Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müqavimət iqtisadiyyatı diskursu ümumi bir tələbə çevrilməlidir

Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin elan edilməsinin ardınca – ötən gün (bazar ertəsi) İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hakimiyyətin hər 3 qolunun başçılarının iştirakı ilə iclas keçirdi. İclas zamanı bu siyasətlərin hansı yollarla gerçəkləşdiriləcəyi müzakirə edildi.

İclasın əvvəlində Həzrət Ayətullah Xamenei “Müqavimət iqtisadiyyatının siyasətlərinin icrası üçün yol xəritəsi”nin mümkün qədər tez bir zamanda işlənib hazırlanması istiqamətində müvafiq təlimatların verilməsinə xüsusi diqqət və təşəbbüskarlıqla yanaşdıqlarına görə hakimiyyət qüvvələrinin başçılarına qədirdanlığını ifadə edərək aşağıdakıları vurğuladı: “Müqavimət iqtisadiyyatının ümumi siyasətləri kompleks xarakterli və geniş əhatəli siyasətlərdir. Onların icrası da kompleks və əhatəli şəkildə həyata keçirilməlidir”.

“İqtisadi məsələlər və bu məsələlərdən qaynaqlanan problemlər ölkəmiz və xalqımız üçün ən mühüm mövzudur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əgər müqavimət iqtisadiyyatının ümumi siyasətləri ciddi surətdə izlənib həyata keçirilsə, ortamüddətli perspektivdə ölkə iqtisadiyyatının rövnəqlənəcəyinə, iqtisadiyyatımızın əsaslarının möhkəmlənəcəyinə və əhalinin problemlərindən bir qisminin həll olunacağına ümidlər böyükdür”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, hakimiyyət qüvvələrinin başçıları ilə iclas keçirməkdə məqsədi müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin həyata keçirilməsinin başlıca yollarını nəzərdən keçirməkdir. O dedi: “Bu siyasətlərin elan edilməsindən sonra hal-hazırda xalq onların icrasının və bundan qaynaqlanacaq müsbət təsirlərin intizarındadır. Odur ki hökumət, parlament və məhkəmə hakimiyyəti ciddi surətdə işə girişib hər bir sahədə özlərinə aid vəzifələri müəyyən edərək həyata keçirməlidirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin icrası prosesi ardıcıl və dönməz bir hərəkat kimi, qəti nəticə alınana qədər davam etdirilməli və hakimiyyətin hər üç qolu öz öhdəsinə düşən işlərə dəqiq nəzarət etməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin icrası üçün prosesə zidd mahiyyət kəsb edən bəzi qanunların aradan qaldırılmasına lüzum yaranarsa, parlament sözügedən qanunları üzə çıxararaq onları ləğv etməlidir. Həmçinin əgər bu siyasətlərin icrası bəzi əngəlləyici qərar və normaların ləğv edilməsini və yeni – asanlaşdırıcı normaların tətbiqini tələb edərsə, hökumət müvafiq əmr və sərəncamlarla bu tədbirləri həyata keçirməlidir ”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar daha bir məqamı qeyd edərək dedi: “Diqqətli olmaq lazımdır ki, yeni qanunlar və normativ aktlar qanunların çoxluğu və bir-biri ilə ziddiyyət təşkil etməsi üçün zəmin yaradacaq şəkildə olmasın”.

O, əlavə etdi: “Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin icrasına əngəl olan qanun və normaların ləğvi, yaxud ola bilsin, yeni qanun və normaların qəbul edilməsi ilə bu siyasətlərin daha rahat icrasına – hansı ki bu vəzifə əsasən hökumətin öhdəsinə düşür – yol açılacaq”.

Ali Məqamlı Rəhbər hökumətə aşağıdakı tövsiyəni verdi: “Müqavimət iqtisadiyyatının ümumi siyasətlərini izləmək və reallaşdırmaq vəzifəsini elə şəxslərə həvalə edin ki, bu vəzifənin icrası üçün  inqilabi stimula, xalqa xidmət ideologiyasına və lazımi səviyyədə  dini etiqada malik olsunlar”.

Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin həyata keçirilməsində hakimiyyətin üç qolu arasında koordinasiyanın son dərəcə vacib olduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Yeni qurumların yaradılmasından və paralel mahiyyətli fəaliyyətlərdən qəti surətdə çəkinmək lazımdır”.

Həzrət Ayətullah Xamenei müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin icrası üçün müvafiq mədəniyyətin formalaşdırılmasının, geniş əhatəli bir diskursun yaradılmasının da vacib məsələlərdən biri olduğunu qeyd etdi. O həmçinin dedi: “Bu siyasətlərin başlıca mehvərləri düzgün və məntiqi arqumentlər əsasında xalqa izah edilməlidir ki, tədricən cəmiyyətin müxtəlif sferalarında genişlənərək ümumi bir tələbə çevrilsin”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Müqavimət iqtisadiyyatı ilə bağlı diskursun yaradılması və onun ümumi bir diskursa çevrilməsi bir çox problemləri aradan qaldıracaq və işləri asanlaşdıracaq”.

“Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin başlıca mehvərlərindən biri xalqın iştirakı və iqtisadiyyatın xalqa yaxınlaşdırılması yollarıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ötən 35 il ərzində, özəlliklə də İslam İnqilabının qələbəsində və 8 il davam etmiş Müqəddəs Müdafiədə ölkəmiz xalqın iştirakı sayəsində saysız-hesabsız müsbət nəticələr əldə edib. Şübhəsiz ki, eynilə iqtisadiyyat sferasında da insanların əlində olan kiçik kapitalın ümumi iqtisadiyyat istiqamətinə yönəldilməsinin çox böyük köməyi və effekti olacaq”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Xalqın potensialından istifadə edərək hətta bir neçə nazirliyin öhdəsindən gələ bilməyəcəyi işləri həyata keçirmək olar”.

Həzrət Ayətullah Xamenei idxalat, qida təhlükəsizliyinin təmin olunması və strateji ehtiyatlar kimi məsələlərin də müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin başlıca mehvərlərindən olduğunu qeyd edərək aşağıdakıları vurğuladı: “Bu hallar istisna olunmaqla, bütün digər məhsullarda lüzumsuz idxalın qarşısı alınmalıdır”.

Sonda Ali Məqamlı Rəhbər dedi: “Hal-hazırda müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin icrası üçün lazımi zəmin mövcuddur və əgər hakimiyyətin hər üç qolu və bütün dövlət strukturları ciddi əzm və səy göstərsələr, Allahın köməyi ilə, bu iş çox gözəl bir şəkildə irəli gedəcək”.


Görüş zamanı ölkə başçısı cənab Ruhani çıxış edərək baş nazirə verdiyi son tapşırıqlara, habelə müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin icrası istiqamətində fəaliyyət proqramlarının hazırlanmasında, zaman bölgüsünün aparılmasında və başlıca iş metodlarının müəyyən edilməsində hökumətin İqtisadi Koordinasiya Komitəsinin daşıdığı məsuliyyətə toxunaraq dedi: “Bütün hökumət kabineti, doğrudan da, bu siyasətlərin zəruriliyinə inanır və nazirlər tam inamla onların icrasında qərarlıdırlar. Çünki hökumət müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin reallaşmasının ölkə iqtisadiyyatında dəyişiklik yaradacağına əmindir”.

“Qarşıda “Subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi proqramı”nın ikinci mərhələsinin icrası durur” – deyən cənab Ruhani əlavə etdi: “Elan edilmiş siyasətlərdə də vurğulandığı kimi, hökumət subsidiyaların istiqamətləndirilməsinin yaratdığı imkanlardan istifadə edərək istehsal, məşğulluq və sosial ədalət kimi mövzulara xüsusi diqqət yetirəcək”.

Ölkə başçısı müqavimət iqtisadiyyatının ümumi siyasətlərində qida təhlükəsizliyi və səhiyyə kimi mövzuların önəmli yer aldığına toxunaraq dedi: “Əhalinin qida təhlükəsizliyi və sağlamlığı işə başladığı ilk gündən etibarən hökumətin xüsusi diqqət göstərdiyi iki olduqca mühüm mövzudur. “Subsidiyaların istiqamətləndirilməsi proqramı”nın ikinci mərhələsində də əhalinin səhiyyə rifahının yüksəldilməsi başlıca mehvərlərdən biridir”.

Cənab Ruhani müqavimət iqtisadiyyatının ümumi siyasətlərində yer alan digər başlıca mövzular sırasında neft, qaz və neft-kimya məhsullarını qeyd edərək aşağıdakıları vurğuladı: “Dövlət neft və  qazın istehsalını artırmaqda qərarlıdır, eyni zamanda neft-kimya məhsullarının istehsalının genişləndirilməsi də hökumət proqramlarında önəmli yer tutur”.

Ölkə başçısının müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin icrası ilə bağlı qeyd etdiyi digər məqamlar azad iqtisadi zonaların, özəlliklə də müalicəvi turizm sektorunun imkanlarından daha artıq və düzgün istifadə olunması, ixracatın dinamikləşdirilməsi, insan resurslarında və elmi əsaslı iqtisadiyyatda dəyişikliklərin zəruri əhəmiyyəti oldu.

Görüş əsnasında çıxış edən İslami Şura Məclisinin sədri cənab Laricani də parlament nümayəndələrinin müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin icrası üçün lazımi zəmin yaratmaq istiqamətində səy göstərmələrini, hakimiyyətin hər 3 qolunun bu siyasətlərin icrası naminə əzmkarlıq nümayiş etdirmələrini son dərəcə əhəmiyyətli hesab etdiyini dedi.

Parlament sədri müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin icrası üçün zəruri zəmin sayıla biləcək amillər sırasında istehsalat sektoruna xüsusi diqqət yetirilməsini, yerli mütəxəssislərdən və özəl sektordan istifadəni, lüzumsuz idxalın qarşısının alınmasını qeyd edərək dedi: “Parlament biznes mühitinin yüngülləşdirilməsi üçün əlverişli qanunlar qəbul edib və hal-hazırda investorların fəaliyyəti, özəl sektorun imkanlarından istifadə üçün qanun baxımından heç bir maneə yoxdur”.

Cənab Laricani həmçinin bunu da vurğuladı ki, kütləvi informasiya vasitələri iqtisadi problemlərə və prioritetlərə xüsusi diqqət ayırmalı, siyasi mövzuları önə çəkməkdən çəkinməlidirlər.

Görüş zamanı Məhkəmə Hakimiyyətinin sədri cənab Amoli Laricani də müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin iqtisadiyyatın şəffaflaşdırılması və sağlamlaşdırılması, korrupsiyaya yol aça biləcək amillərlə mübarizə ilə bağlı olan 19-cu bəndinə toxunaraq dedi: “Məhkəmə Hakimiyyəti iqtisadi korrupsiyaya qarşı mübarizədə öhdəsinə düşən vəzifələri ciddi şəkildə və tam gücü ilə yerinə yetirməklə yanaşı, sağlam iqtisadi fəaliyyətləri də dəstəkləyəcək”.

Müqavimət İqtisadiyyatı diskursunun yaradılmasının mühüm və vacib olduğunu vurğulayan cənab Amoli Laricani əlavə etdi: “Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin reallaşdırılmasında mühüm məsələlərdən biri də cəmiyyətdə əmək mədəniyyəti mövzusuna xüsusi diqqət ayrılmasıdır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /