Ali Məqamlı Rəhbər:

Bu qədim dostun, döyüş yoldaşı və yaxın həmkarın itkisi ağırdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri ünvanladığı müraciətdə İslami hərəkat və mübarizə illərinin yoldaşı, həmsəngəri və qədim dostu cənab Höccətül-İslam vəl-müslimin Hacı Şeyx Əkbər Haşimi Rəfsəncaninin vafatı münasibəti ilə başsağlığı verdi.

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin başsağlığı müraciətinin mətni:

Bağışlayan və Mərhəmətli Allahın adı ilə

İnna lillah və inna iləyhi raciun (Biz Allah tərəfindən gəlmişik, Ona tərəf də qayıdacağıq). Təəssüf hissi ilə İslami hərəkat və mübarizə illərinin döyüş yoldaşı, həmsəngəri, İslam Respublikası dövründə uzun illərin yaxın həmkarı olmuş qədim dostum cənab Höccətül-İslam Hacı Şeyx Əkbər Haşimi Rəfsəncaninin qəfil ölüm xəbərini aldım. 59 illik bir həmkar, məsləkdaş və silahdaşı itirmək çətin və ağırdır.

Bu onilliklər ərzində biz neçə-neçə çətinliklər və maneələrlə qarşılaşdıq. Çox zaman kəsiklərində neçə-neçə həmfikir və həmdərd nöqtələrimiz sayəsində ortaq yolumuz uğrunda birgə çalışdıq, çətinliklər və təhlükələrə sinə gərdik.

O, illər ərzində onun iti zəkası və misilsiz səmimiyyəti onunla həmkar olan bütün şəxslər, xüsusilə də mənim üçün etibarlı söykənəcək hesab edilirdi. Bu uzun müddətin ayrı-ayrı zaman kəsiklərində fikir ayrılıqları və fərqli-fərqli görüşlərin olması belə, Kərbəlanın “Beynəl-hərəmeyn”ində bizim aramızda başlanan dostluq tellərini və bağlarını qətiyyən qopara bilmədi.

Son illər bizim aramızdakı bu fikir ayrılıqlarıından ciddi şəkildə istifadə etmək istəyən şeytanların vəsvəsəsi də onun mənə olan dərin sevgisini zədələyə bilmədi.

O, şah despotizminə qarşı mübarizə aparan ilk nəslin misilsiz nümunəsi, bu qürurverici və təhlükəli yolun əzabkeş yolçularından idi. Uzun illər həbsdə olmaq, “Savak”ın işgəncələrinə dözüb müqavimət göstərmək, sonra Müqəddəs Müdafiə dövründə qəbul etdiyi ciddi məsuliyyətlər, İslami Şura Məclisinin sədirliyi, Xubriqan Məclisinin rəhbərliyi və s. bu qoca mübarizin enişli-yoxuşlu həyatının parlaq səhifələridir.

Haşimini itirdikdən sonra mən tarix yaradan bu enişli-yoxuşlu dövrdə onun kimi uzunmüddətli və ortaq təcrübəmiz olan başqa bir şəxsi tanımıram.

İndi bu qocaman mübariz müxtəlif fəaliyyət və çalışmalarla dolu bir “əməl dəftəri” ilə Allaha hesabat verir. Bu, biz İslam Respublikasının bütün məsul şəxslərinin taleyidir.

Allahdan onun üçün səmimi qəlbdən rəhmət və bağışlanma diləyirəm. Onun həyat yoldaşı, övladları, qardaşları və digər qohumlarına başsağlığı verirəm".

Allah bizi və onu bağışlasın

Seyyid Əli Xamenei
8 yanvar 2017

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /