Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənin ən böyük hədəfi xalqı ümidsizləşdirməkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Ümumrespublika İslam Təbliğatı Koordinasiya Şurasının idarə heyəti və üzvləri ilə görüşdü. Bu görüşdə ABŞ-ın şübhə yaymaq, xalqın ümid və özgüvənini sarsıtmaq üçün dayanmadan çalışdığını deyən Ali Məqamlı Rəhbər bəzi fərdlərin istəyərək və ya istəmədən düşmənin hədəflərinə tərəfdaşlıq etməsini tənqid etdi və İslam Respublikasının süqutu və ya zəifləməsi üçün düşmənin apardığı qırx illik puç təhlil və təbliğatlardan danışdı: “Allahın lütfü, xalqın ayıqlığı və əzmkarlığına arxalanaraq keçmişdə olduğu kimi, düşmənin burnunu yerə sürtürük. Xalqın məişət və iqtisadi problemlərini həll etmək üçün səlahiyyətli şəxslərin göstərdiyi ikiqat səylər sayəsində inkişaf və başıucalığı iqtdiarla davam etdirəcəyik”.

Xalqı Həzrət İmam Həsən Əsgərinin mövludu və 1388-ci il 9 dey qəhrəmanlığının ildönümü münasibəti ilə təbrik etdikdən sonra İslam Təbliğatı Koordinasiya Şurasının ən mühüm vəzifəsinin “təbliğat” olduğunu deyən İslam İnqilabının Rəhbəri təbliğatın Quran prinsipinə işarə edərək dedi: “İslamda təbliğin mənası insanlarla anlaşmaq, onların uca məqsədə doğru məsuliyyət hissi ilə sövq edilməsi və bu yolda hərəkət etməsinə nail olmaq üçün hər hansı mesajı ictimaiyyətə dürüst, səmimi, məsuliyyət və əmanatdarlıq hissi ilə çatdırmaqdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslamda təbliğ qərblilərin pul və güc əldə etmək məqsədilə həyata keçirdikləri, ictimai rəyi aldatmaq, yalan və rola girmək kimi xüsusiyyətlərlə səciyyələnən propaqandanın tam əksidir”.

O, insanlara ümid verilməsi, onlarda özgüvən yaradılması, fürsət və təhdidlərin bəyan edilməsi, dost və düşmənin tanıtdırılmasının İslam təbliğatının əsas şərtlərindən olduğunu dedi: “Bu gün düşmənin yumşaq müharibəsinin ən böyük hədəfi İran xalqının ümid və özgüvənini sarsıtmaqdır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, təbliğ iqtisadi, siyasi və mədəni sahələrdə olduğu kimi, bir müharibə meydanıdır: “Təbliğat müharibəsi və ya iqtisadi və mədəni müharibə ifadələri bəzilərinin xoşuna gəlmir. Onlar deyirlər ki, sülhdən danışmaq lazımdır. Halbuki düşmənin müxtəlif sahələrdə İran xalqına qarşı apardığı müharibə bir həqiqətdir. Əgər biz bu reallığı görməzdən gəlsək, qarşı tərəf ayıq-sayıqlığını əldən verməyəcək, öz planını həyata keçirməyə davam edəcək”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Təbii ki, bu gün müharibə hərbi müharibə deyil. Çünki hərbi müharibə aparmırlar. Səhv də edərlər əgər hərbi müharibə aparmaq istəsələr”.

Yumşaq müharibənin hərbi müharibədən daha təhlükəli olduğunu bildirən İnqilabın Rəhbəri İslam dövləti ilə düşmənçiliyin əsas səbəbini açıqlayarkən dedi: “İslam İnqilabı keçən qırx il ərzində dünyaya hakim olan gücün yanlış struktur və formulunu dəyişərək göstərdi ki, hər bir xalq hegemon olmaya və hegemoniyanı qəbul etməyə, zorakılıq etməyə və zorakılığa boyun əyməyə bilər”.

İslam İnqilabının Rəhbəri İran xalqına qarşı mübarizə aparmaq üçün müharibə, sanksiya, təhdid, böhtan, nüfuz və daxili ixtilaf yaratmaq kimi vasitələri ehtiva edən məkrli plan və təzyiq formalarına toxunaraq dedi: “İran xalqı qırx il qüdrətlə müqavimət göstərərək bütün bu planlara qalıb gələ, digər xalqların bir qatını belə, adlaya bilmədiyi yeddi qatlığı adlaya bildi”.

Həzrət Ayətullah Xamenei bəzi ərəb və Şamili Afrika ölkələrində fitnə, daxili müharibə, məzhəb və etnik qarşıdurmalarla nəticələnən İslam oyanışının aqibətinə işarə edərək dedi: “İran xalqı bütün bu mərhələləri başıuca və qüdrətlə adlamışdır. İslam Respublikasının bəzi ölkələrdəki İslam oyanışının aqibəti ilə müqayisəsi ibrətamiz müqayisədir”.

O, İran xalqına qarşı olan düşmənçiliklərin davam etdirildiyini vurğulayaraq dedi: “Önəmli olan məsələ budur ki, düşmənin hər bir dövrdə müxtəlif sahələri ehtiva edən plan və layihəsini öyrənib onun əsasında yaxşı müdafiə olunmalı, qabaqlayıcı tədbirlər görməli və ya qabaqlayıcı hücum addımı atmalıyıq”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, hal-hazırda qarşı cəbhənin ən böyük planı xalqın gələcəyə olan ümidini qırmaq, problemləri, zəif cəhətləri və çatışmazlıqları şişirtməklə onun özgüvənini sarsıtmaqdır: “Bu gün kiber məkanda minlərlə artileriya İran xalqına qarşı atəş açmaqdadır. “Kiber məkandan göz-qulaq olmaq lazımdır” deyərkən məqsəd budur ki, düşmən bu məkandan xalqın və İslam dövlətinin kimliyini və mövcudluğunu hədəfə almaq üçün istifadə edə bilməsin”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, əsassız statistikların, yalançı iddiaların yayılması, xalqın etimad etdiyi simaların gözdən salınması, İslam İnqilabının uğurlarının inkar edilməsi xalqda, xüsusilə gənclərdə və yeniyetmələrdə bədbinlik yaratmaq üçün virtual məkanda həyata keçirilən fəaliyyətlərin bir hissəsidir: “Təəssüflər olsun ki, bəzi təqvası olmayan şəxslər daxildə fərdləri və qurumları ittiham etməklə, yadların buynuzlu yalanlarını doğru göstərməyə çalışmaqla eynilə düşmənin gördüyü işi görür”.

O əlavə etdi: “Bu fərdlər öz siyasətlərini diniləşdirmək əvəzinə, çirkin və cılız siyasi məqsədlərə nail olmaq üçün öz dinlərini siyasətə bulaşdırıblar”.

İslam İnqilabının Rəhbəri dedi: “Bu fərdlər Allah, din və insafı bir kənara qoyaraq düşmənin hədəflərinə xidmət edən fikirlər səsləndirir, xalqın və gənc nəslin ümidlərini sarsıtmaq bahasına düşməni sevindirirlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dünən ölkənin bütün imkanları əllərində olanların da, bu gün ölkənin bütün idarəçilik imkanları ixtiyarlarında olanların da müxalifət rolunda çıxış etmyə və dövlə əleyhinə danışmağa haqları yoxdur. Əksinə, onlar cavabdeh olmalıdırlar. Xalq ayıq olduğu üçün bu cür davranışlar onlara təsir göstərə bilməyəcək”.

İslam İnqilabının Rəhbəri başlanğılcdan bu günə qədər İslam Respublikasının bütün rəhbərlərinin göstərdikləri mühüm xidmətlərə işarə edərək dedi: “Əlbəttə, bu xidmətlərlə yanaşı ziyanlar da olmuşdur. Xidmətlərə görə təşəkkür etmək, ziyanları isə insafla, məsuliyyətlə və ağılla tənqid etmək lazımdır. Tənqidlərdə söyüş və böhtana yol verilməməlidir. Çünki tənqid və tənqidi qəbul etmək vacib, böhtan və dezinformasiya palçığı atmaq isə haramdır”.

O bildirdi: “Bir nəfərin müxtəlif qurumlara və ya qüvvələrə qarşı tez-tez hücum çəkməsi və böhtanlar yağdırması hünər deyil. Çünki istənilən uşaq daş götürüb hər hansı şüşəni sındıra bilər. Hünər odur ki, insan Allahı başının üzərində görsün, məntiqli danışsın, güc əldə etmək üçün, şəxsi ambisiyaları və nəfsinin istəklərinə xidmət edən danışıqlardan çəkinsin. Çünki Allah hər sözünə görə insanı sorğu-sual edəcək və cəzalandıracaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, özünü inqilabçı kimi göstərmək inqilabçı olmaq deyil: “İnqilabçı olmaq çətin işdir. Çünki sədaqət və dindarlıq lazımdır. İnsan bir onillikdə ölkənin hər şeyi, növbəti onillikdə rəqibi ola bilməz”.

O vurğuladı: “Doqquz dey günü o əzəməti ilə xalqın bu oyunlara cavabı verdiyi, İnqilab və dini dəyərlərin müdafiəsinə qalxdığı gün idi. Əlbəttə, bu gün də dəyərlərə bağlılıq mövzusu aktualdır”.

O dedi: “O vaxt seçkiləri müdafiə etmək üçün ayağa qalxdıq. Elan etdiyim kimi, təzyiqlərin olmasına baxmayaraq, seçkilərin ləğv edilməsini qəbul emtədim”.

İslam İnqilabının Rəhbəri İmam Xomeyninin (r.ə) “Meyar insanların hazırki halıdır” müdrik kəlamını xatırlayaraq dedi: “Hamı diqqətli olmalıdır. Çünki heç kəsin ölənə qədər dürüst qalacağına zəmanəti yoxdur”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində bildirdi ki, təbliğat və media vasitələrinin mühüm vəzifəsi düşmən tərəfindən yaradılmış şübhələrə cavab verməkdir: “Gənclərimiz başgicəllənmə və çaşqınlıq hissi yaşamamalıdırlar; şübhələri aradan qaldırmaq, beyinləri rahatlamaq və qane etmək lazımdır”.

O qeyd etdi ki, düşmən medialarının auditoriyanın ölçüsü ilə bağlı şişirtmələri onların İslam Respublikasının süqutu ilə bağlı verdikləri vədlər kimi puç və yalandır: “İnqilabın birinci günü dedilər ki, İslam dövləti altı aydan artıq davam gətirməyəcək. Altı ayın tamamında dedilər ki, iki ilə davam gətirməyəcək. Sonra da davamlı olaraq bu əsassız analizləri təkrarladılar. Ancaq 40 ildən sonra İslam Respublikası öz pak həyatını davam etdirir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Hər kəs bilsin ki, bu mərhələdə də cinayətkar ABŞ və ortaqları Allahın lütfü ilə yerə çırpılacaqdır”.

O bildirdi ki, ABŞ dünyanın ən korrupsioner və despot hökumətlərindəndir: “Bu rejimin İŞİD və təkfirçi terrorçuları himayə etməsi, Səudiyyə kimi despot və diktator hökumətlərlə iş birliyi, sionizm cinayətkarları və hər gün Yəməndə xalqı qanına qəltan edən caniləri dəstəkləməsi ABŞ rejiminin iyrənc və azğın mahiyyətini göstərən nümunələrdir”.

İslam İnqilabının Rəhbəri ABŞ və onun məhkəmə sisteminə hakim kəsilmiş irqi ayrıseçkiliyə işarə edərək dedi: “Bu problemlər və əsaslı iradlara baxmayarq, onlar digər ölkələrin məhkəmə orqanlarını, o cümlədən İranın dindar məhkəmə orqanını ittiham edirlər”.

O əlavə etdi: “Əlbəttə, bizim məhkəmə qurumu qüsursuz deyil. Məhkəmə və icraçı qurumun ynalışıqlarından xəbərim var. Ancaq müsbət və mənfi cəhətləri yanaşı görmək lazımdır, hamısını bir ağacla qovmaq olmaz”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İranda siyasi, məzhəb, etnik və dil ixtilafı yaratmaq üçün ABŞ-ın həyata keçirdiyi mürəkkəb layihələr iflasa uğrayıb və xərclədiyi külli miqdarda xərclərin faydası yoxdur: “Allahın izni ilə İran xalqı və İslam dövləti bütün sahələrdə ABŞ-ı məyus edəcək”.

İslam İnqilabının Rəhbəri ABŞ-ın keçmiş prezidentlərindən olan Reyqanla indiki prezidentini müqayisə edərək dedi: “Reyqan indiki prezidentdən daha bacarıqlı, daha güclü və daha ağıllı idi. Əməldə də İran xalqına qarşı çalışırdı. Bizim sərnişin təyyarəsini vurdurmuşdu. Ancaq indi o, Allah dərhgahında əzab və işgəncə içində olduğu halda, İslam Respublikası daha böyük güclə inkişafını davam etdirir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu yol ABŞ-ın indiki prezidentinin dövründə də davam etdiriləcək, İslam Respublikasının səhnədən kənaralaşdırılması və ya zəifləməsi xülyasının dağı bunların ürəyində qalmaqda davam edəcək”.

O əlavə etdi: “Əlbəttə, bəzi ABŞ rəsmiləri üzdə mülayimlik göstərməklə və dəmir əllərini yumşaq əlcəklə örtməklə bir zaman bəzilərimizin başını aldada bildilər, ancaq tez də rüsvay oldular. Bu gün ABŞ-ın çirkin niyyətlərinin gerçək üzü İslam və İslam Respublikası qarşısında aşkardır”.

İnqilabın Rəhbəri çıxışının sonunda bildirdi ki, endogen və müqavimət iqtisadiyyatı düşmənin əsas vasitəsinin, yəni sanksiyanın əlacıdır: “Məsul şəxslər müqavimət iqtisadiyyatını ciddiyə alsınlar, danışmaqla kifayətlənməsinlər və unutmasınlar ki, müqavimət iqtisadiyyatı nəzarət edilməyən idxalat və zəif daxili istehsalla düz gəlmir”.

O, müəssislərə ehtiyac duyduqları malları daxili istehsal hesabına təmin etməyi və xalqa isə daxili məhsulları ciddi qarşılamağı tövsiyə etdi: “Bunlar düşmənin sehrini sındıran vasitələrdir. Ancaq zamana ehtiyac var. Altı ay və ya bir il ərzində nəticə hasil olmaya bilər, ancaq yeganə real əlacdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, düşmənin müxtəlif metodları, o cümlədən qərar verən və qərar qəbul edən qurumlara nüfuz edilməsi qarşısında ayıq olmaq zəruridir: “Düşmənin planını anlamaq, yaltaqlıq, sevgi,dostluq, əl sıxmaq və danışıqlar aparılması çağırışını ciddiyə almamaq lazımdır”.

İnqilab Rəhbərinin son sözü bu oldu: “Əgər bu istiqamətlərə riayət etsək, İslam Respublikası irəliyə doğru hərəkətini davam etdirəcək, inflyasiya, böhran problemləri, xalqın –xəbərdar olduğum - məişət və iqtisadi problemləri məsul şəxslərin səy və fəaliyyəti ilə həll ediləndir. Allah düyünləri açacaqdır”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən İslam Təbliğatı Koordinasiya Şurasının rəhbəri Ayətullah Cənnəti çıxış edərək mərasimlərin keşçirilməsində bu şuranın üzərinə düşən məsuliyyətdən danışdı: “İslam Təbliğatı Koordinasiya Şurası bütün xalqa məxsusdur. Bu şura siyasi cərəyanlara bağlı olmadan bütün proqramları, şüarları və qətnamələrində inqilabçı və millətçi olmağa çalışır”.

Ayətullah Cənnəti bildirdi ki, 9 dey Allah günü və ilahi möcüzədir. İranın inqilabçı əhalisi 40 ilə yaxındır səhnədədir: “İnqilabın qələbəsinin 40-cı yubileyini əziz tutmaq və əzəmətli mərasim keşirmək üçün İnqilab qüvvələrinin bütün imkanlarından istifadə edəcəyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /