Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Region xalqlarının oyanışı İslam ümmətinin nəyə qadir olduğunu göstərdi!

Bu gün mübarək Ramazan bayramı şərafətli İran xalqının iman və tövhid nurunun işığına yığışaraq Allaha həmd və sitayiş etdiyi əzəmətli bir yığıncağa çevrildi, mömin və təkallahlı xalqımız bayram dualarında Uca Yaradanından ən gözəl arzu və diləklərini dilədi.

Bu ümummilli sevinc və şadlıq əhval-ruhiyyəsinin fonunda Tehran camaatı bir aylıq ibadət və orucluğun şükrü olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə Tehran Universitetində və kilometrlərlə uzanan ətraf küçələrdə dillərə düşəcək bir təntənə ilə bayram namazı qıldı.

Namazın ilk xütbəsində Həzrət Ayətullah Xamenei dəyərli İran xalqını və böyük İslam ümmətini mübarək Ramazan bayramı münasibətilə təbrik edərək qeyd etdi ki, insanlar Ramazan ayı boyunca əldə etdiklərini qoruyub saxlamağa çalışsalar, Allahın onlara nəsib etdiyi bərəkət və mənəvi dəstək bütün il boyunca davam edər. O dedi: “Ramazanda əldə olunan təqva, Quranla ünsiyyət, Tanrı ilə minacat, nəfsin saflaşması kimi böyük nailiyyətlərin qorunub saxlanması fərdi və ictimai yaşamımızı əmin-arxayın bir mühitə çevirə, cəmiyyətdə sevgi və mehribanlıq atmosferi yarada bilər”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Qədr gecələrində, habelə mübarək Ramazan ayına aid olan digər nurani tədbirlərdə gənclərin, kişi və qadınların, fərqli təmayülə və siyasi məfkurəyə malik sosial qrupların yüksək səviyyəli iştirakı Allahın lütf və mərhəmətinin nişanəsi olmaqla yanaşı, İran xalqının milli simasının gözəlliklərini əks etdirir. O dedi: “Ölkəmizin gənc ictimaiyyəti özündə təqvanı tərbiyə edərək elm, dini maarif və bəsirət sayəsində, Allahın göstərdiyi doğru yolla irəliləməkdədir. Bu fakt ölkəmizin və İslam ümmətinin gələcəyi üçün böyük bir müjdə hesab oluna bilər”.

Namazın ikinci xütbəsində Qüds günü yürüşündə dəyərli və möhtəşəm iştirakına görə xalqa səmimi təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei dedi: “Xalqımızın ümummilli bəsirət və əzmi böyük ilahi nemətdir və onun qədrini bilmək lazımdır”.

Müsəlman xalqlarının bu il ümumdünya Qüds yürüşlərində daha geniş iştirak etdiklərinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Regionda gedən proseslər bəzi digər müsəlman xalqlarının da Qüds günü sınağında iştirak etmələrinə – bu böyük antiimperialist hərəkata qoşulmalarına səbəb oldu”.

Namazın xütbələrinin digər hissələrində ölkənin bugünkü zəruri ehtiyaclarının nədən ibarət olduğunu açıqlayan Ali Məqamlı Rəhbər qeyd etdi ki, xalqın müxtəlif təbəqələri, xalqla rəsmilər, eləcə də rəsmilərin öz arasında birlik və həmrəylik ən böyük ehtiyac, ən başlıca zərurətdir. O dedi: “Regionda gedən proseslər dünya tarixində mühüm bir etapı formalaşdırmaqdadır. Son dərəcə həssas olan bu şəraitdə xalq və rəsmilər tamamilə ayıq-sayıq olmalı, bu həlledici tarixi etapda ixtilaf və kin-küdurətin İran xalqının və İslam dövlətinin öhdəsinə düşən böyük vəzifələrin yerinə yetirilməsinə əngəl olmasına imkan verməməlidirlər”.

“İşgüzarlıq və dinamiklik hisləri, yüksək əhval-ruhiyyə ölkənin ikinci başlıca ehtiyacıdır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İranın iqtisadi, elmi, sosial və siyasi sferalarda dinamikliyə ehtiyacı var. Bu önəmli ehtiyacın təmin olunması üçün hər kəs öz peşəsi və vəzifəsi çərçivəsində çalışmalıdır”.

Cari ilin isfənd ayında ölkədə parlament seçkilərinin keçiriləcəyinə toxunan Ali Məqamlı Rəhbər seçkinin mahiyyətində özünəməxsus bir qarşıdurma olduğunu deyərək əlavə etdi: “Seçki xalqın iştirakının, dini demokratiyanın təcəssümü, ölkənin asayiş və təhlükəsizliyinin dayağıdır. Diqqətli olmaq lazımdır ki, bu böyük dayaq ölkədə asayiş və təhlükəsizliyi təhdid edəcək bir qarşıdurmaya çevrilməsin”.

“İran xalqı öz təcrübəsində düşmənlərin seçkidən sui-istifadə edərək ölkədə asayiş və təhlükəsizliyə zərbə vurmaq cəhdlərinin şahidi olub” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Xalqın nümayəndələri, müxtəlif rəsmi şəxslər, siyasi liderlər və fəallar, tribunalardan insanlara müraciət etmək səlahiyyətinə malik olan hər bir kəs seçkiyə ilahi bir nemət kimi dəstək olmalı, ölkənin asayiş və təhlükəsizliyinə qarşı çevrilmiş çəkişmələrdən, düşmənin sui-istifadə cəhdlərindən ehtiyatlı olmalıdır”.

Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, son aylar ərzində İslam dünyasında baş vermiş böyük hadisələr xalqların ictimai-siyasi meydanlarda əzəmətli iştirakının nəticəsi və göstəricisidir. O dedi: “30 il öncə İran xalqı xalqların əzəmət və iqtidarını sübuta yetirdi, dünya və region tarixinin gedişində dəyişiklik edə bildi. Bu gün isə regionun başqa xalqları meydanlara çıxıblar və özlərinin iştirakı ilə açılmaz düyünləri açırlar”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerika və sionizmin regiondakı əlaltılarının bir-birinin ardınca devriləcəyi kimin ağlına gələrdi? Lakin region xalqlarının qüdrət əli “Allahu-əkbər!” nidaları altında bu bütləri dalbadal qırdı və İslam ümmətinin nəyə qadir olduğunu göstərdi”.

Regionda gedən dəyişikliklərin uzun bir yolun başlanğıcı olduğunu deyən Ali Məqamlı Rəhbər Misir, Liviya, Tunis, Yəmən xalqlarını və digər xalqları imperializmin sui-istifadəçiliyi, inqilab dalğalarını öz xeyrinə çevirmək səyləri qarşısında ayıq-sayıq olmağa  çağıraraq dedi: “İran xalqının İslam İnqilabında da imperialistlər əldən çıxmış mənafelərini kompensasiya etmək, inqilabın nəticələrini xalqdan müsadirə etmək üçün cürbəcür cəhdlər etdilər. Lakin xalqın ayıq-sayıqlığı, əzəmətli İmam Xomeyninin (r.ə) peyğəmbəranə liderliyi onların məqsədlərinin reallaşmasına mane oldu. Bu gün qəti qələbə qazanmaq üçün region xalqlarının da bu ayıq-sayıqlığa ehtiyacı var”.

Bəzi dövlətlərin Liviyada gedən dəyişikliklərdən öz xeyrinə istifadə etməyə çalışdıqlarına toxunan Ali Məqamlı Rəhbər dedi: “Onlar bir müddət öncəyə qədər Liviyada hakimiyyətdə olan diktatorlarla əlbir idilər. Bu gün isə Liviyada dəyişikliklər edilməli olduğunu iddia edirlər. Liviya xalqı bu işğalçı və müstəmləkəçi qüvvələrə qarşı ayıq-sayıq və ehtiyatlı olmalıdır”.

Bəhreyn xalqının vəziyyətindən son dərəcə nigaran olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu məzlum xalqa zülm və əziyyət edilir, verilmiş vədlərə əməl olunmur”.

Ali Məqamlı Rəhbər dedi: “Əlbəttə, Allah naminə görülən hər bir iş, mütləq, qələbə ilə nəticələnəcək. Allahın müəyyən etdiyi bu qayda istənilən məkan üçün doğrudur!”

Ali Məqamlı Rəhbər bayram namazının xütbələrində son olaraq xalqı və rəsmiləri Somalidə quraqlıq və qıtlıqdan əziyyət çəkən insanlara yardıma davam etməyə çağırdı.

Somali xalqının düşdüyü vəziyyətin böyük qüssə və kədər doğurduğunu bildirən Həzrət Ayətullah Xamenei etdiyi gözəl yardımlara görə xalqa təşəkkürünü bildirərək dedi: “Xalq və rəsmilər Somalidə əzab-əziyyət çəkən insanlara əllərindən gəldiyi qədər çox yardım etməyə tələssinlər!”


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /