Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalq real həyatda müqavimət iqtisadiyyatının təsirini görməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü. Bu görüşü zamanı Xubriqan Məclisinin ölkənin indiki və gələcək həyatında çox mühüm, effektiv və müstəsna rol oynadığını deyən rəhbər vurğuladı ki, məsulların xalq qarşısında, xüsusilə məişət məsələlərinə görə məsuliyyət hissinə malik olması zəruridir: “Dayanmadan çalşmalı, müqavimət iqtisadiyyatının xalqın real həyatına təsirlərini əməli müstəvidə reallaşdırmalı, son qırx ildəki qürurverici fəaliyyətləri daha da sürətləndirməli və yaxşılaşdırmalıyıq”.

Həzrət Ayətullah Xamenei Həzrət Əlinin (ə) Malik Əştərə ünvanladığı məşhur fərmanın bir hissəsini qeyd edərək Xubriqan Məclisinin fəaliyyətlərinin daha dərin və daha keyfiyyətli olmasının zəruriliyindən danışdı: “Möminlərin əmiri (ə) fərmanının bu hissəsində vurğulayır ki, məsulların Allah və insanlar qarşısında atdıqları hər addım, dedikləri hər söz və etdikləri hər sükut üçün arqumentləri olmalı və buna görə cavab verməyi bacarmalıdırlar”.

O dedi: “Əmirül-mömininin (ə) kəlamında bildirilir ki, məsulların Allah və insanlar qarşısında dəlil və sübutlarının olması zəruridir. Fərmanda həm də açıq şəkildə qeyd edilir ki, məsullar elə fəaliyyət göstərməlidirlər ki, xalq onlara güvənsin, sevgi bəsləsin, gördükləri işlərin nəticələri gözlə görülə və müşahidə edilə bilsin”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Əgər məsulların məsuliyyət hissi daim narahatlıq, səy, təlaş, məqsədyönlülük və ciddiyyətlə müşayiət olunarsa, bu o deməkdir ki, onlar İslam hökumətinin əsas istiqamətləri üzrə hərəkət edirlər. Əks təqdirdə, bilməliyik ki, İslam hökumətinin hüdudlarından kənara çıxmışıq”.

O, bir haşiyəyə çıxaraq əlavə etdi: “Bəzi üzdə ziyalı görünənlər elə danışırlar ki, guya xalq qarşısında məsuliyyət hissinin mənşəyi və təbliğatçısı Qərb təlimləridir. Halbuki sosial məsuliyyət hissi, habelə xalq və Allah qarşısında məsuliyyət hissinə malik olmaq İslam hökumətinin əsaslarından, Quran maarifi və konsepsiyalarındandır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, məsulların məsuliyyət hissi təcili, zəruri və vacib bir məsələdir: “Xalqın mədəniyyət və məişət məsələlərinə görə böyük məsuliyyət daşıyırıq. Əgər Allah göstərməsin, hətta mömin bir gənc bizim fəaliyyətimiz nəticəsində doğru yoldan sapsa, biz cavabdehlik daşıyırıq”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında ölkənin əsas məsələləri ilə bağlı fikir ayrılıqları və fərqli baxış bucaqlarının olmasına və baxış bucaqlarının hər birinin tərəfdarlarının müxtəlif dəlil və arqumentlərinin olmasına işarə edərək dedi: “Belə olan məqamlarda həll yolu İslam dövlətinin əsasları, prinsipləri və möhkəm meyarlarına müraciət etməkdir. Əgər irəli sürülmüş dəlil və arqument əsas və prinsiplərlə səsləşsə doğrudur, əks təqdirdə, qəbul edilmir”.

O vurğuladı ki, mərhum İmam (r.ə) bəyanatlarında İslam dövlətinin prinsipləri və möhkəm əsaslarını dəfələrlə qeyd etmişdir: “Məsullardan, xalqdan, xüsusilə gənclərdən dahi İmamın (r.ə) bəyanatları və vəsiyyətnaməsinə müraciət etmələrini israrla istəməyimin səbəbi də məhz budur”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, tədricən də olsa, İslam hökmlərinin həyata keçirilməsi, İslam hökmlərinin icrası prosesindən geri çəkilməmək, imperializmlə mübarizə və ona güvənməmək İslam dövlətinin möhkəm əsaslarındandır: “İmperializmə, beynəlxalq despotizmə və kafirlərin möminləri istila etmək istəyinə qarşı mübarizə İslam dövlətinin qeyd-şərtsiz və zəruri şərtlərindəndir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Mübarizə təkcə hərbi qarşılaşmadan ibarət deyil. Onun mədəni, intellektual, siyasi və təhlükəsizlik sahələrinə aid müxtəlif yönləri və metodları var”.

Xalqyönümlülük, xalqa etimad, ədaləttələblik, zülm və fəsada qarşı müqavimət, milli kimlik və milli şərəfə etimad Həzrət Ayətullah Xameneinin qeyd etdiyi əsas və prinsiplərdən idi: “Mədəni cəhətdən böyüklük hissinə malik olmaq, yad mədəniyyət qarşısında kiçilməmək İslam dövlətinin əsas və prinsiplərindəndir. Biz mədəniyyət sahəsində zəiflik və kiçiklik hissi keçirməməli, əksinə, daim mədəni üstünlük hissinə malik olmalıyıq”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bütün sahələrdə, o cümlədən elm və bilik sahəsində cihad hərəkatı da İslam dövlətinin əsaslarındandır: “Aristokratik həyat tərzindən uzaq durmaq da İslam sisteminin möhkəm əsaslarından olduğu halda, təəssüflər olsun ki, bu gün cəmiyyətin problemlərindən biri bəzi məmurların davranışları nəticəsində hətta orta və aşağı təbəqələrin də aristokrat görünməyə meyillənməsidir”.

O, zəif təbəqələrə qarşı canıyananlıq göstərilməsinin də İslam dövlətinin prinsiplərindən olduğunu dedi: “Xubriqan Məclisinin mühüm vəzifələrindən biri ilk növbədə rəhbərlik və onun davam etdirilməsi üçün müəyyən edilmiş xüsusiyyətləri araşdırmaqdır”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində məsullar, ekspert və mütəxəssislər tərəfindən müqavimət iqisadiyyatı ifadəsinin tez-tez təkrarlanmasının bu konseptual çərçivənin qəbul edilməsinin göstəricisi olduğunu dedi: “Mühüm olan isə bu çərçivənin əməldə reallaşmasıdır”.

O, 1394 ildə də müqavimət iqtisadiyyatının nəzər nöqtəsi olan məsələ olduğunu xatırlayaraq əlavə etdi: “Həmin il əməli müstəvidə arzuolunan fəaliyyət reallaşmadığı üçün 1395-ci ili “müqavimət iqtisadiyyatı, fəaliyyət və əməl ili” adlandırdıq”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Təbii ki, dövlət rəsmiləri bu sahədə mühüm işlər görüblər. Ancaq bu, görülməsi lazım olan işlərin yalnız bir hissəsidir”.

O vurğuladı: “Əgər müqavimət iqtisadiyyatı sahəsində bütün zəruri işlər həyata keçsəydi, bu gün ölkənin iqtisadi vəziyyəti və əhalinin həyatında diqqət çəkəcək fərqin şahidi olardıq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Möhtərəm prezidentə də demişəm, makro göstəricilərin açıqlanması yaxşıdır. Təbii ki, statistikaların dəqiq olması şərtilə. Ancaq hər halda, bunlar əhalinin həyat və məişətində qısamüddətli və ortamüddətli təsir effektinə malik deyil”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, xalqın həyatına real təsir göstərmənin yolları var: “Əhalinin şikayətləri və ekspertlərin fikirləri bizə gəlib çatır. İstehsal, məşğulluq, sözün əsl mənasında böhranın aradan qaldırılması, qaçamalçılıq, idxalat və ixracat kimi məsələlərdə elə davranmaq lazımdır ki, xalq onun təsirini öz həyatlarında tam şəkildə hiss etsin. Lakin hal-hazrda belə deyil”.

O, xarici investisiya cəlbinin müsbət addım olduğunu desə də əlavə etdi: “Bu vaxta qədər xarici ölkələrlə bağlanmış müqavilələrin az hissəsi reallaşıb. Buna görə də onların investisiya qoymasına ümid bəsləmək olmaz. Daxildə özümüzün bacardığımız işləri görməliyik”.

O, çıxışının bu hissəsini yekunlaşdırarkən vurğuladı: “Möhkəm nəzəri və konseptual əsasları olan müqavimət iqtisadiyyatı ölkənin problemlərindən yeganə çıxış yoludur. Gərək icra edilsin”.

İslam İnqilabının Rəhbəri xalq tərəfindən seçilmiş ekspertlərin toplantısında etdiyi çıxışın üçüncü hissəsində beynəlxalq imperialistlərin İslam dövlətinə qarşı olan düşmənçiliklərinin müxəlif səbəbləri və yönlərindən danışdı.

O bildirdi ki, imperialistlərin İslam Respublikasına qarşı dərin və hərtərəfli düşmənçiliyinin əsas səbəbi İslam dövlətinin xalis Məhəmməd İslamının gerçəkləşməsi üçün çalışması və xalqın ideyalar istiqamətində böyük və əzmkar mübarizəsidir: “Onlar nə qədər ki, mənafelərinə zidd deyil, ruhanilərin hakimiyyəti və İslam hökmlərinin üzdə olan icrasına qarşı deyillər. Bu əbəbdən də sözügedən xüsusiyyətlərə malik olan bəzi dövlətlə yaxşı münasibətdədirlər”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ölkənin güclü dövlətlərin asılılığından xilas edilməsi, onların sui-istifadə yolunun bağlanması xalis İslamın İranda tədricən reallaşması prosesinin nəticəsidir: “Bu dəqiqə amerikalılara şah diktaturası dövründə olduğu kimi hərtərəfli əməkdaşlıq icazəsi verib onlara etimad göstərsək, “İslam Respublikası” ilə heç bir problemləri olmayacaq”.

Həzrət Ayətullah Xamenei beynəlxalq hegemonlar cəbhəsinin İranla olan düşmənçiliklərinin müxtəlif dərəcələrinə işarə edərək dedi: “ABŞ və sionist rejimin düşmənçiliyi konkret, kəskin və operativdir. Ancaq bəziləri mənafelərinə uyğun olaraq bu düşmənçiliyi dillərinə gətirmir və əməldə elə də göstərmirlər”.

İslam İnqilabının Rəhbəri etibarlı məlumatlara istinadən bildirdi ki, təhlükəsizlik və siyasi problemlər, güclü iqtisadi təzyiq və mədəniyyət sahəsinə səssiz, eyni zamanda irimiqyaslı hücumu düşmən cəbhəsinin layihə və əməliyyatlarının əsas istiqamətlərindəndir: “Onların məqsədi xalqda İslam dövlətinə qarşı ümidsizlik yaratmaq, düşmənə qarşı müqavimətdə məsullardan bu əsas söykənəcəyi almaqdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, məntiqli, təcavüzkar və güclü mübarizə imperialist cəbhəsinin məkrli planlarını puça çıxarmağın əsas yoludur: “Bütün sahələrdə, o cümlədən insan hüquqları, terrorizm və müharibə cinayətləri sahəsində Qərbə qarşı təcavüzkar mövqeyində olmalıyıq”.

O, ABŞ-ın İranda keçirilmiş seçkilərlə bağlı səsləndirdiyi son kəskin tənqidləri gülünc hesab edərək dedi: “Regionun ən çirkin və insanlığa qarşı olan qəddar rejimləri ilə dostcasına əməkdaşlıq edən və bu böyük rüsvyaçılığı sonuncu seçkilərində açıq şəkildə dilə gətirən amerikalılar İran xalqının seçkilərinə qarşı hücuma keçib onu tənqid edirlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bütün super güclərin və sionistlərin media imeriyasının fasiləsiz hücumlarına rəğmən, İran xalqı İnqilabdan sonra bütün sahələrdə inkişaf etmişdir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hətta mənim həssas yanaşdığım və daim narahatlıq hiss keçirdiyim mədəniyyət sahəsində də inkişaf etmişik. Müasir gənclər müdafiəyə İnqilabın ilk dövrlərində olan gənclərdən daha çox hazırdırlar və müxtəlif sahələrdə daha çox fədakarlıq göstərirlər”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İslam Respublikasının dünyadakı, xüsusilə Qərbi Asiyadakı dərin və genişmiqyaslı strategiyası son qırx ilin mühüm nailiyyətlərindəndir: “İranın gündən günə artan nüfuzu və xalqların İslam dövlətinə dəstək verməsi bizim möhkəm dayağımızdır. Bu fakt amerikalıları əsəbiləşdirmiş və onların analitiklərini İranın artmaqda olan nüfuzuna qarşı hansı mübarizə vasitələrindən istifadə etmək yolunu axtarmağa vadar etmişdir”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda uğur və nailiyyətlərin ilahi lütfkarlığın əlaməti olduğunu dedi və məsulları bu nemətlərin qədrini bilməyə çağırdı: “Məsulların öz ağır vəzifələrinə əməl etməsi bu nemətlərin həqiqi şükrünü yerinə yetirmək deməkdir”.

Çıxışının əvvəlində hər kəsi Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövlud günləri münasibətilə təbrik edən İslam İnqilabının Rəhbəri rəhmətlik cənab Haşimi Rəfsəncaninin xatirəsini əziz tutdu və Xubriqan Məclisinin yaradıldığı ilk vaxtdan onun bu məclisdəki fəal və effektiv fəaliyyətinə işarə edərək dedi: “Rəhmətlik Haşimi İslam Respublikasının qiymətli və nüfuzlu şəxsiyyətlərindən olmuşdur. Bu əziz qardaşın xatirəsini unutmayacağıq”.

Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin Loristan əyaləti üzrə nümayəndəsi rəhmətlik cənab Şahruxinin də xatirəsini əziz tutdu.

O, fədakar yanğınsöndürənlərin fədakarlıqlarından da danışdı: “Əsasən, gənclərdən ibarət olan bu fədakar insanlar xalqın canı və malını qorumaq üçün canlarından keçdilər. Belə bir ruhiyyənin olması onu göstərir ki, bu cür insanların və ruhiyyələrin nadir tapıldığı bir şəraitdə ölkədə, əsasən də ölkə gəncləri arasında fədakarlıq ruhiyyəsi diridir”.

İslam İnqilabının Rəhbəri bu məclisin komissiyalarını aktivləşdirdikləri üçün Xubriqan Məclisinin sədri və nümayəndələrinə təşəkkürünü bildirdi.

Görüşün əvvəlində Xubriqan Məclisinin sədri Ayətullah Cənnəti həssas məqamlarda bələdçi və istiqamətləndirici mövqelər sərgilədiyinə görə İslam İnqilabının Rəhbərinə təşəkkürünü bildirdi: “Ekspertlər inqilabçı düşünməyi, inqilabçı qalmağı və İslam İnqilabı yolunda hərəkət etməyi özlərinə vəzifə bilirlər”.

Ayətullah Cənnəti vurğuladı: “Xubriqan Məclisinin üzvləri mədəniyyətin vəziyyəti, virtual məkan problemi, xüsusilə xalqın məişəti və ölkənin iqtisadi şəraitinə görə narahatdırlar”.

Xubriqan Məclisinin sədr müavini Ayətullah Şahrudi də düşmənlərin İnqilaba zərbə endirmək və onu öz təsirləri altına almaq üçün çalışdıqlarını dedi: “İmam Xomeyninin (r.ə) vəfatından sonra İslam İnqilabı hədəflərini, nailiyyətlərini, milli birlik və vəhdəti qorudu, habelə regionda və dünyada İrana misilsiz bir güc və izzət qazandırdı”.

Ayətullah Haşimi Şahrudi Xubriqan Məclisinin ikinci iclasında müzakirəyə çıxarılmış məsələlər haqqında məlumat verdi: “Fitnə və finəçilərin pislənməsi, kasıb və yoxsulların himayə edilməsi, zülmə qarşı mübarizə və məzlumu müdafiə, iqtisadi problemlər, məişət və işsizlik probleminin həll edilməsinin vacibliyi, dövlətin müqavimət iqtisadiyyatı məsələsinə daha çox diqqət ayırmasının vacibliyi, prezident və şuralara seçkilərin əhəmiyyəti, məsulların sadə həyat tərzinə malik olmasının zəruriliyi, 22 Bəhmən yürüşündəki əzəmətli işirakına görə xalqa təşəkkür edilməsi, astronomik maaşlar məsələsinin araşdırılmasına daha ciddi yanaşmaq, Xuzistan əhalisinin problemlərinə diqqət, etniklər və məzhəblər arasında vəhdət və həmrəyliyin qorunmasının vacibliyi, virtual məkanın təhdidləri və imkanlarına diqqət yetirməyin əhəmiyyəti və mübarizə ruhiyyəsinin gücləndirilməsi Xubriqan Məclisinin sədri və üzvlərinin son iclasda müzakirəyə çıxardıqları məsələlərin ən mühüm istiqamətləri olmuşdur”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /