Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu gün firon Amerika, sionist rejim və onların ardıcıllarıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslamın əziz peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin (ə) mübarək mövludu münasibəti ilə üç qüvvənin rəhbəri, dövlət rəsmilərindən bir qrupu, İslam ölkələrinin səfirləri və “İslam Vəhdəti” konfransının qonaqları ilə keçirdiyi görüşdə bildirdi ki, İslam ümmətinin daxili, regional və qlobal problemlərdən xilas olmasının şərti Həzrət Məhəmmədin (s) təlimlərinə əməl etməkdir: “İslam dünyası izzət və qüdrət istəyirsə, vəhdət və müqaviməti öz sərlövhəsi etməlidir”.

İslam İnqilabının Rəhbəri İran xalqını, İslam ümmətini və dünyanın bütün azad insanlarını bu mübarək bayram münasibəti ilə təbrik etdikdən sonra dedi: “İslamın əzəmətli peyğəmbəri bütün bəşəriyyət üçün ilahi rəhməti olmuşdur. Ona itaət etmək xalqları güc subyektlərinin zülm və hegemoniyasından, sinfi ayrıseçkilikdən, qəddar aristokratiyalardan, digər işgəncə və əsarətlərdən xilas edəcək”.

O, Allahın peyğəmbərlərə və onların ardıcıllarına qələbənin müqavimət və dözümlülüklə şərtləndiyini israrla vurğuladığını qeyd edərək dedi: “Bu gün də İslamın əziz peyğəmbərinin yolunda qətiyyət göstərmək dünya hegemonlarının böyük planlarını nəticəsiz qoya bilər”.

ABŞ, sionist rejim və güc subyektlərindən asılı olan mürtəce qüvvələrin bu günün fironları olduğunu deyən Həzrət Ayətullah Xamenei onların İslam ümməti arasına nifaq və müharibə salmaq üçün çalışdıqlarını dedi: “Bəzi ABŞ siyasətçiləri istəyərək və ya istəmədən etiraf ediblər ki, sionist rejimin əmin-aman bir regionda olması və İslam dünyasının qanlı bədəninin inkişafa nail olmaması üçün Qərbi Asiya regionunda müharibə və münaqişə yaradılmalıdır”.

İslam İnqilabının Rəhbəri regionun bəzi hökumət rəhbərlərinin ABŞ-ın istəklərinə tabe olduqlarını təəssüf hissi ilə dilə gətirərək əlavə etdi: “İslam Respublikası müsəlman dövlətləri ilə əsla ixtilafda olmaq istəmir, İranın daxilində vəhdət və qardaşlığı hakim etdiyi kimi, İslam dünyasında da vəhdət və birliyin olmasını düşünür, istəyir və təqib edir”.

O vurğuladı: “ABŞ-ın regiondakı davamçılarına qarşı mövqeyimiz nəsihət mövqeyidir. Bəzi nadanların sözlərinə cavab vermək həvəsində deyilik. Quranın buyurduğu kimi, zalımlarla yoldaşlıq edənin sonu mütləq, yox olmaqdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, düşmənlərin təkfirçi qrupları yaratmaqda son məqsədi şiə-sünni müharibəsi yaratmaqdır: “Allah bizim düşmənlərimizi axmaq yaradıb. Bu da İslam düşmənlərinin məqsədinin, yəni məzhəblərarası müharibənin reallaşmadığına və gələcəkdə də reallaşmayacağına səbəb olur”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, vəhşi təkfirçilərə qarşı mübarizədə qalibiyyət rəmzi müqavimətdir: “Bizim onlara qarşı mübarizəmiz zülmə və İslam təhrifinə qarşı mübarizədir. İndi də onların ardıcılları harada varsa, ABŞ və sionizmin əlaltılarıdır və biz onlara qarşı mübarizə aparacağıq”.

O bildirdi ki, İslam ümməinin vəhdəti, sionizm və İslamın digər düşmənlərinə qarşı mübarizə İslam dünyasının əlacı, güc və qüdrətə nail olmağın yoludur: “Fələstin problemi bu gün İslam ümmətinin siyasi məsələlərinin başında duran bir məsələdir. Hamı Fələstin xalqının azadlığı və xilası üçün çalışıb səy göstərməlidir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, İslam düşmənlərinin Qüdsün sionist rejimin paytaxtı elan edilməsi ilə bağlı iddiaları onların acizliyi və gücsüzlüyündən irəli gəlir: “İslam dünyası heç şübhəsiz, bu məkrli plana qarşıdır. Sionistlər bu işə görə daha böyük bir zərbə alacaqlar. Əziz Fələstin mütləq, sonda azad olacaq”.

Həzrət Ayətullah Xamenei son dörd onillikdə İran xalqının çox çətin keçidlərdə sərgilədiyi şücaət, bəsirət və müqaviməti yüksək qiymətləndirərək dedi: “İslam Respublikasının dünyanın dörd bir yanındakı dostları və İranın düşmənləri bilsinlər ki, qarşıda duran problemlər keçən dörd onillikdəkindən mütləq, kiçik olacaq və İran xalqı daha böyük qüdrətlə onların hamısını aradan qaldıracaq və İslamın izzət bayrağını yüksək zirvələrdə dalğalandıracaq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən dövlət başçısı İslam dünyasının bu günkü problemlərinin Quran və vəhydən uzaq düşməyin nəticəsi olduğunu dedi: “Bu gün regionun müsəlman xalqlar terrorçular və onların hegemon və sionist himayədarlari qarşısında qələbə çalmışlar. Düşmənlər yeni planlar fikrindədirlər”.

Cənab Ruhani bildirdi ki, ABŞ, Qüdsün işğalçı rejimi və onların kölələri qarşısında ayıq olmalıyıq: “Düşmənlər müsəlmanların beytül-malından istifadə edərək regionu silah anbarına çevirmiş və regiona olan müdaxilələrini daha da artırmışlar”.

Ölkə başçısı qeyd etdi ki, Suriyanın terrorçularla müharibəsinin qızğın yerində ABŞ İŞİD və digər terrorçulara kömək etmək məqsədilə bu ölkənin aviasiya bazasını bombardman etdi: “Suriya xalqı nə zaman böyük bir qələbəyə nail oldusa, sionist rejim bir bəhanə ilə Suriya torpağının bir hissəsini bombardman etdi”.

Prezident İslam dünyasına qarşı hazırlanmış yeni məkrli plana işarə edərək dedi: “Qüds İslama, müsəlmanlara və fələstinlilərə məxsusdur. Dünya imperializminin yeni avantürasına yer yoxdur”.

Cənab Ruhani bəyan etdi ki, müsəlmanların əsas hədəfi Qüdsü azad etməkdir: “İran İslam Respublikası regionda hər zaman sülh və sabitlik tərəfdarı olmuş, coğrafi sərhədlərin dəyişdirilməsinə qarşıdır və xalqları terrora qarşı dəstəkləyərək problemlərin danışıqlar yolu ilə həll edilməsini istəyir. Ancaq eyni halda, heç bir müsəlman xalq, o cümlədən İran xalqı imperializm və sionizmin İslam müqəddəslərinə təcavüzünə dözməyəcək”.

Prezident qeyd etdi ki, müsəlmanlar, o cümlədən Fələstin xalqı Qüdsün sionist rejimin paytaxtı elan edilməsi planı qarşısında yekdilliklə ayağa qalxmalıdır: “Bu məsələdə İslam ölkələri və İslam Əməkdaşlıq Təşkilatının üzərinə ağır bir məsuliyyət düşür”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /