Ali Məqamlı Rəhbər:

Ölkənin toxunulmazlığı üçün hamı seçkilərdə iştirak etsin

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar) səhər ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə müəllimlə görüşü zamanı bildirdi ki, təhsil ölkədə elm və tədqiqatın əsas infrastrukturudur. O bəyan etdi ki, dövlət qurumlarının təhsilin inkişaf sənədinin icrasına ciddi şəkildə əhəmiyyət verməsi vacibdir: “Təhsilin vəzifəsi imanlı, vəfalı, məsuliyyətli, özünə güvənən, təşəbbüskar, düzdanışan, cəsur, həyalı, düşüncə və dərrakəli, ölkəni, dövləti və xalqı sevən, ölkənin maraqlarını əziz tutan bir nəsil tərbiyə etməkdir”.

İslam İnqilabının Rəhbəri habelə, vurğuladı ki, seçkilər İslam Respublikası dövlətində dini demokratiya konsepsiyasından qaynaqlanan həyati bir məsələdir: “Ayrı-ayrı siyasi görüşlərlə bütün əhalinin 29 ordibehişt seçkilərində iştirakı ölkənin gücü, qüdrəti, böyüklüyü və toxunulmazlığının qorunmasının zəmanətçisidir. Bu cür iştirakla düşmən İran xalqının qarşısında heç nə edə bilməyəcək”.

Həzrət Ayətullah Xamenei Ayətullah Şəhid Mütəhhərinin xatirəsini əziz tutaraq o şəhid müəllimin danışıq, davranış və həyat tərzi baxımından əsl müəllim olduğunu dedi: “Bəşəriyyətin, ölkənin və İslamın düşmənləri onu bizdən aldılar, ancaq o dahi şəxsiyyətin kitabları beyinləri qidalandırır və İslam maarifinə doğru istiqamətləndirir. Bu qiymətli əsərlərdən maksimum dərəcədə faydalanmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri sonra müəllimin əhəmiyyəti və mövqeyinə işarə edərək dedi: “Ölkənin etibar və şərəfi hər şeydən çox işçi qüvvəsindən asılıdır. İşçi qüvvəsinin və gələcək nəslin qurucusu isə müəllimdir”.

O, vurğuladı ki, cəmiyyətdə müəllimə yüksək qiymət verib ehtiram göstərmək zəruridir: “Müəllim üçün xərcləmək hökumətin və dövlət qurumlarının vəzifəsidir. Dəfələrlə qeyd etmişəm, müəllim üçün xərcləmək, əslində, sərmayə qoyuluşudur”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, gələcək nəslin təlim-tərbiyəsi kimi böyük bir vəzifənin icrası üçün müəllimlərin hazırlıqlarının artırılmasına ehtiyac var: “Bu əsasla dövlət qurumlarından istəyim budur ki, müəllim yetişdirən, eyni zamanda mühüm əhəmiyyəti olan Müəllim və Təhsil İşçilərinin Təkmilləşdirmə Universitetini ciddiyə alsınlar və bacardıqları qədər ona sərmayə qoysunlar”.

O qeyd etdi ki, şagirdlərin etik inkişafı və gözəl xüsusiyyətlərin onlara aşılanmasında müəllimlərin rolu yüksəkdir: “Alicənab, səbirli, dindar və mətin müəllim öz davranışı ilə bu xüsusiyyətləri şagirdlərə ötürür”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, müəllimlərdən siyasi istifadə onların mövqelərinə ziddir: “60-cı onillikdən bu yana müəllimlərdən siyasi vasitə kimi istifadə etmək istəyənlərə həmişə etiraz etmişəm. Çünki müəllim qiymətli almaz kimidir, ondan oyun-oyuncaq kimi istifadə etmək olmaz”.

İslam İnqilabının Rəhbəri müəllimlərin çox hissəsinin təqaüd vaxtının yaxınlaşdığına işarə edərək dedi: “Müəllim çatışmazlığını aradan qaldırmaq üçün pedoqoji universitetlərin potensialını artırmaq lazımdır. Bu işə məsul olan mərkəzlər müəllimlərin cəlb edilməsi üçün qaydalar müəyyən etməlidirlər. Nəticədə, insanlar təhsil sisteminə heç bir ölçü-biçi olmadan daxil olmasınlar”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, təhsil ölkədə elm və tədqiqatın əsas bazasıdır: “Əgər təhsil düzgün proqramlar və siyasətlər əsasında hərəkət etsə, ölkə elm və tədqiqat sarıdan zəngin olar. Əgər təhsil başlı-başına buraxılsa, bu infstruktur xəsarət alacaq, həmin xəsarətin zərərləri isə hesablana bilməyəcək həddə çatacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, təhsilin vəzifəsi bir nəsil yetişdirib tərbiyə etməkdir: “Təhsilin əsas məqsədi imanlı, vəfalı, məsuliyyətli, özünə güvənən, təşəbbüskar, düzdanışan, cəsur, həyalı, düşüncə və dərrakəli, ölkəni, dövləti və xalqı sevən, ölkənin maraqlarını əziz tutan bir nəsil yetişdirmək olmalıdır”.

O əlavə etdi: “Möhkəm, güclü, iradəli, təşəbbüskar, mütərəqqi və fəal nəsil yetişdirmək üçün təhsil sistemi müəllim, şagird, valideyn, dərsliklərin tərtibatçıları və müəlliflərinə əlverişli şərait yaratmalıdır”.

İslam İnqilabının Rəhbəri təhsilin rolunu zəiflətmək, onu dəyərdən salmaq istəyən və bu çox mühüm qurumu etibardan salmağa çalışan cərəyanla bağlı xəbərdrlığını belə ifadə etdi: “Bu cərəyan xaricdən idarə edilir. Onunla mübarizə aparmağın yeganə yolu təhsilin zəif və nüfuz edilə biləcək cəhətlərini ortadan qaldırmaqdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, təhsil sisteminin problemlərindən biri universitetmərkəzlilik xəstəliyidir: “Universitetmərkəzlilik yanlış bir düşüncə və xətadır. Təəssüflər olsun ki, təhsil sistemində universitetmərkəzliliyin kölgəsi məktəb mühitinə daxil olduqdan təhsili başa vurana qədər şagirdlərə təlqin edilir”.

O vurğuladı: “Ölkənin universitet və akademik təhsillə əlaqəsi olmayan zəruri və təxirəsalınmaz ehtiyacları var. Bu səbədən neçə ildir ki, incəsənət, texniki peşə və sənət məkəzlərinə diqqət ayrılması məsələsini israrla vurğulayıram”.

İslam İnqilabının Rəhbəri incəsənət və texniki peşə mərkəzlərində təhsil almış, müxtəlif bacarıqlara yiylənərək hal-hazırda iş və peşə sahibi olmuş çoxlu sayda insanın olduğuna işarə edərək bu insanların ölkənin milli sərvəti olduqlarını vurğuladı: “Bizim elm, tədqiqat və elmi tərəqqiyə ehtiyacımız var. Ancaq bu o demək deyil ki, bütün şagirdlərin məqsədi universitetə girmək olmalıdır”.

Təhsilin inkişafı sənədi məsələsinə toxunan Həzrət Ayətullah Xamenei sözügedən sənədin təqdimatından bir neçə il keçməsinə baxmayaraq, onun hələ də icra edilməməsindən şikayətləndi: “Nə üçün təhsilin inkişafı sənədi indiyə qədər icra edilməmişdir? İnkişaf sənədinin nizamnamələrinin hazırlanması üçün nə qədər gözləmək lazımdır?”

O əlavə etdi: “Mənim hörmətli nazir və məsul şəxslərdən ciddi şəkildə istəyim budur ki, inkişaf sənədinin icrası məsələsini nəzarətə götürsünlər. Çünki təhsilin dərin və formallıqdan uzaq bir inkişafa ehtiyacı var”.

İslam İnqilabının Rəhbəri BMT və YUNESKO-nun 2030 saylı sənədinin hökumət tərəfindən qəbul edilməsi məsələsinə də toxunaraq bu addımı kəskin şəkildə tənqid etdi: “Bu və bu kimi sənədlər İslam Respublikasının qəbul edəcəyi məsələlər deyil. Bu sənədin səssiz-səmirsiz imzası və icrası icazəli deyil və məsul qurumlara da elan edilib”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Böyük güclərin təsiri altında olan sözdə beynəlxalq bir təşkilat tarixi keçmişi, mədəniyyəti və müxtəlif sivilizasiyaları olan xalqlara hansı haqla vəzifə müəyyən edir?”

O bu işin əsasının yanlış olduğunu vurğuladı: “İşin əsasına qarşı çıxa bilməsəniz də, açıq şəkildə elan etməlisiniz ki, İran İslam Respublikasının təhsillə bağlı yüksək səviyyəli sənədləri var və bu sənədə ehtiyacı yoxdur”.

İslam İnqilabının Rəhbəri Ali Mədəni İnqilab Şurasından gileylənərək dedi: “Bu şura diqqətli olmalı, işin bu yerə qədər gəlib çatmasına və indi bizim onun qarşısını almaq məcburiyyətində qalmağımıza icazə verməməli idi”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bura İran İslam Respublikasıdır, bu dövlətin əsası İslam və Qurandır”. Bura Qərbin qüsurlu, dağıdıcı və çürük həyat tərzinin nüfuz edəcəyi bir yer deyil. İslam Respublikası sistemində belə bir sənədin qəbul edilməsinin heç bir mənası yoxdur”.

İslam İnqilabının Rəhbəri sonra Ordibehişt aynın 29-u keçiriləcək seçkilərə işarə edərək İslam Respublikasında seçkilərin çox qiymətli və həyati bir məsələ olduğunu dedi: “İslam Respublikasında seçkilər İslama əsaslanır. Respublika İslama qondarılmamışdır. Əgər seçkilər olmasaydı, bu gün İran İslam Respublikasından heç bir əsər-əlamət qalmazdı”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqın müxtəlif sahələrdə, xüsusilə seçkilərdə izdihamlı iştirakı ölkənin toxunlmazlığını təmin edir, xalqın mənafeyini qoruyur, düşmənlərin gözündə dövlətin əzəmətli görünməsinə səbəb olur”.

70-ci illərin əvvəllərində Avropa dövlətlərindən birinin İran prezidentini ittiham etməsi və onu məhkəməyə çağırmasını ehtiva edən tarixi fakta işarə edən İnqilabın rəhbəri əlavə etdi: “O dövrün prezidentinin həmin dövlətlə yaxın əlaqələrinin olmasına baxmayaraq, həmin dövlət onu ittiham etdi, məhkəməyə çağırdı. Sözügedən Avropa dövlətinin geri çəkilmsinin yeganə səbəbi ağzının üstündən aldığı sillə zərbəsi oldu. Bu və ya başqa dövlət olmasından asılı olmayaraq, əslində, düşmən elə düşməndir.”

İslam İnqilabının Rəhbəri vurğuladı ki, düşmən bacardıqca öz zəhərini tökəcək və ritorikaları nəzərə almayacaq: “Düşmənin düşmənçiliyini izhar etməsinə mane olan yeganə maneə xalqın səhnədə olmasıdır. Çünki güclü, zəkalı işçi qüvvəsi və milyonlarla gənci olan 80 milyonluq bir ölkənin əzəməti düşmənin ürəyinə qorxu salır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər İslam Respublikasının gücünün və böyüklüyünün qorunmasını, toxunulmazlığının qalamasını istəyiriksə, hamı seçkilərdə iştirak etməlidir”.

O əlavə etdi: “Əgər seçkilərə səhlənkar yanaşılsa, ayrı-ayrı amillər xalqın məyusluğuna səbəb olsa, mütləq, ölkə xəsarət alacaq, bu xəsarətdə payı olan hər kəs Allah qarşısında cavab verməli olacaq”.

İslam İnqilabının Rəhbəri namizdələrin seçimində müxtəlif siyasi görüşlərin və fərqli meyillərin olmasına işarə edərək dedi: “Seçkilərdə hər kəs bəyəndiyi namizədə səs verir. Ancaq əsas və mühüm məsələ bütün xalqın səsvermə qutularının yanında olmasıdır. Xalq bununla İslamı, dövləti, dövlətin toxunulmazlığını müdafiə edəcəyini göstərir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər Allahın lütfü ilə xalqın bu iradə və əzmkarlığı bu yüksəklikdə və əzəmtdə davam etsə, düşmən İran xalqı qarşısında heç nə edə bilməyəcək”.

Həzrət Ayətullah Xamenei habelə Şaban ayından, Allaha minacat və yaxınlaşmaq üçün Nimeye-şəban (şaban ayının on beşi) fürsətindən istifadə etməyin zəruri olduğunu dedi: “Şaban ayı dua, təvəssül, Mübarək Ramaz ayına giriş və hazırlıq ayıdır. Bu ayın dualarında səadət və hidayət yolları aydın şəkildə göstərilmişdir”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Təhsil naziri çıxışı zamanı müəllim gününün təlim-tərbiyəyə ehtiramın göstəricisi olduğunu dedi: “Şəhid Mütəhhərinin təlim-tərbiyə ilə bağlı düşüncəsini, metod və üslubunu yenidən gözdən keçirmək və yol çırağı etmək lazımdır”.

Cənab Daneş Aştiyani qeyd etdi ki, müəllimlər cəmiyyətdə ən yüksək mövqeyə malik olan insanlardır: “Təhsilə baxış həm mədəniyyət və siyasət müstəvilərində, həm də dəyişkən icra, məktəb və müəllimin yeni rolu müstəvilərində yaxşı kodifikasiya edilməlidir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /