Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

O, ixlaslı cihadı və məzlumcasına şəhadəti ilə milləti ucaltdı

Bu gün (çərşənbə axşamı) günorta Şəhid Möhsün Höcəcinin ailəsi ilə görüşündə bu ali dərəcəli şəhidin Allahın nişanəsi, məzlum və başları bədənlərindən ayrılmış şəhidlərin sözçüsü olduğunu deyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın adıçəkilən şəhidin dəfn mərasimindəki əzəmətli və misilsiz iştirakına münasibət bildirərək dedi: “Allah əziz Möhsünün mübarizəsi vasitəsilə İran xalqını izzətli və başıuca, özünü isə inqilabçı gənc nəslin simvolu və İslam İnqilabının cari möcüzəsi etdi”.

Həzrət Ayətullah Xamenei mübarizəsi və məzlumcasına şəhadəti sayəsində Şəhid Höcəcinin məşhur, uca və parlaq adının bütün ölkə ərazisinə yayılmasından söz açaraq dedi: “Bizim bütün şəhidlərimiz məzlumdur. Sizin Möhsündən başqa şəhidlər də var ki, düşmən başlarını bədənlərindən ayırmışdır. Hamısı Allah dərgahında əziz və yüksək məqam sahibidir. Ancaq Allah-taala öz hikməti və bu gəncin şəxsi keyfiyyətlərinə əsasən onu bu şəhidlərin nümayəndəsi və sözçüsü etdi”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “ABŞ və İngiltərənin buyruq qulları olan təkfirçi cinayətkarlarla mübarizədə şəhid olmuş İran, Əfqanıstan, İraq və digər regionlardan olan bütün şəhidlər bu gəncdə xülasələşir, müşahidə edilir. Allah onu məzlumcasına və şücaətli şəhadətin simvolu etdi”.

O qeyd etdi ki, Tehran, Məşhəd, İsfahan və Nəcəfabad şəhərlərində qədirbilən xalqın Şəhid Höcəcinin dəfn mərasimindəki misilsiz iştirakı çox böyük məna ifadə edir: “Allah qəlbləri məftun etdi, müxtəlif cür insanlar, o cümlədən həyatlarının görünən tərəfinin cihad və şəhadətlə uyğunluğu olmayan bəzi insanlar da şəhidin şəklini əlində tutub onun dəfninə gəldi”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, düşmənlər milləti, xüsusilə gəncləri cihad və şəhidlikdən yayındırmaq, İmamı unutdurmaq və İnqilabın parlaq xəttini itirmək üçün çox çalışırlar: “Belə bir şəraitdə gənclərin böyük əksəriyyətinin qəlbinin İnqilab konsepsiyalarına məftun olması heyrətamizdir. İnqilabçı gənclərin kəmiyyət və keyfiyyəti 60-cı illərdəkindən çox olmasa da, az deyil”.

İslam İnqilabının Rəhbəri dedi: “Allah bu gerçəyi Şəhid Höcəci ilə sübuta yetirdi; onu ucaltmaqla, izzətli etməklə, habelə simvola çevirməklə göstərdi ki, müasir dövrün gənc nəsli Allah yolunda cihad etmək üçün belə ixlaslı və sadiqdir. Bu, Allahın bir nişanəsi və İnqilabın cari möcüzəsidir”.

Şəhidin ailəsi, hökumət işçiləri və bütün İran xalqının Şəhid Höcəci və onun kimilərə borclu olduğunu deyən Ali Məqamlı Rəhbər Şəhidin atası, anası və həyat yoldaşının ifa etdiyi böyük rolu yüksək qiymətləndirərək dedi: “Şəhidin yoxluğu onun ailəsi üçün böyük bir müsibət olsa da, onun vasitəsilə Allahın ölkəyə verdiyi izzət onların təsəlli və təskinliyinə səbəb olacaq”.

Həzrət Ayətullah Xamenei habelə, Şəhid Höcəcinin əsirlikdə olduğu vaxt çəkilmiş əbədi şəklinin üzərinə bu cümlələri yazdı: “Haqqın salamı olsun bu məğrur və qürurlu şəhidə ki, həyatın ən həssas və təhlükəli anında qalib və aşkar Haqqın süquta uğramaqda olan batil qarşısındakı simvolu oldu. Allahın salamı olsun ona ki, ixlaslı cihadı və məzlumcasına şəhadəti ilə özünü və bütün milləti ucaltdı”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /