Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ən mühüm vəzifə milli güc amillərinin gücünü artırmaqdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Qum şəhərindən olan minlərlə insanla görüşü zamanı iman və dini maarif, elmi güc, stabil və dayanıqlı iqtisadiyyat və milli izzətin qorunmasının İran xalqı və ölkənin güc və qüdrətinin dörd komponenti olduğunu dedi və bu güc komponentlərini qorumaq üçün ölkənin yüksək idarə heyəti və məsul şəxslərinin, akademik təhsillilər, dini təhsillilər, ziyalılar, siyasi və mədəni fəalların mühüm vəzifə daşıdıqlarını vurğuladı: “Qum əhalisinin 19 Dey qiyamının (1356-cı ilin 19 Dey - 1977-ci ilin yanvar ayının 9-da Qum şəhərində keçirilən dinc etiraz aksiyası) ən mühüm dərsi düşməni, düşmənçilik metodunu, səmtini və tərəfini tanımaq, düşmən qarşısında zamanında və diqqətli addım atmaqdır”.

Qum əhalsinin 1356-cı ilin 19 Dey tarixli qiyamının otuz doqquzuncu ildönümü gününə təsadüf edən bu görüşdə İslam İnqilabının Rəhbəri zamanın tələbinin düzgün təyin edilməsi və Qum əhalisinin zamanında hərəkətə keçməsini bu hərəkatın ən mühüm xüsusiyyətlərindən olduğunu qeyd etdi: “Bu səbəbdən də Qum əhalisinin qiyamı öz təsirini göstərdi və sonrakı hərəkatlara, sonda isə İslam İnqilabının qələbəsinə zəmin yaratdı”.

Hər bir vacib vəzifənin özünəməxsus vaxtı olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei həmin vəzifənin ən yaxşı icra zamanının ilk vaxt olduğunu dedi: “Vəzifənin icrasının təxirə salınması və ya vaxtında yerinə yetirilməməsi “Təvvabinin” Aşura qiyamından sonrakı fəaliyyəti kimi gecikmiş və təsirsiz bir hadisə effekti yaradacaq”.

O, qeyd etdi ki, İslam İnqilabı İran xalqının asılılıq və gerilikdən xilas olmaq üçün etdiyi böyük sıçrayışdır: “Bu hərəkət mütləq, İran xalqının asılılığı və geriliyində maraqlı olan şəxslərin etiraz və müqaviməti ilə qarşılaşacaq”.

İnqilabın Rəhbəri İslam İnqilabının düşmənçiliklərə səbəb olduğunu deyən bəzi insanların açıqlamalarına toxunaraq dedi: “İslam İnqilabı və İran xalqı düşmənçilik niyyətində deyil. Əksinə, bir vaxtlar İranı qəsb etmiş, sonra İrandan qovulmuş, ölkənin asılılığı və geriliyində maraqlı olan zorakı quldurlar bu gün İran xalqının qanlı və barışmaz düşmənləridirlər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, bu düşmənçiliyin ortadan qalxmasının əsas şərti düşmənlərin ümidsizliyidir: “İslam dövləti və İran xalqı ilə düşmənçiliklər mövcuddur. Bunun qarşılığında ən mühüm vəzifə düşməni və onun hədəflərini öyrənib ona qarşı müqavimət göstərməkdir”.

O, “düşmən kimdir?” sualını səsləndirdikdən sonra dedi: “Bu gün müstəqil və inkişaf etməkdə olan İranın əsas düşməni Amerika, İngiltərə, beynəlxalq plutokratiya və sionistlərdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Təbii ki, xarici düşmənlərlə yanaşı, istəksizlik, məyusluq, halsızlıq, qaraqabaqlıq, tənbəllik, səhv siyasətlər, pis davranışlar, müxtəlif ixtilaflar və dar düşüncəlikdən ibarət olan daxili düşmənimiz də var”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər biz tənbəllik etsək, vaxtında hərəkət etməsək, düşməni səhv salsaq, “əsl böyük şeytanın” əvəzinə yararsız qardaşla düşmənçilik etsək, zərbə alacağıq”.

O, əsl xarici düşmənlər dedikdə bunun şüar deyil, real dəlillərə əsaslanan bir gerçəklik olduğunu dedi: “ABŞ-ın, necə deyərlər, “xoşəxlaq” dövlət katibi sonrakı hökumətə yazdığı məktubda “bacardığınız qədər İrana təzyiq göstərin və sanksiyaları davam etdirin, çünki təzyiq göstərməklə İrandan imtiyaz ala bilərsiniz”, – deyə məsləhət verirsə, bu düşmən deyilmi? Əlbəttə, düşməndir, sadəcə, gülərüz düşməndir. Bu gülərüz düşmənin davranışının İranı şər mərkəzi adlandıran düşmənlə heç bir fərqi yoxdur”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Düşmən demək şüar vermək və ya düşmən yaratmaq deyil. Əgər gözlərimizi açsaq, düşməni görərik”.

Həzrət Ayətullah Xamenei habelə, ingilislərin düşmənçiliyi ilə bağlı belə dedi: “Əldən düşmüş qoca müstəmləkəçi İngiltərə indi yenidən Fars körfəzinə gəlib və bu region dövlətlərindən istifadə edərək öz maraqlarına nail olmağa çalışır. Beləliklə, özü real təhdid olduğu halda, İranın təhdid olduğunu iddia edir”.

O, dedi: “İngilis qurumlar region dövlətləri və İranla bağlı proqramlar hazırlamqla və qərarlar qəbul etməklə məşğuldur. Onların məqsədlərindən biri İraq, Suriya, Yəmən və Liviyanı parçalamaqdır. İranla da bağlı eyni məqsədi güdürlər. Lakin İranın ictimai rəyinin gücündən qorxduqları üçün bunu dillərinə gətirmirlər”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İngilislər öz aləmlərində BFKP-dan (Birgə Fəaliyyətlərin Kompleks Planı) sonrakı dövrün sanksiya və məhdudiyyətləri üçün proqram işləyib hazırlayır, regionda, o cümlədə İranda yerli şəxslərə təlim keçib silahla təchiz edərək İslam dövləti və xalqın canına salmaq məqsədi güdürlər”.

Həzrət Ayətullah Xamenei İngiltərənin İran xalqına qarşı atdığı düşməncəsinə addımların real nümunələrini qeyd etdikdən sonra dedi: “Bu, düşmən deyilmi? Bundan daha xəbis düşmən tapmaq olarmı? Buna görə də düşməni və onun düşmənçilik metodunu öyrənmək lazımdır”.

O, vurğuladı ki, dövlət rəsmiləri, gənclər, işçilər, ali təhsillilər, xalqın bütün nümayəndələri düşməni tanımalı və onun hədəflərindən xəbərdar olmalıdır: “Düşmənin əsl hədəfi İran xalqı və İslam dövlətidir. Bəzən düşmənin bəzi şəxslər, bəzi qurum və təşkilatlarla düşmənçilik etməsinin səbəbi də budur ki, bunlar sinələrini düşmən qarşısında sipər etmişlər. Buna görə də düşmən bu fərdləri və qurumları yolu üzərindən götürmək istəyir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, belə bir şəraitdə dövlət rəsmiləri, akademik təhsillilər, dini təhsillilər, mədəni və siyasi fəalların ən mühüm vəzifəsi ölkəni gücləndirmək, milli güc komponentlərini gücləndirərək müqavimət gücünü artırmaqdır: “Dövlətin ən mühüm güc və mobillik komponentlərindən biri xalqın, xüsusilə gənclərin dini inamıdır. Çünki keçən 140 il ərzində ölkədə baş verən effektiv və cərəyan yaradan hər bir hərəkətin əsas komponenti dini inam olmuşdur”.

Həzrət Ayətullah Xamenei tənbəki qadağası, məşrutə, neft sənayesinin milliləşdirilməsi kimi hadisələrə işarə edərək vurğuladı: “Bütün bu hadisələrdə dini inam, alim və ruhanilərin qabağa düşməsi xalqın dindarlıq göstəricisi kimi ilk sözünü deyirdi. Bu hadisələr vaxtı təsadüf edilən istənilən sapma və uğursuzluğun səbəbi dini komponentdən uzaqlaşma və alimlərin kənarlaşdırılması olmuşdur”.

O, 15 Xordad qiyamı, İslam İnqilabının qələbəsi, Müqəddəs Müdafiə dövrü və son illərin digər hadisələri vaxtı dini inamın oynadığı əvəzsiz rola işarə edərək dedi: “Bu gün xalqın, xüsusilə gənclərin dini inamını zəiflətmək və ya məhv etmək üçün irimiqyaslı fəaliyyətlər göstərirlər. Buna görə də sözügedən iqtidar amili qorunub gücləndirilməlidir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, dini inamın təsir göstərməsi üçün onun dini mairflə müşayiət olunması şərtdir: “Dini maarifin mənası dinin cəmiyyət, siyasət, iqtisadiyyat, dövlətin idarəçiliyində yer almasıdır. Mərhum Müdərrisin məşhur cümləsi ilə desək, bizim dindarlığımız siyasətimizin özüdür”.

Həzrət Ayətullah Xamenei ABŞ və İngiltərənin düşüncə mərkəzlərinin dini siyasətlə mübarizə aparmaq və dini siyasətdən ayırmaq üçün plan və proqramlar hazırladıqlarına toxunaraq dedi: “Onlar çalışırlar ki, din məscidin bir küncündə, evin içində və fərdlərin daxili dünyasında olsun, din iqtisadiyyat və siyasətdən ayrı olsun, düşmənin boyunduruğunu qəbul etməmək davranışı ilə müşayiət olunmasın”.

O, vurğuladı: “Düşmən hökuməti, iqtisadiyyatı, qüdrəti, siyasəti, ordusu, maliyyə və idarə sistemi olan dindən qorxur. Buna görə də düzgün dini maarif dinin həyat və siyasətdən ayrı salınmamasıdır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, elmi güc dövlətin ikinci güc amilidir: “Gənclərdə ümidsizlik yaratmağa və onların ölkədən köçüb getməsinə səy göstərən bəzi özlərini satmış ünsürlərin pisniyyətliliklərinə rəğmən, inqilabçı və mömin gənclər möhkəm dayanıb və elmi fəaliyyətlərini davam etdirirlər. Bir neçə gün əvvəl Şərif Sənaye Universitetinin medalçı və bəsicilərdən olan xüsusi istedadlıları ilə görüşdə bunun bir nümunəsinin şahidi olduq”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Ölkənin müqavimət gücünün artırılması yollarından biri elmi fəaliyyətin davam etdirilməsidir. Buna görə də elmi fəaliyyət dayanmamalı, habelə sürət tempi də aşağı salınmamalıdır”.

O, bildirdi ki, ölkənin üçüncü güc amili dayanıqlı iqtisadiyyatdır: “Xalq işsizlik və böhran kimi müxtəlif problemlərə məruz qalmamalı, dövlət rəsmiləri də təkcə danışmaqla kifayətlənməməlidirlər. Çünki sanksiyalarım əsl məqsədi iqtisadi problemlər yaratmaq, xalqa təzyiq göstərmək, onları dövlətdən ayrı salmaqdır. Hətta sanksiyaların ortadan qaldırılması işini də elə aparırlar ki, problemlər olduğu kimi qalır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Düşmənin bu planının antidotu dəfələrlə qeyd etdiyim həmin müqavimət iqtisadiyyatıdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər ölkə güclü iqtisadiyyata malik olsa, ölkə valyutası qiymətli olar, dövlət rəsmiləri və xalq da etibar sahibi olar”.

O, əlavə etdi: “İqtisadiyyatı müqavimətli etməyin əsas yollarından biri neft satışından əldə edilən gəlir asılılığından xilas olmaqdır. Çünki neftin qiymət siyasəti dövlətlərə təzyiq göstərmək üçün başqalarının əlində tutduqları bir lingdir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, milli gücün dördüncü amili milli izzəti qorumaqdır: “Milli izzətin mənası beynəlxalq danışıqlarda, diplomatik əlaqələrdə ölkənin və xalqın izzətini qorumaq, zora tabe olmamaqdır”.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdıraraq dedi: “Əgər bu milli güc amillərini tanısaq, gücləndirsək, habelə düşmənin məqsəd və metodlarını da öyrənsək, onun planlarına qarşı planlar hazırlaya və müqavimət göstərə bilərik. Əgər bu amilləri tanımsaq, onlardan xəbərimiz olmasa, düşmənə köməklik də göstərə bilər, düşmənin əvəzinə öz dostumuzu və cəbhəmizi hədəfə ala bilərik”.

O, düşmənin milli güc amillərini məhv etməyə çalışdığına toxunaraq dedi: “İman, həya, iffət, dini əsaslara və dini hakimiyyətə bağlı olmaq amillərini aradan aparmaq, elmi fəaliyyəti dayandırmaq, milli izzəti zədələmək, dövlətin güc göstəricisi olan qurum və orqanları zəiflətmək düşmənin proqramlarındandır. Bütün bu aspektlərə qarşı mübarizə aparmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, Keşikçi Korpus, Bəsic və Nəzarət Şurasına hücum düşmən proqramı çərçivəsində dövlətin güc simvolu olan orqan və qurumları zəiflətmək üçündür: “Mənim iki orqanın rəhbərlərinin son mübahisələri ilə işim yoxdur, elə də mühüm məsələ deyil. Düşmən bunu şişirtməyə çalışsa da, Allahın köməkliyi ilə sona çatacaq. Ancaq hamı müstəqil, cəsur və qətiyyətli bir məhkəmə orqanının qədrini bilməlidir”.

Həzrət Ayətullah Xamanei vurğuladı: “Mən həmişə hökumətləri, İslami Şura Məclisi və Məhkəmə orqanını himayə etmişəm və edəcəyəm. Ancaq düşmənin nə məqsəd güddüyünü görmək və onun öz məqsədlərinə çatmasına mane olmaq lazımdır ”.

O, dedi: “Bu gün dövlətin ən mühüm məqsədləri güclü təhlükəsizlik orqanına, qüdrətli və xalqa əsaslanan hərbi orqana, Bəsic adlı böyük xalq hərəkatına, zamanı yaxşı tanıyan və meydanda olan ruhaniyyətə, tam qüdrətli məhkəmə orqanına, dəqiq proqramı olan cəsur hökumətə malik olmaqdır. Bu məqsədlər reallaşarsa, İran xalqının hərəkatı uğur qazanacaq. Bu komponentlərdən hər hansı mövcud deyilsə, mövcudluğu təmin edilməli, mövcud komponentlər isə qorunmalıdır”.

Ölkənin mömin və inqilabçı gənclərinin çoxsaylı və genişmiqyaslı elmi və mədəni təşkilatlanma və fəaliyyətlərindən söz açan Həzrət Ayətullah Xamenei dedi: “Bu gün elmi müsabiqələrdə ölkənin ən yaxşı medal qazananları bəsici, istedadlı, zəkalı və ayıq gənclər, habelə elm, mədəniyyət, incəsənət və siyasət sahələrində aktiv olan fikir və motivasiya sahibi, inqilabçı əzmkarlığı olan ustadlardır. Biz dövlət rəsmilərinin vəzifəsi bacardığımız qədər bu yüksək motivasiyalı gənclərə köməklik göstərməkdir”.

Düşmənin İran xalqını yaxşı tanımadığını deyən İnqilabın Rəhbəri 1388-ci il fitnəsinin (2009) düşmənin yanlış hesablamalarının bir nümunəsi olduğunu dedi: “Düşmən 1388-ci ildə fitnə salmaqla məsələni həssas və incə nöqtələrə çatdırdığını güman etdi. Ancaq qəfildən 9 Dey tarixində 19 Dey 1356-cı il tarixli hərəkatla eyni mahiyyətə malik olan ümumi hərəkatın baş verməsi hamını mat qoydu”.

Həzrət Ayətullah Xamenei yenidən qeyd etdi ki, ölkənin bütün fəal təbəqələrinin vəzifəsi milli güc amillərinin gücləndirilməsini çalışmaqdır: “Hətta din və şəriətə bağlılığı və sevgisi olmayan, ancaq İranı sevən, dost paltarı geyinmiş xain və düşmən olmayan şəxslər də bilməlidirlər ki, gənclərin İslam inamına hücum İrana və dövlətə xəyanətdir”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda yenidən vurğuladı ki, 19 Dey hadisəsinin verdiyi dərs düşməni və düşmənçilik metodlarını tanımaq, düşmən qarşısında vaxtında və hərtərəfli mübarizə və müqavimətdir: “Əgər bu dərsi mənimsəsək, inadkar və qlobal düşmənlər İran xalqının qarşısında heç bir şey edə bilməzlər”.

 

 

 

700 /