməti davam etdirməsi böyük bir şəri vəzifədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Qəhrəmancasına və mütəşəkkil surətdə müqavimət göstərmək işğal altında olan bütün xalqların rəsmən tanınmış və təqdirəlayiq haqqıdır. Sionizmdən asılı olan siyasət və media şəbəkələrinin müqavimət hərəkatına vurduğu “terror” damğası mənasız və dəyərsiz bir sözdür. Çünki Fələstinin müqaviməti, əslində, yaxşı silahlanmış sionist terrorçularına və onların Qərbdəki havadarlarına qarşı çevrilmiş müqəddəs və insani bir hərəkatdır”.

Çıxışının davamında Qərb ölkələrini reallığı görməyə, Fələstin xalqının hüquqlarını rəsmən tanımağa çağıran Ali Məqamlı Rəhbər onlara belə bir xəbərdarlıq etdi: “Əgər antihumanist sionistlərin planlarını bundan sonra da dəstəkləməkdə davam etsəniz, o qədər də uzaq olmayan gələcəkdə daha ağır zərbələr almağa hazır olmalısınız”.

Həzrət Ayətullah Xamenei sionistlərin qərbli himayədarlarına aşağıdakı xəbərdarlığı da etdi: “Günlərin bir günü Avropa və Amerika xalqları dərk edəcəklər ki, onların bütün problem və çətinlikləri beynəlxalq sionizmin yürütdüyü qaniçən işğalçılıq siyasətindən, Qərb liderlərinin  zəli xislətli sionist şirkətləri qarşısında tamahkarcasına boyun əyməsindən qaynaqlanır. Həmin gün xalqlar ölkələrinə başçılıq edən hökumətlər üçün elə bir cəhənnəm quracaqlar ki, ondan nicat yolunu təsəvvür etmək belə mümkün olmasın”.

Həzrət Ayətullah Xamenei mövzu ilə əlaqədar Amerika prezidenti Barak Obamanın səsləndirdiyi “İsrailin təhlükəsizliyi ABŞ üçün qırmızı xətdir”  fikrinə də toxunaraq ortaya belə bir sual qoydu: “Görəsən İsrailin təhlükəsizliyinin ABŞ administrasiyası üçün prioritet əhəmiyyət kəsb etməsinin əsl səbəbi nədir: Amerika xalqının mənafeyi, yoxsa Obamanın pula, habelə ikinci dəfə prezident kürsüsündə otura bilmək üçün sionistlərin dəstəyinə olan şəxsi ehtiyacı?”

Ali Məqamlı Rəhbər Amerika prezidentinə aşağıdakı xəbərdarlığı etdi: “Öz xalqınızı nə vaxta qədər aldada biləcəksiniz? Bir gün Amerika xalqı sizin hakimiyyətdə iki-üç gün daha artıq qala bilmək üçün plutokrat sionistlərə baş əydiyinizi, böyük bir xalqın mənafeyini sionistlərə qurban verdiyinizi dərk edəndə sizə nə edəcək?”

Həzrət Ayətullah Xamenei Obamanın “qırmızı xətti”nin, yəni İsrailin təhlükəsizliyinin ayağa qalxmış müsəlman xalqları tərəfindən pozulacağını vurğulayaraq əlavə etdi: “İsrail rejimi üçün təhlükə yaradan amil İranın, yaxud müqavimət dəstələrinin raketləri deyil ki, orda-burda raket əleyhinə istehkamlar quraraq özünü müdafiə etsin. Qondarma rejim üçün əsl və əlacı olmayan təhlükə müsəlman xalqlarının güclü əzmidir. Bu xalqlar artıq Amerika və Avropanın, Qərbin əli ilə hakimiyyətə gətirilmiş ünsürlərin hakimiyyətinə boyun əymək, təhqir olunmaq istəmirlər və buna imkan verməyəcəklər”.

Ali Məqamlı Rəhbərin sayca beşinci Fələstin Müqavimət Hərəkatına Dəstək Konfransındakı çıxışı aşağıdakı qətiyyətli cümlə ilə yekunlaşdı: “Əlbəttə, düşmən sarıdan hər hansı bir təhlükə özünü büruzə verərsə, İranın və müqavimət dəstələrinin raketləri də öz vəzifələrinə əməl edəcək”.

Çıxışını sona çatdıran Həzrət Ayətullah Xamenei Tehran konfransının qonaqları ilə yaxından görüşüb söhbət etdi.

Ali Məqamlı Rəhbərin çıxışından öncə parlamentin sədri cənab Laricani konfransda iştirak üçün gəlmiş qonaqları salamlayaraq qeyd etdi ki, regiondakı həssas şərait, müsəlman xalqlarının oyanışı Fələstin məsələsinə diqqət yetirilməsinin vacibliyini ikiqat artırıb və mövcud vəziyyətdən Fələstin xalqının hüquqlarının reallaşması istiqamətində bəhrələnmək lazımdır.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /