Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qəzzada baş verənlər İslam dünyasının və bəşəriyyətin bir nömrəli problemidir!

Bu gün İran xalqının öz müsəlman ölkəsinin dörd bir yanında qıldığı möhtəşəm bayram namazı ilə Ramazan bayramı ikiqat gözəlləşdi. Bir olan Allaha sitayiş edən, mömin İran xalqı bir aylıq təqva və bəndəliyin şükrü olaraq, itaətkarlıqla Uca-Yaradana səcdəyə qapandı. İran xalqının milli-mənəvi birliyinin daim isti olan ocağı – Tehran namazgahı səhər ertə paytaxtın mömin əhalisinin böyük izdihamının İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameninin imaməti ilə qıldığı möhtəşəm bayram namazına şahid oldu.

Namazın ilk xütbəsində Ali Məqamlı Rəhbər iştirakçıları mübarək Ramazan bayramı münasibətilə təbrik edərək qeyd etdi ki, bu ay boyunca təşkil olunan Quran və zikr məclisləri, qədr gecələrinin təvəssül və duaları, eləcə də xalqın Ümumdünya Qüds Günündə nümayiş etdirdiyi izdiham və emosionallıq ilahi rəhmət və bərəkətin qazanılması üçün gözəl bir zəmindir. O, əlavə etdi: “Bu gözəl həqiqətlər sayəsində xalqımız mübarək Ramazan ayını başucalığı ilə yaşayaraq Fitr bayramına qovuşdu”.

Xalqa mübarək Ramazan ayında qazandıqları mənəvi nailiyyətləri qoruyub saxlamağı tövsiyə edən Ali Məqamlı Rəhbər sadə iftar süfrələrinin açılması ilə bağlı keçənilki diləyini xatırladaraq dedi: “Sevindirici haldır ki, bu il küçələrdə, dini və ictimai məkanlarda sadə iftar süfrələrinin verilməsi geniş miqyasda müşahidə olunurdu”.

Ali Məqamlı Rəhbər xalqa belə bir tövsiyə də verdi: “İslami həyat tərzinin formalaşdırılmasına təsir edən bu kimi işləri mümkün qədər daha da genişləndirmək lazımdır”.

Builki Qüds Gününü İran xalqının ümummilli əzminin təzahürü kimi dəyərləndirən Həzrət Ayətullah Xamenei yürüşlərdə xalqın müxtəlif təbəqələrindən olan insanların, özəlliklə də uşaqlı qadınların iştirak etdiyinə toxunaraq dedi: “Builki Qüds Günü, doğrudan da, möhtəşəm bir gün idi. Həmin gün İran xalqı iradəsini və var olduğunu dünyaya nümayiş etdirdi”.

Qəzza hadisələrinin əhəmiyyətini nəzərə alaraq, Ali Məqamlı Rəhbər bayram namazının ikinci xütbəsini bu mövzuya həsr etdi.

“Qəzzada baş verənlər İslam dünyasının və bəşəriyyətin bir nömrəli problemidir” – deyən Ali Məqamlı Rəhbər Qəzzada çoxlu sayda məsum körpənin qətlə yetirildiyinə, bu torpaqda anaların nə qədər məzlum bir vəziyyətdə olduqlarına toxunaraq aşağıdakıları vurğuladı: “İsrail rejimi adlı yırtıcı canavar Qəzzada faciələr törətməkdədir. Bəşəriyyət bu qaniçən və kafir rejimin cinayətlərinə reaksiya verməlidir”.

Xütbənin davamında Həzrət Ayətullah Xamenei Qəzza hadisələri ilə bağlı 3 mühüm məqamı vurğuladı: 1. Sionist canilər və onların himayədarları mühakimə olunmalı və layiqli cəzalarını almalıdırlar; 2. Qəzza əhalisinin misilsiz mübarizəsi təqdirəlayiqdir; 3. Fələstin xalqına maddi-mənəvi cəhətdən dəstək olmaq lazımdır;

“İsrail rejiminin başında duranların Qəzzada törətdiyi açıq-aşkar cinayətlər böyük bir tarixi faciə və soyqırımıdır” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Həm günahkarlar, həm də onlara arxa duran imperialist himayədarları beynəlxalq miqyasda mühakimə olunaraq cəzalarını almalıdırlar – istər bu günahkarlar hakimiyyət başında olsun, istərsə də hakimiyyətdən kənarlaşdırılmış olsun. Dünya xalqları, xeyirxah və canıyanan insanlar məhz bunu tələb etməlidirlər”.

Ali Məqamlı Rəhbər Qəzza əhalisinin heyrətamiz dözümünün və təqdirəlayiq müqavimətinin bu olaylarda ikinci mühüm məqam olduğunu qeyd edərək dedi: “Qəzza əhalisi tamamilə blokada şəraitində olan bir bölgədə, əlindəki məhdud imkanların hamısını murdar, xəbis və qəddar sionistlərin gecə-gündüz davam etdirdiyi hücumlara yönəltmiş bir vəziyyətdə cəsarətlə müqavimət göstərərək mübarizə aparır”.

“Məzlum Qəzza əhalisinin müqavimət gücü və mübarizəsi hamı üçün böyük bir ibrət dərsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu ağlasığmaz müqavimət insanın, bir xalqın müqavimət qabiliyyətini göstərir. Allahın köməyi və mənəvi dəstəyi sayəsində son nəticədə o camaat öz düşməninə qalib gələcək”.

Ali Məqamlı Rəhbər İsrail rejiminin və onu himayə edib cinayətlərinə şərik olan Amerika və Avropa dövlətlərinin Qəzza əhalisinə atəşkəsi qəbul etdirməyə çalışdıqlarını qeyd edərək dedi: “Təcavüzkar düşmən hələ bu yerə qədər gördüyü işdən bax belə – it kimi peşmandır və atəşkəsə can atır. Bu, müqavimətin qələbəsinin göstəricisidir”.

O, əlavə etdi: “Elə buna görə də sionist canilərin himayədarları da Qəzza əhalisinə atəşkəsi qəbul etdirməklə İsrail rejimini xilas etməyə çalışırlar”.

Ali Məqamlı Rəhbər 3-cü mühüm məqam kimi, imperializm cəbhəsinin siyasi liderlərinin, o cümlədən ABŞ prezidentinin Həmasın, eləcə də Fələstin İslami Cihad Hərəkatının tərk-silah edilməsi ilə bağlı səsləndirdikləri fikirlərə, bu istiqamətdə göstərdikləri səylərə toxunaraq dedi: “Müqaviməti tərk-silah etməkdə məqsəd budur ki, Fələstin xalqını ən primitiv səviyyədə müdafiə etmək üçün müqavimət hərəkatının əlində olan məhdud imkanlar onun əlindən alınsın, sionist düşmən istədiyi vaxt Fələstinə zərbə endirsin, fələstinlilərin isə müqavimət göstərmək imkanı olmasın”.

Xütbələrin sonunda Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Körpə qatili olan İsrail rejimini himayə edənlərin düşündüyünə və çalışdığına tam əks olaraq, bütün dünya, o cümlədən İslam dünyası Fələstinə kömək etməlidir”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /