Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Zəiflik hissi düşməni hücuma təhrik edəcək

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün (bazar ertəsi) səhər “Nur yolçuları” ekskursiya qruplarının təşkilatçıları, Müqəddəs Müdafiənin döyüşçüləri və komandirlərinin bir qrupu ilə görüşdü. Görüş zamanı səkkiz illik Müqəddəs Müdafiə dövrünün ölkənin xalis və qiymətli mədəni sərvətlərindən biri olduğunu deyən İnqilabın Rəhbəri vurğuladı ki, “Nur yolçuları” təşkilatı Müqəddəs Müdafiənin qızıl mədəni və sərvətindən istifadə etmək üçün yeni bir texnologiya, çox böyük və mühüm bir təşəbbüsdür: “Bədxahların mədəni layihələrinə qarşı mübarizə aparmaq üçün yeganə vasitə mədəni istehsal, bütün sahələrdə Müqəddəs Müdafiə dövrünün güclü mənbəyi və zəngin sərvətindən istifadədir”.

İslam İnqilabının Rəhbəri “Nur yolçuları” qruplarının təşkilatçılarına təəşəkkür etdikdən sonra Allahın Qurani-Kərimdə Allahın günləri, böyük və təsir gücünə malik günlərə xüsusi əhəmiyyət verdiyini qeyd edərək Müqəddəs Müdafiə dövrünün Allahın günləri və İran millətinin tarixini yaradan günlərdən olduğunu dedi: “Müqəddəs Müdafiə və onun verdiyi dərslərin unudulmasına heç bir vəchlə imkan vermək olmaz”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, “Nur yolçuları” təşkilatı Müqəddəs Müdafiə dövrünün dəyərləri və dərslərinin unudulmasının qarşısını alan bir amildir: “Hər bir işin yüksəlişi və tərəqqisi üçün həmin işi davamlı olaraq nəzarətdə saxlamaq lazımdır ki, əsl istiqamətindən sapmasın. Təbii ki, tərəqqi və yüksəliş də sözdə deməklə, rəqəmlər söyləməklə gerçəkləşmir. Məhsul və işin nəticəsini yer üzərində görmək lazımdır”.

O, ayrı-ayrı xalqların və ölkələrin təbii və insan resurslarına işarə edərək dedi: “İran xalqı və dövləti çoxlu təbii və insan resurslarına, habelə güclü cəhətlərə malikdir. Ancaq ən mühüm mədəni dəyərlərlərdən və sərvətlərdən biri xalqın əksər hissəsində din yolunda hərəkət və mübarizəyə inam ruhiyyəsinin olmasıdır”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Zorakılıq edən güclərə qarşı müqavimətə inam, habelə, “Əgər müqavimət göstərəriksə, heç şübhəsiz düşmənə qalib gələcəyik” inamı İran xaqlnın mədəni dəyərlərindən və sərvətlərindəndir. Əgər bu dəyər gündəmdə saxlanılsa və meydana çıxarılsa, İslam İnqilabının qələbəsində və Müqəddəs Müdafiə dövründə olduğu kimi böyük işlərin mənşəyinə çevriləcək”.

Həzrət Ayətullah Xamenei məcburi müharibədən danışarkən bir mühüm və açar nüansa toxunaraq dedi: “Məcburi müharibənin başlanma səbəbi düşmən BƏƏS-ilər və onun hamilərinin bizim zəiflik göstərdiyimizi hiss etmələri oldu. Əgər bir neçə gün ərzində Tehranı ələ keçirəcəklərindən əmin olmasaydılar, qətiyyən müharibəyə başlamazdılar”.

O vurğuladı: “Bu, ümumi bir qaydadır: “Zəiflik hissi düşmənin hücuma təhrik edilməsinə səbəb olur”. Buna görə də düşməni hücum fikrindən daşındırmaq istəyirsinizsə, zəiflik hissini büruzə verməkdən çəkinin, ixtiyarımızda olan çoxlu güclü cəhətləri aşkara çıxaraq”.

İslam İnqilabının Rəhbəri bu ümumi qaydanın mədəni və iqtisadi sahələr üçün də səciyyəvi olduğunu dedi: “Hal-hazırda ölkənin iqtisadiyyat sahəsində qarşılaşdığı böyük problemin səbəbi bəzilərinin səhvə yol verərək iqtisadiyyat sahəsində zəiflik göstərməsi olmuşdur. Düşmən bu istiqamətdən təzyiq göstərə bilcəyini gördükdə təzyiqi daha da artırdı”.

O bu nüansı qeyd etdikdən sonra yenidən Müqəddəs Müdafiə dövrü mövzusuna qayıtdı və “İran müharibə başladığı vaxt həqiqətən də zəif idimi?” sualı əsasında həmin dövrün şəraitinə açıqlama gətirdi: “Müharibənin başladığı ilk günlərdə İran faktiki olaraq zəif idi. Çünki sistemli, nizam-intizamlı və yetərli qədər təchizata malik bir ordu yox idi. Bəzi təchizatlardan necə istifadə edildiyini bilmirdik. Ən önəmlisi isə İran xalqının həmin vaxt müharibə təcrübəsi yox idi”.

İslam İnqilabının Rəhbəri dedi: “Sözügedən şəraitin nəticəsi bu oldu ki, düşmən Əhvazın 12 km-liyinə qədər irəlilədi. Ancaq Allahın böyük nişanələrindən və kainatın möcüzələrindən biri olan dahi İmamın (r.ə) qətiyyətli çağırışı ilə müsəlman və inqilabçı qüvvələr – Ordu, Keşikçi Korpus, Bəsic səfərbər oldu və mövcud imkanlardan istifadə etməklə yanaşı, sahib olduğu güclü cəhətlərdən, o cümlədən idarəetmə, təşkilatlanma və əməli təşəbbüskarlıqdan yüksək səviyyədə faydalandılar, nəticədə, iman və cəsarətlə müharibənin taleyini dəyişə bildilər”.

O, 1359-cu ilin şəhrivər ayından 1361-ci ilin fərvərdin ayına qədər (1980-ci ilin sentyabbr ayından 1982-ci ilin mart ayına qədər) olan bir il yarımlıq qısa zaman kəsiyinə işarə edərək dedi: “Mömin və inqilabçı qüvvələr bu müddət ərzində düşmənin Əhvaz yaxınlığına qədər irəliləməsini “Fəthül-mübin əməliyyatı” və düşmən qüvvələrindən 12 min nəfərin əsir götürülməsi ilə əvəz edə bildilər. Bu, bütün dövrlər üçün böyük və qiymətli bir sərvətdir”.

İslam İnqilabının Rəhbəri Müqəddəs Müdafiə dövrünün cəmiyyətə təsirini azaltmağa çalışan və ya onun əksinə danışan şəxsləri və cərəyanları tənqid edərək dedi: “Bu fərdlər bir xalqın nəfis xətlə yazılmış əlyazma kitablarını yandıran və ya bir xalqın neft sərvətini dənizə axıdan insanlara bənzəyirlər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Müqəddəs Müdafiə dövrünə əhəmiyyətsiz yanaşmaq və ya ona qarşı hərəkət etmək xalqın tarix yaradan milli sərvətini məhv etmək deməkdir: “Məsul şəxslər bu məsələdə ehtiyatlı olmalı, Müqəddəs Müdafiənin dəyərləri və böyük xəzinəsinə qarşı film çəkilməsinə, kitab yazılmasına və ya başqa bir tədbir görülməsinə imkan verməməlidirlər”.

O vurğuladı ki, bəziləri iki məsələni bir-biri ilə səhv salır: “Müharibənin xoşagəlməz və ziyanlı bir hadisə olması şübhəsizdir. Ancaq cavablandırılması mühüm olan sual bundan ibarətdir ki, əgər bir xalq hücuma məruz qalarkən güc və qüdrətini ortaya qoymazsa, nə baş verər?”

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Müqəddəs Müdafiə dövrü əslində İran xalqı üçün bir nəfəs qədər həyati bir məsələ idi. Əgər bu nəfəs alınmasaydı, millət məhv olardı”.

Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə dövrünün saya gəlməz qədər mənalı və parlaq xatirələrinin böyük və milli bir sərvət olduğunu dedi: “Müqəddəs Müdafiə dövründə iyirmi yaşı ancaq olan o həmədanlı döyüşçü öz xatirələrində bizə öyrədir ki, əgər tikanlı məftilləri aşmaq istəyirsənsə, öncə nəfsinin tikanlı məftillərini aşmalısan, yəni nə qədər ki, özümüz özümüzdə ilişib qalmışıb, heç bir iş görə bilməyəcəyik”.

O vurğuladı ki, hər bir sərvət və xəzinədən istifadə etmək üçün bir texnologiyaya ehtiyac var: “Nur yolçuları əsl həqiqətdə Müqəddəs Müdafiə dövrünün qızıl mədəni və böyük sərvətindən istifadə texnologiyasıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, dərsliklər, universitetlər, habelə sənət əsərlərində Müqəddəs Müdafiənin zəngin məzmunundan istifadə etmək zəruridir: “Səlahiyyətli şəxslər, xüsusilə dövlətin və universitetlərin səlahiyyətli şəxsləri özlərini bu işdə cavabdeh hesab etməlidirlər”.

İslam İnqilabının Rəhbəri “Nur yolçuları” qruplarının təşkilatçılarına da tövsiyələr verdi. O, bildirdi ki, təşkilatçılar elə proqam tərtib etsinlər ki, Müqəddəs Müdafiə əməliyyatlarının aparıldığı məkanlara ekskursiya edənlər qayıtdıqdan sonra onlarla bu mühüm hadisə və onun dəyərləri arasında qırılmaz bir bağ yaransın.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, Müqəddəs Müdafiə kitabları və mədəniyyətinin müxtəlif sənət formaları çərçivəsində təbliğ edilməsi, habelə Müqəddəs Müdafiə yadigarları və komandirlərinə təşəkkür borcunu ifadə etmək vacibdir: “Əgər Müqəddəs Müdafiə sahəsində davamlı mədəni iş və mədəni istehsal olsa, ölkə mədəni layihələr və planlar qarşısında güclü olar”.

İqtisadiyyat və siyasət sahəsində də güclü iradəyə nail olmağın güclü mədəni iradə ilə şərtləndiyini deyən İnqilabın Rəhbəri qeyd etdi ki, ölkənin mədəni gücünün mənbəyi Müqəddəs Müdafiə dövrüdür: “Mədəniyyət də iqtisadiyyat kimidir. Əgər mədəni sahədə istehsalımız olmasa, idxalata ehtiyac duyacağıq. İdxalat da daxili istehsalın dirçəlməməsi ilə nəticələnəcək”.

İslam İnqilabının Rəhbəri bu sahədə ölkənin bəzi iqtisadi problemlərinin olduğuna işarə edərək dedi: “Bu gün ölkənin problemlərindən biri natamam daxili istehsalla müqayisədə idxalat həcminin hesaba gəlməyəcək qədər çox olmasıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, mədəni istehsal səviyyəsinin aşağı olması mədəniyyət sahəsində rəsmi idxalat və qaçaqmalçılıqla nəticələnir: “Hal-hazırda mədəni idxalat həcmi yüksəkdir. Bütün bu hallar düşmənlərin layihəsi çərçivəsində gənc nəsli dəyişərək İnqilabı, İmamı və dəyərləri sevən gənc nəsildən Qərb mədəniyyətinə bağlı və ölkəsi üçün heç bir faydası olmayan bir ünsür yaratmağa xidmət edir”.

O bildirdi ki, mədəni layihələr təhlükəsizlik planlarından, hətta hərbi təhdidlərdən də təhlükəlidir: “Düşmənin hərbi hücumu xalqı daha da möhkəmləndirir, daha da sıx birləşdirir. Ancaq mədəni hücum iradələri zəiflədir və gənc nəsli ölkədən alıb götürür”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda da “Nur yolçuları” ekskursiya qrupunun reportyorları və bələdçilərinə bir tövsiyə verdi.

Həzrət Ayətullah Xamenei dedi: “Nur yolçularına reportyorluqla adi turist reportyorluğu arasında böyük fərq var. Belə ki, “Nur yolçuları” qrupunda məzmun Müqəddəs Müdafiə dövrünün həqiqətləri, maarif və zirvə nöqtələrinin bəyanı ilə dolu olmalıdır”

O vurğuladı: “Təbii ki, bu o demək deyil ki, Müqəddəs Müdafiə məsələsində mübaliğəyə yol verilməlidir. Müqəddəs Müdafiə dövrünün uğurları və güclü nöqtələri ilə yanaşı bəzi çətinlikləri və uğursuzluqları da deyilməlidir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Müqəddəs Müdafiə həqiqətləri haqqında məlumat verilməsi Müqəddəs Müdafiə şəhidləri və xalis insanların parlaq simalarının şölə saçmasına səbəb olur”.

Həzrət Ayətullah Xamenei habelə Xuzistan, İlam, Kermanşah, Kürdüstan, və Qərbi Azərbaycanın “Nur yolçuları” karvanlarının getməli olduğu əyalətlər olduğunu qeyd etdi: “Bu əyalətlərdən hər birinin özünəməxsus yeri və dəyəri var. Qonaqlara bu əyalətlərin əhalisinə diqqət və dəstək göstərilməsi zərurəti də izah edilməlidir. Çünki bu əyalətlərin əhalisinin dəstək və himayəsi olmasaydı, müharibədə uğur əldə edilməzdi”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah Rəisi general-mayor Baqiri verdiyi məlumatda ölkənin şimal-qərbindən Fars körfəzi və Mükəran sahillərinə qədər olan ərazidə “Nur yolçuları”nın 57 xatirə kompleksinin ist    ifadəyə verildiyini dedi: “Yüksək ruhiyyə bəxş edən turizm sahəsinin misilsiz nümunəsi olan “Nur yolçuları” İslam İnqilabı və Müqəddəs Müdafiənin mahiyyətini qorumaqla, habelə İran xalqının səkkiz illik mübarizəsinin təhrifə uğraması və unudulmasının qarşısını almaqla yanaşı davamlı olaraq mədəni və ictimai təhlükəsizliyin qorunmasında effektiv rol ifa edir”.

General-mayor Baqiri əməliyyat bölgələrinin layiqli ziyarəti və müdafiənin əsas sütunlarının tanıdılması məqsədilə həyata keçirilmiş addımlardan söz açaraq əlavə etdi: “Altı milyon “Nur yolçuları”nın ziyarətçilərinə xidmət göstərmək üçün 150 min xitməti işçi, təbliğatçı, rəvayətçi və icra personalının iştirakı ilə “Nur yolçuları” mərkəzi heyətində 10 aktiv qərargah fəaliyyət göstərir”.

Silahlı Qüvvələrin Baş Qərargah Rəisi vurğuladı: “Biz İslam İnqilabının əsgərləri düşmənlərin, xüsusilə cinayətkar Amerikanın düşmənçilik əsaslı mahiyyətinə əsasən inanırıq ki, düşmən özünün ən zəif mövqeyində qərarlaşıb. Nur yolçuları cihad təfəkkürü ilə mədəniyyət mübarizəsi sahəsində hərəkat yarada bilərlər”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /