Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerikalılara qətiyyən güvənmək, təbəssümlərinə də aldanmaq olmaz

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər İraq Şiələrinin Milli Aliansının sədri Höccətül-İslam Əmmar Həkim və bu koalisiyanın əsas üzvləri ilə görüşü zamanı İraq şiə qrupları arasında koalisiya yaranmasından məmnunluq duyduğunu və bunun mühüm bir hadisə olduğunu dedi. O, bu vəhdətin əsaslarının qorunub gücləndirilməsi, İraqın ayrı-ayrı cərəyan, tayfa və məzhəblərinə ata nəvazişi göstərilməsi və qucaq açılmasının zəruri olduğunu vurğuladı.

İslam İnqilabının Rəhbəri görüş işirakçılarını İslam Peyğəmbəri (s) və Həzrət İmam Sadiqin (ə) mövlud günləri və Mosulda əldə edilən qələbələr münasibətilə təbrik etdikdən sonra İraq Şiələrinin Milli Aliansının sədri, əsas üzvləri və bu aliansa daxil olan bütün cərəyanların vəzifəsinin çox ağır, qəbul etdikləri istənilən qərarın və göstərdikləri fəaliyyətin İraq, Region və İslam üçün təsirli olduğunu dedi: “Milli Aliansın qarşısına qoyduğu qiymətli məqsədlərə nail olmaq yalnız birlik və vəhdəti qorumaqla mümkündür. Bu prinsipin davam etdirilməsində diqqətli olmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Milli Aliansın mühüm vəzifələrindən biri İraqdakı hökumətləri himayə etməkdir. O, cənab İbadi hökumətinin fəaliyyətlərindən, xüsusilə Həşd əş-Şəbi ilə iş birliyindən məmnunluq olduğunu dedi: “Həşd əş-Şəbi və ya Xalq Qüvvələri İraqın bu gün və sabahının gücləndirilməsi və himayə edilməsi vacib olan böyük sərvəti və ehtiyatıdır”.

O, vurğuladı ki, elm və tədqiqat İraqın inkişafı və güclənməsində mühüm əhəmiyyət daşıyır: “İraqda universitetlərin gücləndirilməsi, elm və tədqiqat əsaslarının mökəmləndirilməsi məsələsinə ciddi yanaşılmalıdır. Xüsusilə İraq xalqının düşmənləri və amerikalıların bu ölkənin elm adamlarının çoxunu qətlə yetirdiyi bir vaxtda bu çox önəmlidir”

İslam İnqilabının Rəhbərinin İraq Şiələri Koalisiyasına verdiyi mühüm tövsiyələrdən biri də bu oldu: “Amerikalılara qətiyyən güvənməyin!”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikalılar daim İslam ölkələri, o cümlədən İraqın güclənməsinə qarşı olublar. Onların saxta davranışlarına və təbəssümlərinə heç vaxt aldanmaq olmaz”.

O, vurğuladı ki, İslam İnqilabının bizə daimi tövsiyəsi ABŞ-a güvənməməkdir: “Biz İran İslam Respublikasında bu tövsiyəyə nə vaxt əməl etmişiksə, xeyrini görmüşük, nə vaxt unutmuşuqsa, ziyanını çəkmişik”.

İslam İnqilabının Rəhbəri ABŞ-a güvənilməməsi məsələsində bu nüansı da qeyd etdi ki, onlar üzdə iddia etdikləri kimi, əsla, təkfirçi terroristləri məhv etmək niyyətində deyillər, üstəlik bu terrorçuların bir hissəsini öz gələcək məqsədləri üçün qorumağa çalışırlar.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikalılar indi Mosulda, habelə Suriyada təkfirçi terrorçuların tam məğlubiyyətə uğramasını istəmirlər”.

O, İŞİD-in İraq neftini satması məsələsinə toxunaraq dedi: “Həmin vaxt amerikalılar tankerlərin sıra ilə hərəkətini sadəcə, müşahidə edir və hədəfə almırdılar. Buna görə də amerikalılara güvənmək olmaz”.

İslam İnqilabının Rəhbəri İraqın gələcəyinin bu günkündən yaxşı və daha parlaq olacağını dedi: “İraqın inkişafı İran İslam Respublikasının, iki ölkənin əvvəlkindən artıq birliyi isə, hər iki tərəfin xeyrinədir”.

Çıxışının sonunda Ərbəin ziyarətçilərinə qarşı göstərdikləri qonaqpərvərliyə görə İraq xalqına və rəsmilərinə öz təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei Ərbəin yürüşünün əzəmətli və misilsiz bir hadisə olduğunu dedi.

Bu görüşün əvvəlində Ali Məqamlı Rəhbərə təlimatları və İran İslam Respublikasına göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirən İraq Şiələri Koalisiyasının sədri Höccətül-İslam Həkim Milli Koalisiyanın formalaşması prosesi və atılmış addımlarla bağlı məlumat verdi. O, habelə İraq, Suriya və Yəməndə əldə edilmiş son qələbələr münasibətilə təbrikini ifadə edərək dedi: “İraq Şiələrinin Milli Koalisiyasının əldə etdiyi ən mühüm nailiyyətlərdən biri Həşd əş-Şəbi qanununun təsdiq edilməsidir. Bu qanun Milli Aliansın, Şiələr Koalisiyasının nümayəndələrinin müsbət rəyini qazanmaqla yanaşı, digər qrup və cərəyanların nümayəndələrinin çoxunun da səsini qazana bildi”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /