Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Seçkilər sağlam, izdihamlı və təhlükəsiz keçirilməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Ordu və Quru Qoşunları günü münasibətilə Silahlı Qüvvələrin komandirləri və şəxsi heyətlərinin bir qrupu ilə görüşdü. Görüş zamanı ordunun gücü, imkanları və motivasiyasının ölkənin təhlükəsizliyindəki roluna işarə edən İslam İnqilabın Rəhbəri Hərbi Qüvvələrin təhlükəsizliyi təmin edən komponentlərdən olduğunu dedi. O, habelə düşmənin hədəflərinin həyata keçməsinin qarşısının alınmasında iqtisadiyyat, elm, tədqiqat, təhsil və mədəniyyət institutlarının rol oynadığını vurğulayaraq ölkənin birinci dərəcəli prioritetinin iqtisadi məsələlər olduğunu dedi: “Dövlət rəsmilərinin vəzifəsi Müqavimət İqtisadiyyatı siyasətlərini həyata keçirmək, xüsusilə məşğulluq və istehsal sahəsini diqqət mərkəzində saxlamaq, xalqın məişət problemlərinin həllinə ciddi cəhdlə çalışmaq və super güclər qarşısında dayanmaq və onların təhlükəsindən qorxmamaqdır”.

İslam İnqilabının Rəhbəri habelə 29 Ordibehişt seçkilərinə işarə edərək İslam Respublikasında seçkilərin İslam demokratiyasının rəmzi, izzət, iftixar, qüdrət və qürur mənbəyi olduğunu dedi: “Xalq, dövlət məmurları və namizədlər seçkilərin qədrini bilməli, izdihamlı, coşqulu, yüksək əhval-ruhiyyəli, sağlam, təhlükəsiz və genişmiqyaslı seçkilər üçün lazım olan şəraiti yaratmalıdırlar”.

Bu görüşdə hər kəsi Ordu günü münasibətilə təbrik edən, hərbçilərin ailələri, həyat yoldaşları və övladlarına onların həqiqi səngər və döyüş yoldaşları kimi yüksək ehtiramını ifadə edən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İmam (r.ə) tərəfindən Ordu gününün təyin edilməsi mərhum İmamın (r.ə) atdığı ən yaxşı və ağıllı addımlardandır: “Bu addım İslam Respublikası Ordusunun əsaslarını möhkəmləndirməklə yanaşı hiyləgərlərin çoxunun naümid və məyus olmasına səbəb oldu”.

O vurğuladı ki, İmam Xomeyni (r.ə) tərəfindən Ordu gününün təyin edilməsi İnqilabın qələbəsinin başlanğıc illərində Ordunun varlığının bütün xüsusiyyətləri və şərtləri ilə qəbul edilməsi deməkdir: “Ordunun qorunması və gücləndirilməsi İmamın (r.ə) dərin mənəvi inancından irəli gəlmişdir. Onun doğru qərarı İnqilabın qələbəsindən sonrakı bütün hadisələrdə ordunun parlamasına səbəb oldu”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, daxili planlara qarşı mübarizə ordunun parlaq fəaliyyət proqramını göstərən nümunələrdən biridir: “Müqəddəs Müdafiə dövründə Ordunun mühüm rol oynaması, hərbi güclə yanaşı əxlaq və mənəviyyat sahəsində yüksək əməli nümunələr sərgiləməsi bu fəxrlərdən başqa birisidir”.

Həzrət Ayətullah Xamenei şəhid Səyyad Şirazi, şəhid Babayi və ordu şəhidlərindən çoxunun əxlaq və mənəviyyatın əməli nümunələrindən olduğunu dedi: “İslam Respublikasının ordusu bu gün pak və müqəddəs maraqları olan fikri və mənəvi bir qüvvədir. Bu isə İmamın (r.ə) sözügedən günün təyin edilməsində atdığı addımların mühüm nəticələrindən biridir. Bu dəyərlərin qədri bilinməli və onlar gücləndirilməlidir”.

O, ordunun ruhi və mənəvi hazırlığının artırılmasının zəruri olduğunu vurğulayaraq təhlükəsizliyin təmin edilməsində Silahlı Qüvvələrin mühüm rol oynadığını qeyd etdi: “Ölkə üçün təhlükəsizlik çox mühüm bir məsələdir. Silahlı Qüvvələr nə qədər güclü və motivasiyalı olsa, bu güc hətta hərbi hərəkətliliklə müşayiət edilməsə belə, təhlükəsizlik üçün zəmin yaradacaq”.

Ali Baş Komandan ordu komandirlərinə nümunə ola biləcək insanlar yetişdirməyi tövsiyə etdi: “Böyük və şanlı Orduda şəhid Səyyad və şəhid Babayi kimi əxlaq nümunələri gün-gündən artırılmalıdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini təmin edən mühüm hasarlardan hesab edilir: “Silahlı Qüvvələrlə yanaşı iqtisadiyyat, təhsil, elm, mədəniyyət və araşdırma mərkəzləri də düşmənin hədəflərinə qarşı mübarizə aparılması istiqamətində bir-birlərini təkmilləşdirən sahələr kimi fəaliyyət göstərməlidirlər. Silahlı Qüəvvələrin bir-biri ilə səsləşən fəaliyyəti milli təhlükəsizliyin qorunması və gücləndirilməsinə, eyni zamanda ölkənin inkişafına zəmin yaradacaq”.

Həzrət Ayətullah Xamenei dedi ki, düşmənin əsas planlarından biri İran xalqına zərbə endirmək üçün iqtisadi problemlər və zəif nöqtələrdən istifadə etməkdir: “Bu səbəbdən son illər iqtisadi şüarlar seçilib bayraq edilib”.

O bildirdi ki, ölkə iqtisadiyyatının əsasının gücləndirilməsi ən həssas və açar mövzulardandır: “Bu səbəbdən iş, hərəkət və fəaliyyət kompleksi kimi Müqavimət İqtisadiyyatı siyasətlərinin icrasına, xüsusilə, məşğulluq, istehsal, habelə xalqın, müxtəlif qurumların, o cümlədən Silahlı Qüvvələrin işçilərinin məişət məsələlərinə əhəmiyyət verilməsində israrlıyam”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İslam dövlətinə qarşı kinli olan qüvvələr qeyri-sabitlik yaratmaq üçün iqtisadiyyat sahəsinin zəif cəhətlərindən istifadə etmək məqsədi ətrafında mərkəzləşmişlər: “Düşmənin məqsəd və məramı məlum olduğu üçün dövlət rəsmiləri Müqavimət İqtisadiyyatı siyasətlərinin icra maraqlarını artıtırmalıdırlar. İqtisadyyat sahəsinin görkəmli mütəxəssislərinin nəzər nöqtəsi olan bütün bu məsələləri dövlət rəsmilərinə də xüsusi və geniş şəkildə bəyan etmişəm”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bir halda ki, dövlət rəsmiləri düşmən tərəfin iqtisadiyyat sahəsinin zəif cəhətlərindən istifadə etməkdə maraqlı olduğunu görürlər, mənim onlardan təvəqqem budur ki, iqtisadiyyat sahəsinin zəif cəhətlərini aradan qaldırılıb, nüfuz yollarını bağlasınlar”.

O vurğuladı: “Təbii ki, İslam Respublikası və İran xalqının güclü cəhətləri çoxdur. İnqilabın qələbəsinin ilk dövrlərindən bu vaxta qədər xalqın müxtəlif planlar qarşısında uğur qazanmasının səbəbi həmin güclü cəhətlərdir. Bu cəhətlər kəmiyyət və keyfiyyət baxımından zəif cəhətlərdən daha çoxdur”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, güclü cəhətlərdən biri İran xalqının rəşadət ruhiyyəsinə malik olması, super güclərin təhdidləri və sərt reaksiyalarına qarşı müqavimət göstərməsidir: “Təcavüzkar güclərin taktikalarından biri xalqları və dövlətləri qorxutmaq, onları öz qeyri-qanuni istəklərinin təmininə vadar etmək məqsədilə hədə-qorxu gəlmək və özlərini böyük göstərməsidir”.

Həzrət Ayətullah Xamenei dedi: “Bir ölkə üçün ən acınacaqlı vəziyyət həmin ölkənin rəsmilərinin düşmənin hədə-qorxularından qorxmasıdır. Çünki bu vəziyyət düşmənin təcavüz etməsi üçün qapı açır”.

O vurğuladı: “Dövlət işlərinin ağıl, tədbir və düşüncə ilə idarə edilməsinə heç bir şübhə yoxdur. Ancaq bu tədbir və düşüncə cəsarətlə müşayiət olunmalıdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Düşmənin təhdidindən qorxmaq və çəkinmək, super güclərin hədə-qorxusunun təsiri altına düşmək bədbəxtliyin başlanğıcıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əgər kimsə qorxmaq istəyirsə, heç bir problem yoxdur. Sadəcə, xalqa görə və xalqın adından qorxmasın, çünki İran xalqı ayaq üstədir”.

O, İslam İnqilabının qələbəsinin ilk illərindən bu vaxta qədər həyata keçirilən müxtəlif planlara işarə edərək dedi: “Əgər İslam Respublikası və İran xalqı güclərdən qorxub qarşılarında geri çəkilsəydi, artıq İran və iranlıdan heç bir əsər-əlamət qalmazdı”.

İslam İnqilabının Rəhbəri: “Düşmən ABŞ və ondan da böyük olmasından asılı olmayaraq, öz xalqına bağlı olan, xalqını və millətini sevən, habelə düşmənə qarşı müqavimət göstərən xalqın da sevdiyi dövlət qarşısnda heç nə edə bilməz”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, hegemon dövlətlər, xüsusilə ABŞ-ın İran xalqı ilə düşmənçiliyinə heç bir şübhə yoxdur: “Filankəslə razıdırlar və onunla hesablaşacaqlar” demək yanlış fikirdir. Çünki onların düşmənçiliyi İmamın (r.ə) dövründə, ondan sonra, hakimiyyət başında olmuş müxtəlif yanaşma tərzləri olan ayrı-ayrı hökumətlərin zamanında daim davam etmişdir”.

O vurğuladı ki, İran xalqının gücü və müqaviməti, ABŞ və bəzi Qərb dövlətlərinin hədə-qorxusunun təsirinə məruz qalmaması davam etdirilməlidir: “Müqavimətin və düşməndən qorxmamaq hissinin davam etdirilməsinin ən mühüm hissəsi Silahlı Qüvvələrin, əsas hissəsi iqtisadçıların, mədəniyyət və təhsil komplekslərinin, xüsusilə elm və tədqiqat sahələrinin rəhbərlərinin üzərinə düşür”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda qarşıdan gələn seçkilərə işarə edərək seçkilərin İran xalqının dünyada fəxr, izzət, qüdrət, başıucalıq və qürur mənbələrindən olduğunu dedi: “Bədxahlar İslam və mənəviyyatın demokratiyaya qarşı olduğunu göstərməyə çalışırlar. Ancaq İslam Respublikası İslam demokratiyası və seçkilər vasitəsilə bu sözlərin yanlış olduğunu göstərdi”.

Həzrət Ayətullah Xamenei dedi: “Bütün xalq seçkilər zamanı hiss edir ki, dövlət işlərinin açarı onun öz əlindədir, ölkənin əsas komponentlərini xalq təyin edir”.

O vurğuladı ki, bütün xalq, dövlət və aidiyyatı şəxslər seçkilərin qədrini bilməli və onu əziz tutmalıdırlar: “Seçkilər irimiqyaslı, izdihamlı, yüksək əhval-ruhiyyədə, sağlam və təhlükəsiz keçirilməlidir. Bu cür seçkilər ölkəyə çox böyük toxunulmazlıq bəxş edəcək”

İslam İnqilabının Rəhbəri düşmən mediyalarının təhrikedici fəaliyyətlərinə və seçkiləri pozmaq üçün çalışdıqlarına işarə edərək dedi: “İran xalqı hər zaman göstərdiyi ayıqlığı və oyanıqlığı bu hərəkət qarşısında da sərgiləyəcək”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Ordunun baş komandanı general-mayor Salehi hər kəsi Rəcəb ayının bayramları münasibətilə təbrik etdikdən, Ordu və Quru Qoşunları gününə ehtiramını ifadə etdikdən sonra dedi: “Bu gün Ordu iftixar hissi keçirir ki, bütün quru, dəniz, hava hücmundan müdafiə və aviasiya sahələrində özünə güvənərək, Allaha təvəkkül edərək İslam İnqilabının torpaq və inanc sərhədlərini müdafiə edir. O, bütün hərbi hazırlıq müstəvilərindən daha üstün olan ucu-bucağı olmayan mömin və mütəxəssis insan dənizi ilə fəxr edir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /