Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Əgər zəif cəhətlər aradan qaldırılsa, ABŞ heç nə edə bilməz

Bu gün (çərşənbə) səhər minlərlə Qum sakini ilə görüşündə xalqın son günlərdə müntəzəm şəkildə təşkil etdiyi böyük və izdihamlı hərəkatını yüksək qiymətləndirən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei onların haqlı tələblərindən sui-istifadə etmək üçün düşmənlərin əl atdığı hiylənin müxtəlif yönləri və qatlarına açıqlama gətirdi. O, amerikalılara, dövlət rəsmiləri və xalqa səslənərək dedi: “Millətin anti-millət, İranin anti-İran, İslamın anti-İslama qarşı müqaviməti və mübarizəsi keçən qırx ildə olduğu kimi, davam edəcək. Ancaq düşmənin kin-küdurəti hökumət işçilərinin zəif cəhətləri, xalqın, xüsusilə zəif təbəqələrin problemlərini unutmasına səbəb olmamalıdır”.

Çıxışının əvvəlində 1356-cı il 19 dey (9 yanvar 1978) qiyamının xatirəsini əziz tutan İslam İnqilabının Rəhbəri Qum əhalisinin doğru yolda addımlayan, şücaətli, ümid və coşqu dolu insanlar olduğunu dedi: “Qum əhalisi bu il keçən illərdə olduğu kimi, 9 dey (30 dekabr 2017) yürüşündə iştirak etdi. Son hadisələr zamanı, dörd gün sonra, yəni dey ayının 13-ü (3 yanvar 2018) o böyük hərəkatı yaratdı”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, keçən qırx il ərzində İran xalqının, xüsusilə gənclərinin şüarı “güclərin zorakılığı və ağalığına qarşı müqqavimət” sloqanından ibarət olmuşdur: “İran xalqı öz ali məqsədlərini həmən məntiqlə izləyir. Ancaq keçmişdəkindən daha təcrübəli, daha coşqulu olmuşdur. Ölkənin inqilabçı gəncləri sayca İnqilabın ilk vaxtlarında olan gənclərdən daha çoxdur”.

O bildirdi ki, son hadisələr İran xalqının bu ruhiyyəsinin açıq-aşkar göstəricisidir: “İran xalqı bu avantüra və atəşfəşanlıqların başladığı doqquz dey günündən başlayaraq ölkənin müxtəlif nöqtələrində hərəkəta start verdi. Düşmən muzdurlarının israrını gördükdə yürüşlər günlərlə və fasiləsiz təkrar edildi”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu yürüşlər adi hadisələr deyil. Düşmənin hiyləsinə qarşı xalqın bu cür əzəmətli, nizam-intizamlı, ayıq, coşqu və istək dolu hərəkatının dünyada analoqu yoxdur”.

Həzrət Ayətullah Xamenei xalqın davamlı hərəkatını səciyyələndirərkən dedi: “Bu mübarizə millətin anti-millətə, İranın anti-İrana və İslamın anti-İslama qarşı olan mübarizəsidir. Bu mübarizə bundan sonra da davam edəcək”.

O dedi: “Təbii ki, bu mübarizə və müqavimət xalqın həyatının digər yönlərini, o cümlədən elmi nailiyyətlər, asayiş və təhlükəsizliyini unutmasına səbəb olmamışdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran xalqına qarşı olan bütün düşmənçiliklər və məkrli planların səbəbi İslam İnqilabıdır: “Bu qırx il ərzində düşmənin bütün uğursuz hərəkətlərinin səbəbi, əslində, İnqilaba qarşı hücumdur. Çünki İnqilab düşmənin siyasi hüzurunun kökünü kəsdi”.

O dedi: “Bu dəfə də İran xalqı möhkəm və milli bir sədd kimi dayanaraq var gücü ilə ABŞ, İngiltərə və Londonda oturanlara dedi ki, bacarmadınız, bundan sonra da bacarmayacaqsınız”.

İslam İnqilabının Rəhbəri ölkə daxilində problem yaratmaq üçün İran xalqının pisliyini istəyənlərin muzdur yetişdirmək və şəbəkə yaratmaq üçün milyardlarla dollar və uzun illər xərcləməsindən söz açaraq dedi: “Siyasi işlərdə sadəlövhlükləri açıq-aşkar olan indiki ABŞ adminstrasiyası bu dəfə özünü ifşa etdi, muzdur bəslədiyini etiraf etdi. İrandan qaçmış zibilləri yenidən tapıb meydana soxmaq üçün bu layihənin xərclərini Fars körfəzinin asılı dövlətlərindən aldığı pulla təmin etdi”.

Həzrət Ayətullah Xamenei düşmənin son illər minlərlə virtual, on minlərlə televiziya kanalının, habelə terrorçu və partlayış dəstələrinin yaradılması və onların ölkə daxilinə ezam edilməsi, yalan, iftira və şayiələr vasitəsilə xalqın irimiqyasda bombardman edilməsi istiqamətində gördükləri işlərdən söz açaraq dedi: “Bu xalqın, xüsusilə gənclərin düşüncələrini dəyişmək üçün bütün bu səylər həyata keçirildi, ancaq nəticəsi İnqilabı müdafiə etmək üçün sinəsini sipər etmiş əziz şəhid Höcəci və digər şəhidlər oldu”.

O əlavə etdi: “Düşmənlər bəzi strukturlara nüfuz etmək üçün müəyyən adamları şirnikləşdirdilər, özləri də birbaşa meydana atıldılar. Nəticədə, ABŞ rəhbərlərinin bu son bir neçə gündə baş verən hadisələrə müdaxilələrini hər kəs gördü. Ancaq yenə bacarmadılar, arzuları ürəklərində qaldı”.

İslam İnqilabının Rəhbəri İran xalqına səmimi qəlbdən təşəkkür etdi: “Bu xalqa bir yox, min dəfələrlə təşəkkür edirəm. İran xalqı, həqiqətən, yetkin, bəsirətli, vəfalı, qətiyyətli, zamanı, anı düzgün təyin edən bir xalqdır; nə zaman, hansı anda hərəkət etmək lazım olduğunu bilir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Düşmənlər bu mesajları alırlar. Baxmayaraq ki, təbliğatlarda özlərini o yerə qoymurlar, yüzlərlə iğtişaşçını minlərlə göstərirlər, xalqın milyonluq hərəkatını az-az qruplar şəklində göstərirlər, ancaq siyasətçilər bu hərəkat və onun mesajlarının fərqinə varırlar”.

O əlavə etdi: “İran xalqı bu böyük hərəkatı ilə öz işini gördü, düşmən siyasətçilərinin ürəyinə qorxu saldı, öz bəsirət və coşqusunu yüksək nöqtəyə çatdırdı”.

İslam İnqilabının Rəhbəri son günlər qəzetlər və internet şəbəkələrində müxtəlif şəxslər və cinahlar tərəfindən verilmiş təhlil və analizlərə işarə edərək dedi: “Bütün analizlərin bir doğru ortaq nöqtəsi var idi. O da budur ki, xalqın haqlı və doğru tələblərini bir qrupun vəhşi və dağıdıcı hərəkətlərindən fərqləndirmək, xalqın istək və tələblərinə əncam çəkmək lazımdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bir dəstənin hər hansı haqdan məhrum qaldığı üçün bir yerə toplaşıb etiraz etməsi bir məsələ, başqa bir dəstənin bu toplaşmadan sui-istifadə etməsi, Quran və İslamı söyməsi, İranın bayrağına qarşı hörmətsizlik etməsi, məscid yandırması isə başqa bir məsələdir”.

O əlavə etdi: “Xalqın etirazları və tələbləri hər zaman olmuş, indi də var. Elə bu son bir ildə bəzi şəhərlərdə bir qrup insan fondlar və ya bəzi maliyyə müəssisələrinin yaratdıqları problemlər səbəbilə bir yerə toplaşdı. Heç kəs onlara etiraz etmədi, qarşı çıxmadı. Bu sözlərə qulaq aslmalı, baxılmalı, imkan daxilində də ətraflı cavab verilməlidir”.

Həzrət Ayətullah Xamenei son hadisələrin ayrı-ayrı cəhətlərinə açıqlama gətirərək dedi: “Faktlar və məlumatlar göstərir ki, bu hadisələr təşkilatlandırılmış və onların formalaşmasında bir üçbucaq fəal olmuşdur”.

O əlavə etdi: “Bu üçbucağın bir başı ABŞ və sionistlər idi. Onlar üzərində bir neçə ay işlədikləri layihəni icra etdilər. Onlar istəyirdilər ki, hərəkatlar kiçik şəhərlərdən başlayıb mərkəzə qədər gedib çatsın”.

İslam İnqilabının Rəhbəri dedi: “Bu üçbucağın ikinci başı sözügedən layihənin xərcini ödəyən pullu Fars körfəzi ölkələrindən biridir. Üçbucağın üçüncü başı münafiqlərin qatil təşkilatına aid olub, aylar öncə hazırlanmış nökərlərdir”.

Həzrət Ayətullah Xamenei çağırışlara işarə edərək dedi: “Bu çağırışlarda “Bahalığa yox!” şüarı səsləndirilirdi. Bir dəstəni öz arxasınca səhnəyə daxil edəcək qədər cəlbedici şüar idi. Başlanğıcda bir qrup insan bu şüara dəstək verdi. Ancaq xalq məqsəd və şüarların dəyişdiyini gördükdə öz sırasını ayırdı”.

O əlavə etdi: “Cümə axşamı və cümə günləri “Bahalığa yox!” aksiyasında iştirak etmiş insanlar sıralarını ayırdıqdan sonra möhtəşəm 9 dey yürüşünə çıxaraq ABŞ və münafiqlər əleyhinə şüar verdilər”.

İslam İnqilabının Rəhbəri son hadisələrə açıqlama gətirərkən düşmən medialarında yer almış bəzi fikirlərə işarə edərək dedi: “Təşkilatlandırma və əməliyyatların aparılması üçün İranın qonşuluğunda iki baş qərargah yaradılmışdı. Qərargahlardan biri virtual məkandakı əməliyyatları yönləndirmək üçün, ikincisi isə iğtişaşları idarə etmək üçün idi. Hər iki qərargah amerikalılar və sionistlər tərəfindən idarə edilirdi və onlar öz qələbələrinə qəti əmin idilər”.

Həzrət Ayətullah Xamenei Allah-taalaya İran xalqının düşmənlərini nadanlardan etdiyi üçün şükr edərək vurğuladı: “Xalqın fasiləsiz müqavimətinə baxmayaraq, düşmənlər hələ də İran xalqını tanımamış, bu möhkəm iman səddi və milli şücaətin mənasını anlamamışlar”.

O qeyd etdi ki, ABŞ adminstrasiyasının son cəfəng danışıqları son məğlubiyyət və kəskin qəzəbdən qaynaqlanır: “Deyirlər ki, İran hökuməti öz xalqından qorxur! Xeyr. İran hökuməti bu xalqın məhsuludur. İslam dövləti qırx ildir ki, bu xalqın dəstəyi ilə sizin qarşınızda dayanıb”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Deyirlər ki, İran hökuməti ABŞ-ın gücündən qorxur. Cavabında deyirik, əgər biz sizdən qorxurduqsa, 50-ci (1971) ildə sizi İrandan necə çıxardıq və 90-cı ildə də sizi tamamilə regiondan çıxardıq”.

O, ABŞ rəsmilərinin etirazçılara qarşı sərgilənən davranış formasından narahat olduqlarını ifadə edən digər cəfəng danışıqlara işarə edərək dedi: “Siz xəcalət çəkmirsiniz? Keçən bir il ərzində yeddi yüz nəfər ABŞ vətəndaşı polis tərəfindən qətlə yetirilmişdir. Uoll-strit qiyamında xalqa qarşı əlinizdən gələni etdiyiniz, hər bir ehtimal və iftira ilə camaatı qırdığınız halda, İran xalqı üçün narahatlıq keçirirsiniz?”

Həzrət Ayətullah Xamenei xəbis İngiltərə rəsmilərinin narahatlıq vasitələrinə işarə edərək dedi: “Son günlər İngiltərə müsəlmanlarına qarşı hücum və müsəlmanların özlərini müdafiə məsələsində İngiltərə hakimi çox ağır hökmlər çıxardı. İndi belə bir ölkənin rəsmiləri etirazçılara ürək yandırırlar?”

İslam İnqilabının Rəhbəri bildirdi ki, İslam Respublikası sisteminin dağılması amerikalıların bəlli hədəfidir. O, bildirdi ki, əvvəlki ABŞ hökuməti öz mövqelərində və İnqilabın Rəhbərinə göndərdiyi məktublarda bu məqsədi gizlətmək üçün səy göstərdi: “Əlbəttə, onların davranışı indiki hökumətin açıq şəkildə, heç nəyə məhəl qoymadan elan etdiyi həmin alt-üst etmə davranışıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, iranlıların milli iqtidar vasitələrini ələ almaq üçün göstərilən səy amerikalıların məhvetmə siyasətininin həyata keçirilməsi istiqamətində tətbiq etdiyi əsas metod və vasitədir: “Xalqın emosiaları, hökumətlə eyni mövqedə olan ictimai rəy, gənclərin imanı və motivasiyası milli iqtidarın əsas vasitələrindəndir. Bu səbəbdən də düşmənlər onları zəiflətmək və yox etmək niyyətindədirlər”.

İnqilabın Rəhəbəri qeyd etdi ki, iranlıların milli iqtidar vasitələrindən digəri raket əleyhinə müdafiə qüvvəsi və regionda qüdrətli mövcudluqdur: “ABŞ bizimlə müzakirənin adını tutmağa belə, cürət edə bilməz. Ancaq bir Avropa ölkəsi İranın regiondakı iştirakını onunla müzakirə etmək istədiklərini deyir. Halbuki ondan soruşmaq lazımdır ki, özün niyə regionda nə gəzirsən?”

İnqilabın Rəhbəri sonra ABŞ dövlət rəhbərliyinə səslənərək üç əsas nüansı vurğuladı: “Birincisi, son hadisələrdə sizin başınız daşa dəydi. Əgər gələcəkdə təkrar etsəniz, yenə də arzunuza çatmayacaqsınız. İkincisi, bu bir neçə gündə İrana ziyan vurdunuz. Bu iş cavabsız qalmayacaq. Üçüncüsü, amerikalıların özləri dediyi kimi, ruhi-psixoloji problemi olan bu adam bilsin ki, nümayiş etdirilən bu əbləhliklər cavabsız qalmayacaq”.

Həzrət Ayətullah Xamenei dövlətin hegemonlarla apardığı mübarizə, habelə millətin və ölkənin maraqlarının müdafiə edilməsində göstərdiyi müqavimətə işarə edərək dedi: “Xaricdə və ya təəssüflər olsun daxildə amerikalılarla əlaqə və münasibətlərin olmasını istəyənlər eşitsinlər və bilsinlər ki, İslam Respublikası sistemi Allahın lütfü ilə bütün problemləri aradan qaldıracaq”.

İnqilabın Rəhbəri çıxşının başqa bir yerində ölkə rəhbərləri, siyasi fəallar və subyektlərə səsləndi. O bu sözlərin onun özünə də aid olduğunu qeyd edərək çox mühüm bir nüansa toxundu: “Son hadisələrdə düşmənin əlinin olması təhlil deyil, informasiya və xəbər əsasında bəyan edildi. Ancaq bu, bizim öz problem və zəifliklərimizi unutmağımıza səbəb olmamalıdır”.

İnqilabın Rəhbəri vurğuladı: “Düşmənlər milçək kimi problem və zəifliklərdən qaynaqlanan yara üzərinə otururlar. Buna görə də yaraya əlac edin, qoymayın meydana gəlsin. Çünki daxildə problemimiz olmasa, təbliğatlar və dezinformasiyalar təsir göstərə bilməz, amerikalılar da bir iş görə bilməzlər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, xalqın hüquqlarının müdafiəsi və onların problemlərinin həll edilməsi bütün hökumət qurumlarının vəzifəsidir: “Xalqın bəzi təbəqələri, xüsusilə zəif təbəqələr təzyiq altındadır, hökumət işçilərinin bütün səyləri mövcud problemlərin həllinə sərf edilməlidir”.

Cəmiyyətin problemlərinin öyrənilməsi, əsas problemlərin həlli üzərində mərkəzləşmə və onların həll üçün iş bölgüsünün aparılması İnqilabın Rəhbərinin üç qüvvənin məsul şəsxlərinə verdiyi mühüm tövsiyələrdən idi.

O ictimai xəsarətlər və məsul şəxslərin bu xəsarətlərdən bəzilərinin azaldılması istiqamətində atdığı addımlara dair ölkənin əsas idarəçiləri və rəhbərləri ilə təşkil etdiyi bir neçə iclasa işarə edərək dedi: “Hər kəs bilsin ki, ölkədə həlli olmayan, düyünü açılmayan problemimiz yoxdur. Ancaq bu sahədə daha hazırlıqlı, daha ayaqda olmalı, daha çox və daha dəqiq çalışıb iş görməliyik”.

Vəhdət və birlik İnqilabın Rəhbərinin dövlət rəsmilərinə təkidlə verdiyi başqa bir tövsiyə oldu.

O əlavə etdi: “Düşmənin təhdid etdiyi və problemlər yaratmağa çalışdığı bu şəraitdə məsul şəxslər və siyasi qurumlar qarşıqılıqlı fəaliyyət göstərməli, bir-birlərini müzakirə edib zəiflətməkdən çəkinməlidirlər”.

Həzrət Ayətullah Xamenei 88-ci ildə (2008) bəzi ünsürlərin qanunsuzluğu səbəbilə xalqa və İrana dəymiş ziyan və xəsarətləri xatırladaraq dedi: “Qanun qarşısında təslim olmaq həmişəki kimi mənim məsul şəxslərdən və qurumlardan tələbim və tövsiyəmdir”.

Xəbərdarlıq və tənqidin lazım və faydalığı olduğunu qeyd edən İnqilabın Rəhbəri eyni zamanda əlavə etdi: “Tənqid və xəbərdarlığı şişirtməklə, mübaliğəyə yol verərək məntiqsiz ümumiləşdirmə apararaq şayiə və qarayaxmaya çevirmək olmaz”.

O əlavə etdi: “Sayları az olan ləyaqətsiz müdir və hakimin əməllərini minlərlə şərəfli icraçı rəhbər və ya hakimə aid etmək və vətənin əziz gənclərinin qəlbini küsdürmək olmaz. Habelə 300 nümayəndənin arasında başqa bir yol tutmuş bir-iki nümayəndənin hərəkətini bütün nümayəndələrə aid etmək olmaz”.

İnqilabın Rəhbəri bildirdi ki, ölkə rəhbərliyi, xüsusilə icra işləri üzrə məsul şəxslərin açar məsələlər, xüsusilə məşğulluq, istehsal və idxalat probleminin həlli üzərində mərkəzləşməsi zəruridir: “Bu məsələlərlə bağlı dəfələrlə icra işləri üzrə məsul şəxslərə xəbərdarlıq vermişəm”.

O, sözügedən məsələyə əlavə etdi: “Bəziləri gileylənir ki, nə üçün Rəhbər xəbərdarlıq vermir? Halbuki xalqın verdiyi məlumatlardan, habelə xalqın problemlərini ehtiva edən digər məlumatlardan da xəbərim var və davamlı olaraq xəbərdarlıq verirəm. Belə ki, bu açıq xəbərdarlıqlar qeyri-ümumi iclaslarda məsul şəxslərə verdiyimiz xəbərdarlıqlar və onlarla yaşadığımız acı hadisələrin onda biri də deyil”.

Həzrət Ayətullah Xamenei bir daha məsul şəxslərin məşğulluq və daxili istehsalın yaxşılaşdırılmasına əıhəmiyyət verməsi məsələsini vurğulayaraq dedi: “İşsizlik fəsadların çoxunun əsas səbəbidir. İstehsalı yaxşılaşdırmaqla onu həll etmək lazımdır. Əlbəttə, hesab-kitabsız pul səpmək problemi həll etmir. Xoşbəxtlikdən dövlət məmurları bu sahələrlə bağlı işlər görürlər”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində Təhlükəsizlik, Hərbi, Sepah və Bəsicin rəhbərlərinə təşəkkür edərək əlavə etdi: “Son məsələdə virtual məkanın yaratdığı həyəcanın təsiri altına düşərək söz danışmış və addım atmış gənc və yeniyemələrlə İnqilab əleyhdarları və ABŞ-ın nökərləri arasında yer almış insanlar arasında fərq qoymaq lazımdır”.

İnqilabın Rəhbəri əlavə etdi: “İstər tələbə olsun, istərsə də qeyri-tələbə, emosiyalara qapılaraq meydana atılmış insanlarla danışıb onları başa salmaq lazımdır. Ancaq münafiqlərə nökərçilik edən və adam öldürənin hesabı ayrıdır”.

O qeyd etdi ki, ölkənin ehtiyac duyduğu vaxt əziz xalqın təyinedici, minnətsiz və ayıq iştirakı kərim olan Allahın razılığının cəlb edilməsinə səbəb olur: “Son bütün qırx il ərzində, seçkilərdə, yürüşlərdə və lazım olan digər səhnələrdə, harada lazım gəlibsə, xalq öz sinəsini sipər etmiş və İrana başıucalıq gətirmişdir”.

İnqilabın Rəhbəri düşmənlərin mühüm silahlarından biri hesab edilən dağıdıcı şayiəyə işarə edərək xalqa tövsiyə verdi: “Doğru-düzgün mənbəyi olmayan mövzuya, məntiqli və məqbul hesab etmədiyiniz məsələyə inanmayın. Düşmənin şayiələrini və əsası olmayan başqa sözləri yaymayın”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xalq bilməlidir ki, ölkə rəhbərliyi yatmayıb, imkanları qədər işləyib çalışır. Əlbəttə, qüsur və çatışmazlıqlar da var”.

O, bəzi problemlərin həlli prosesinə işarə edərək dedi: “Bəzi digər problemlərin həlli zaman tələb edir. Təqribən bütün rəhbər vəzifədə çalışanlar birbaşa və dolayısı ilə xalqın öz seçdiyi insanlardır. Onlar təşəbbüskarlıq göstərərək fiziki və psixoloji hazırlıqlarını ortaya qoyaraq problemlərin həlli üçün fəaliyyətlərini daha da artırmalıdırlar”.

Həzrət Ayətullah Xamenei rəhbər şəxslərin xalqın özü tərəfindən seçilməsi məsələsinə bunları əlavə etdi: “Dini demokratiyanı səmimiyyətlə və gerçəkdən qəbul edirəm. Buna görə də xalqın səs verdiyi hər kəsə kömək edirəm. Bütün hökumətlər, o cümlədən bu hökumətdə də bu işi görmüş və görməkdə davam edəcəyəm”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda vurğuladı: “Ölkənin parlaq gələcəyinə ümidvaram. Bilirəm ki, Allah bu milləti ən ali dəcələrə çatdırmaq istəyir. Allahın lütfü ilə belə də olacaq”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /